Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn il Azərbaycanın kosmik həyatında mühüm il olacaq


“Gələn il Azərbaycanın kosmik həyatında mühüm il olacaq. Çünki Azərbaycanın ilk süni rabitə peykinin orbitə buraxılması üzrə işlərin 2012-ci ilin dördüncü rübündə başa çatdırılması planlaşdırılır.

Artıq peykin inşasına başlanılıb. Hazırda ikinci peykin buraxılması üçün layihə hazırlanır. Yaxın vaxtlarda bununla bağlı tender elan ediləcək” - bu sözləri Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərlə müsahibəsində deyib.

Layihənin ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 85 faizi xarici kreditlər, qalan 15 faizi isə dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilir. Artıq müvafiq xarici banklarla bununla bağlı kredit müqavilələri imzalanıb.

Nazir deyib ki, “Azərkosmos”un məqsədi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən ibarətdir. Layihə kommersiya xarakteri daşıyır.

İlkin məlumata görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 ildə qaytarılması nəzərdə tutulur.

Ə.Abbasov əlavə edib ki, Azərbaycan peykin imkanlarının yalnız 20 faizindən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40 faizi Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur.

Azərbaycan milli peyki Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini, Asiyanın isə yarısını əhatə edəcək. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.
 





23/12/11    Çap et