Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG Gram 360” noutbuku 16 və 14 düym ekranlı versiyalarda hazırlanıb


“LG Electronics” şirkəti nazik və yüngül “Gram” portativ kompüterlər seriyasını genişləndirərək “Intel Tiger Lake” aparat platforması üzərində qurulan “Gram 360” modelini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, seriyaya 16 və 14 düym ekranlı modellər daxildir. Ekranlı qapağı 360 dərəcə döndərərək noutbuku planşet iş rejiminə keçirmək mümkündür. Hazırda yalnız böyük versiyanın təsvir ölçüsü açıqlanıb – “WQXGA” (2560 × 1600 piksel). Həmçinin “DCI-P3” rəng məkanı 100 faiz əhatə olunub.

 

Transformerlər (şəklini dəyişən) “Intel EVO” sertifikasiyasına malikdir: “Iris Xe” qrafik sürətləndiricisinə malik on birinci nəsil “Core” prosessorundan istifadə olunub. Operativ yaddaş tutumu 8 giqabayt, quraşdırılmış yaddaş 256 giqabayt təşkil edir.

 

Kompüterlər alüminium və maqnezium ərintisindən hazırlanmış möhkəm korpusa malikdir. Çəkisi 1480 qram təşkil edən böyük versiya enerjini 80 vatt-saat tutumlu akkumulyatordan alır.

 

Hər iki noutbuk “Obsidian Black” (qara) rəngdə təklif olunacaq. Bundan başqa, 16 düymlük model üçün “Quartz Silver” (gümüşü), 14 düymlük üçün “Topaz Green” (yaşıl) nəzərdə tutulub. Qiymətlər müvafiq olaraq 2010 və 1880 dollar arasında dəyişir.

 

Nizam Nuriyev






23/02/21    Çap et