Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” koronavirusdan qoruyacaq maska hazırlayıb


“Xiaomi” şirkətinin törəməsi olan “Huami” şirkəti koronavirusdan qoruya biləcək üz maskası hazırlayıb. Bu haqda brendin nümayəndələri “TechCrunch” nəşrinə telefon müsahibəsində məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, bazardakı ucuz analoqlardan fərqli olaraq “Aeri” maskası plastikdən və filtrasiya edən elementlərdən hazırlanıb. Aksesuarın özəlliyi materialların şəffaf olmasıdır, yəni onu taxarkən istifadəçinin sifəti görünəcək. “Huami” şirkətinin rəsmisinin sözlərinə görə, bu xüsusiyyət maska sahiblərinə üztanıma funksiyasına malik smartfonlardan istifadəyə imkan verəcək.

 

Həmçinin “Aeri” maskası filtrasiya edən elementlərin dezinfeksiyası üçün lazım olan daxili ultrabənövşəyi lampa ilə təchiz edilib. Dezinfeksiya 10 dəqiqə davam edir və istifadəçi maskanı USB vasitəsilə enerji mənbəyinə qoşan andan başlanır. “Huami”nin nümayəndəsi bildirib ki, belə üsul yalnız aksesuarın daxili komponentlərini təmizləyir, maskanın üz hissəsini əllə dezinfeksiya etmək lazım olacaq.

 

“Aeri” maskasının qoruyucu filtrinin istifadə müddəti 1,5 aydır, bundan sonra onu dəyişmək lazımdır. Qurğunun modulyar konstruksiyası əlavə detallar satın almağa və qoruyucu vasitəni müasirləşdirməyə imkan verir.

 

Emil Hüseynov






18/05/20    Çap et