Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 11” sisteminin dəstəklədiyi prosessorlar açıqlanıb


“Windows 11” əməliyyat sisteminin yayılması köhnəlmiş prosessorlar səbəbindən məhdudlaşdırılacaq. Bu barədə “The Verge” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Microsoft” nümayəndələrinin “Windows 11” sisteminin buraxılışından əvvəl bildirdiyinə görə, prosessorlara qarşı tələblər yüngül olacaq. Lakin jurnalsitlər qeyd edib ki, şirkət dəfələrlə fərdi kompüterlərin sistem tələbləri səhifəsini yeniləyib. Aktual məlumatlara görə, yeni əməliyyat sistemi səkkizinci nəsildən (Coffee Lake) başlayaraq “Xeon Skylake-SP”, “Xeon Cascade Lake-SP”, “Xeon Cooper Lake-SP” və “Xeon Ice Lake-SP” kimi “Intel” prosessorlarını dəstəkləyir.

 

“Windows 11” sistemi tərəfindən dəstəklənən “AMD” prosessorları sırasında “Ryzen 2000” və daha yeni çiplər, eləcə də ikinci nəsil “EPYC” və digər qurğular sadalanır.

 

Jurnalistlərin sözlərinə görə, belə siyasətlə “Windows 10” sisteminin idarəetməsi ilə işləyən milyonlarla kompüter yeniləmədən məhrum ola bilər.

 

Bundan başqa, müəlliflər tərəfindən müəyyən edilib ki, yeni nəsil əməliyyat sistemini hazırda şirkətin mağazasında 3500 dollara satılan aktual “Microsoft Surface Studio 2” hibrid kompüterinə quraşdırmaq mümkün olmayacaq.

 

İyunun 24-də təqdim edilən “Windows 11” əməliyyat sistemi “Windows 10” istifadəçiləri üçün pulsuz olacaq.

 

Nizam Nuriyev






30/06/21    Çap et