Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya fərdi kompüterlər bazarında 2011-ci ildən ilk dəfə artım qeydə alınıb


2019-cu ildə dünyada fərdi kompüterlərin satış həcmində son səkkiz ildə ilk dəfə artım qeydə alınıb. Bu barədə “IDC” və “Gartner” analitik şirkətlərinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “IDC” şirkəti tərəfindən ötən ilin yekunları üzrə bazarın həcmi 266,7 milyon (2,7 faiz artım) ədəd qiymətləndirildiyi halda “Gartner” nümayəndələrinin fikrincə, fərdi kompüterlərin satışı 261,2 milyon ədəd təşkil etməklə 0,6 faiz artıb. Hər iki şirkətin statistikasına qoşulan klaviaturaya malik fərdi kompüter, noutbuk və planşetlərin satışı daxildir. Lakin “Gartner” şirkəti tərəfindən “Chromebook” qurğularının satışı nəzərə alınmayıb. Bu bazar ilin yekunları üzrə son artımı 2011-ci ildə nümayiş etdirib.

 

Şirkətlərin analitikləri tərəfindən satış artımı “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən köhnə fərdi kompüterlərin yenilənməsi ilə izah olunur: istifadəçilər “Windows 7” əməliyyat sisteminin texniki dəstəyinin dayandırılacağı ilə əlaqədar yeni qurğular alıblar. “Microsoft” korporasiyasının istifadəçiləri “Windows 10” sisteminə keçməyə çağırmasına görə onların əksər hissəsinin tövsiyəyə əməl etməsi ehtimal olunur. Lakin yanvarın 14-dən “Windows 7” əməliyyat sisteminin dəstəklənməsinin dayandırılması onun idarəetməsi ilə işləyən fərdi kompüterlərin tam işləməyəcəyi demək deyil. Hazırda “Windows 7” sistemi “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlərin 1/4 hissəsində quraşdırılıb.

 

İstehsalçılar arasında bazarın liderlərinə gəldikdə, “IDC” və “Gartner” versiyasına görə ilk beşliyə “Lenovo”, “HP”, “Dell”, “Apple” və “Acer” şirkətləri daxildir. Dünyada satılan fərdi kompüterlərin təqribən 80 faizi onların payına düşüb. Bununla yanaşı, “Lenovo”, “HP” və “Dell” şirkətlərinin satışında artım qeydə alındığı halda, “Apple” və “Acer” istehsalçılarının fərdi kompüterlərinin satış həcmi cüzi azalıb.

 

Nizam Nuriyev






15/01/20    Çap et