Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenovo Chromebook Flex 3i” noutbukunun ekranı 360 dərəcə dönür


"Lenovo" şirkəti "Chrome OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Chromebook Flex 3i" adlı portativ kompüter təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, model transformer (şəklini dəyişən) noutbuklar sinfinə aiddir. Belə ki, 11,6 düym diaqonallı ekran 360 dərəcə dönə bilir. Bu, qurğudan həm planşet, həm də digər rejimlərdə istifadəyə imkan verir. Displey "HD" (1366 × 768 piksel) təsvir ölçüsünə malikdir.

 

Noutbuk "Gemini Lake Refresh" nəslinə aid "Intel Celeron N4020" prosessoru ilə təchiz olunub. Ona 1,1-2,8 QHs takt tezlikli iki nüvə və "Intel UHD 600" qrafik kontrolleri daxildir. Qurğu 4 giqabaytlıq "LPDDR4-2400" operativ yaddaşa malikdir.

 

Bundan başqa, portativ kompüter "Wi-Fi 5" və "Bluetooth 4.2" simsiz rabitə adapterləri, 32/64 giqabayt tutumlu "eMMC" fləş toplayıcısı, 2 vatlıq stereofonik dinamiklər və 720 pikselli veb-kamera ilə təchiz edilib.

 

Həmçinin iki "USB Type-C" portu, iki "USB 3.1 Gen1" çıxışı, "microSD" slotu və qulaqcıq üçün 3,5 millimetrlik çıxış nəzərdə tutulub. Enerji 45 vatt-saat tutumlu akkumulyator batareyası tərəfindən təmin edilir. Qurğunun ölçüləri 17,8 × 290 × 207,8 mm, çəkisi 1,2 kq təşkil edir.

 

"Lenovo Chromebook Flex 3i" noutbukunun təxmini qiyməti 330 dollara bərabərdir.

 

Nizam Nuriyev






04/06/20    Çap et