Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk “Huawei” fərdi kompüteri nümayiş olunub


Çinin "BiliBili" servisində "Huawei" fərdi kompüterini nümayiş etdirən videoçarx dərc edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, "Huawei" şirkətinin bu kateqoriyalı ilk məhsulu "Kunpeng 920" platforması üzərində qurulub. Test zamanı fərdi kompüter "4K" təsvir ölçülü videonu nümayiş etdirib və digər vəzifələri yerinə yetirib.

 

Bildirilir ki, "Kunpeng" prosessorları ilk növbədə serverlər üçün nəzərdə tutulub. İstehsal xətti lisenziyalaşdırılmış "ARMv8" arxitekturası əsasında yaradılıb. Konfiqurasiyalara 64-dək nüvə daxildir.

 

Minimum bir modelin masaüstü kompüterlərdə istifadəsi nəzərdə tutulur. Videoda nümayiş olunan fərdi kompüterdə səkkiznüvəli və səkkizaxınlı 7 nanometrlik "Kunpeng 920" prosessoru, eləcə də "Huawei D920S10" ana platası istifadə olunub. Kompüterə "Linux" əsasında işləyən Çin şirkətinə məxsus 64 nüvəli "UOS" əməliyyat sistemi quraşdırılıb. Bundan başqa, yeni qurğu 16 giqabaytlıq "Kingston DDR4-2666" operativ yaddaşı, 256 giqabayt tutumlu "SATA" bərkcisimli toplayıcısı, optik disklər üçün ötürücü ilə təchiz edilib.

 

Videoçarxda qeyd olunur ki, "UOS" sərbəst işləyir, intuitiv interfeysə malikdir. Fərdi kompüter "Yeston RX550" videokartı sayəsində 60 kadr/saniyə sürətində "4K" formatlı videonu dəstəkləyir. O, "Blender BMW" testinin öhdəsindən 11 dəqiqə 47 saniyə ərzində gəlib ki, bu da əksər müasir prosessorların nəticəsindən xeyli zəifdir.

 

Bundan əvvəl verilən məlumatlarda "Huawei" şirkətinin qiyməti 1061 dollara bərabər masaüstü kompüter buraxmağa hazırlaşması bildirilib.

 

Nizam Nuriyev

 

https://www.youtube.com/watch?v=Q99ccKqG3bA&feature=emb_title






06/07/20    Çap et