Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir sıra şirkətlər yeni sürətli məlumat ötürmə standartını dəstəkləyib


Ötən il “Xiaomi”, “vivo” və “OPPO” şirkətləri smartfonlar arasında sürətli məlumat ötürmə texnologiyasının yaradılması məqsədi ilə səylərini birləşdiriblər. Bu dəfə isə mobil qurğuların bu funksiyanı dəstəkləyəcək brendlərin siyahısının genişlənməsi məlum olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “fayl alyansı”na qoşulma barədə “OnePlus”, “realme”, “Black Shark” və “Meizu” şirkətləri bəyan edib. Bu brendlərin, eləcə də “Xiaomi”, “vivo” və “OPPO” şirkətlərinin smartfonlarının sahibləri kənar mobil əlavələrdən istifadə etmədən 20 Mbit/saniyə sürətində bir-biri ilə müxtəlif fayl mübadiləsi edərək şəkil, audioyazı, video, sənəd və digər kontenti göndərəcəklər.

 

Yeni texnologiya mahiyyət etibarilə uzun illərdir “Apple” qurğularında istifadə edilən “AirDrop” funksiyasının analoqudur. Qeyd etmək lazımdır ki, “Share OneHop” adlı oxşar texnologiyaya “Huawei” və “Honor” şirkətləri malikdir, bu il isə “Samsung” şirkəti “Quick Share” funksiyasını istifadəyə verib və “Google” tərəfindən müvafiq variant hazırlanır. Bununla belə, “fayl alyansı”nın əsas üstünlüyü müxtəlif brendlərə məxsus qurğularda universallıq və əlçatanlıqdır.

 

Sürətli məlumat ötürmə texnologiyası dəstəyinin yeni modellərdə tətbiqi gözlənilir.

 

Nizam Nuriyev






22/05/20    Çap et