Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” simsiz smartfonlar üçün maqnit akkumulyatoru təqdim edəcək


"Apple" şirkəti son nəsil smartfonları enerji ilə doldurmaq üçün maqnit akkumulyatoru hazırlayır. Bu haqda öz mənbələrinə istinadən "Bloomberg" agentliyi məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, agentliyin məlumatına görə, artıq 1 ildir yenilik üzərində işləyən "Apple"ın mütəxəssisləri ötən ilin oktyabrında keçirilmiş "iPhone 12" smartfonlar xəttinin təqdimatından bir neçə ay sonra onu geniş kütləyə təqdim etməyi planlaşdırırdılar.

 

Simsiz akkumulyator daha sürətli enerji doldurulmasını təmin etmək üçün nəzərdə tutulmuş "MagSafe" qurğusu ilə uyğun olacaq. Akkumulyatorun korpusu, ehtimal ki, ağ rezinləşdirilmiş materialdan hazırlanacaq.

 

1976-cı ildə təsis edilmiş "Apple" şirkəti "iPhone" smartfonundan başqa, "MacBook" noutbukları, "iPad" planşet kompüterləri, "iMac" kompüterləri, "iPod" musiqi pleyerləri və başqa yüksəktexnologiyalı texnika istehsal edir. Mənzil-qərargahı Kupertinoda yerləşən korporasiyanın bazar kapitallaşması 1,2 trilyon dolları ötür.

 

Emil Hüseynov






22/02/21    Çap et