Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia 6300 4G” smartfonu təqdim edilib


“Nokia” brendi ilk dəfə 2007-ci ildə təqdim edilmiş “Nokia 6300” düyməli telefonunu yeniləyib. Yenilənmiş model LTE şəbəkələrini və “Google Assistant”, “WhatsApp” və “YouTube” daxil olmaqla bir sıra müvafiq proqram və funksiyaları dəstəkləyir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Nokia 6300 4G” adlı telefon 320x240 piksel təsvir ölçülü 2,4 düymlük displey və fənər kimi istifadə edilə bilən fləş kamera ilə təchiz edilib. Yeni aparat danışıq rejimində 8,2 saat, gözləmə rejimində isə 27 gün işləyir.
 
Qurğu “Qualcomm Snapdragon 210” prosessoru, 512 MB əməli yaddaş, həmçinin “Bluetooth”, “Wi-Fi” və “GPS” modulları ilə təchiz edilib. İki SİM kart dəstəkləyən telefon standart rəqəmli klaviaturadan başqa 3,5 mm-lik qulaqlıq üçün konnektor və “microSD” üçün slota malikdir.
 
Öncədən quraşdırılmış proqramlar siyahısına “WhatsApp”, “Facebook”, “YouTube”, “Google Maps”, həmçinin QR kod skaneri, brauzer və PDF formatında faylların oxunması üçün proqram daxil edilib. “Google Assistant”ın köməyi ilə funksiyaların səsli idarəetməsi də dəstəklənir. Qurğunun plastik korpusu 4 rəng variantında hazırlanıb: yaşıl, göy, boz və ağ.
 
“Nokia 6300 4G” aparatı artıq Çində satışa çıxarılıb. Qiyməti 61 dollardır.
 
Emil Hüseynov





22/12/20    Çap et