Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koronavirusun monitorinqi üçün sistem istifadəyə verilib


"Google" və "Apple" şirkətləri "COVID-19" koronavirus infeksiyasına yoluxan insanlarla kontaktların izlənilməsi üçün mobil əlavələr yaratmağa imkan verən ilk sistem (Exposure Notification API) təqdim ediblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, "iOS" və "Android" əməliyyat sistemlərinə sistem səviyyəsində tətbiq ediləcək yeni sistem sayəsində istifadəçilər xəstələrlə potensial kontaktlar barədə məlumatlar əldə edəcəklər. Maraqlıdır ki, şirkətlər tərəfindən proqramlar yaradılmır və yalnız tərtibatçılar üçün tibbi təşkilatların rəsmi əlavələrinə inteqrasiya olunan texniki vasitələr təqdim edilir.

 

Məlumata görə, təşəbbüsdə iştirak könüllülük prinsipinə əsaslanır: insan yoluxduğunu bildiyi zaman bu barədə məlumat verəcək. Bu halda səhiyyə xidmətinə məxsus xüsusi proqramı quraşdıran və müəyyən vaxt ərzində yoluxan şəxsin yanında olan bütün istifadəçilərə bildiriş göndəriləcək.

 

Həm "iPhone", həm də "Android" smartfonları arasında "Bluetooth Low Energy" (BLE) yaxın əhatə dairəsi protokolu vasitəsilə məlumat mübadiləsi aparılacaq. "GPS" və ya mobil rabitə qüllələri siqnallarından fərqli olaraq "Bluetooth" insanın fiziki olduğu yeri müəyyənləşdirməyə imkan vermir.

 

Yeni sistem geolokasiyanın izlənilməsi əvəzinə, siqnalları yaxınlıqdakı smartfonlardan 5 dəqiqəlik intervalla qəbul etdikdən sonra onları məlumat bazasında qeyd edəcək. "COVID-19" haqqında müsbət diaqnoz barədə məlumat verən insanın anonimliyini qorumaq üçün ona məxsus qurğunun məlumatları yox, göstəricisi hər 15 dəqiqədən bir dəyişən anonim açar ötürüləcək.

 

Tibb müəssisələri "COVID-19"-a yoluxma riskini standartlara uyğun qiymətləndirmək hüququnu qoruyacaq.

 

Nizam Nuriyev






21/05/20    Çap et