Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur şirkətlər koronavirusa görə “MWС 2020” sərgisində iştirak etməyəcək


“Sony” və “Amazon” şirkətləri Çinin Uhan şəhərində yayılan koronavirusa görə Barselonada keçiriləcək “Mobile World Congress 2020” sərgisində iştirakdan imtina ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, məlumata görə, bundan əvvəl oxşar addımı “LG”, “ZTE”, “Nvidia” və “Ericsson” şirkətləri də ataraq Barselonada dünyanın ən böyük mobil texnologiyalar sərgisi çərçivəsində keçiriləcək müxtəlif tədbirləri ləğv ediblər.

 

“Sony” nümayəndələrinin sözlərinə görə, şirkət tərəfindən alıcı və müştərilərin təhlükəsizliyinə böyük əhəmiyyət verilməsi ilə əlaqədar tədbirdə iştirak etməməklə bağlı qərar qəbul edilib.

 

Oxşar mövqedən “Sony” şirkətindən fərqli olaraq indiyədək sərginin aktiv iştirakçısı olmayan “Amazon” servisi də çıxış edib.

 

Sərginin təşkilatçısı qismində çıxış edən “GSM” Assosiasiyası bu yaxınlarda koronavirusun yayılmasının qarşısının alınması üçün həyata keçiriləcək növbəti tədbirləri açıqlayıb. Belə ki, epidemiyanın yayılmağa başladığı Çinin Hubey əyalətindən olan heç bir turistə sərgidə iştiraka icazə verilməyəcək.

 

Qeyd edək ki, “Mobile World Congress 2020” sərgisi fevralın 24-27-də İspaniyada keçiriləcək.

 

Nizam Nuriyev






11/02/20    Çap et