Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Symantec” antivirus məhsullarının mənbə kodlarını ələ keçiriblər


“Symantec” antivirus şirkəti dünən, yanvar ayının 6-da təsdiq edib ki, şirkətin artıq köhnəlmiş 2 korporativ həllinin mənbə kodları hakerlər tərəfindən ələ keçirilib və internetdə yerləşdirilib.

Şirkətin bəyanatında bildirilib ki, dərc edilmiş kodlar 4-5 il bundan əvvəl çıxarılmış köhnə məhsullara aiddir. Həmçinin qeyd edilib ki, şirkətin şəbəkəsi “qırılmayıb”, kibercinayətkarlar mənbə kodlarını hansısa "üçüncü tərəf" vasitəsilə ələ keçirə biliblər.

"Biz araşdırmaya davam edirik, yeni informasiya toplayırıq və detalları araşdırırıq ki, məlumat itkisinin  mənbəyini dəqiq təyin edək" - şirkətin mətbuat xidmətindən bildiriblər.

“Symantec” şirkətinin mətbuat katibi Kris Paden təsdiq edib ki, mənbə kodlarının dərc edilməsinin şirkətin satılan müasir məhsullarına heç bir təsiri yoxdur.

"Əldə olan informasiyaya əsasən, mənbə kodları ələ keçirilən məhsullar – bu, “Symantec Endpoint Protection 11.0” və “Symantec Antivirus 10.2”-dir. Hər iki məhsul korporativ bazar üçün nəzərdə tutulub və hər iki məhsul təxminən 5 il əvvəl çıxarılıb" - Paden bildirib.

Şirkət bildirib ki, bəzi korporativ istifadəçilər əvvəlki kimi yuxarıda göstərilən məhsullardan istifadə edirlər və “Symantec” şirkəti hal-hazırda bu istifadəçilərin kompyuterlərinin müdafiəsi üzrə xüsusi tədbirlər hazırlayır.

Qeyd edək ki, “Symantec” şirkətinin antivirus mənbələrinin dərc edilməsinin arxasında rəsmi versiyaya əsasən, Hindistanın “Lords of Dharmaraja” haker qruplaşması dayanır. Qrup nümayəndələri sübut kimi mənbə kodlarının əhəmiyyətli hissəsini “Pastebin” saytında və “Google+” şəbəkəsində yerləşdiriblər.

“Lords of Dharmaraja” qrupunun iştirakçıları bildiriblər ki, onlar  informasiyanı ələ keçirmək üçün proksi kimi Hindistanın bir sıra hökumət serverlərindən istifadə ediblər. Bu, hakerlərin real izlərini gizlətməyə imkan verir.

“İmperva İT” şirkətinin təhlükəsizlik üzrə direktoru Rob Reçvaldın sözlərinə əsasən, bugünkü gündə bu hadisənin “Symantec” şirkətinin reputasiyasına nə qədər güclü təsir edəcəyini demək hələ tezdir, lakin aydındır ki, artıq “Symantec” şirkəti məhsullarının mənbə kodlarını partnyor və hökumət agentlikləri arasında daha ehtiyatla yaymalı olacaq.

“Bir çox antivirus alqoritmlərinin əksəriyyəti 1 il yarım mövcud olur. Aydındır ki, “Symantec” şirkəti 5 il ərzində mənbə kodlarını minimum 3 dəfə əhəmiyyətli dərəcədə dəyişdirib" - Reçvald qeyd edib.





07/01/12    Çap et