Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur fayl mübadiləsi xidməti bağlanıb


Virciniyanın (ABŞ) federal ittihamçıları məşhur “Megaupload” fayl mübadiləsi xidmətinin bağlanması haqqında qətnamə çıxarıblar. Buna səbəb isə xidmətin qeyri-leqal məzmunu yaymasıdır.

“Megaupload” fayl mübadiləsi xidmətində məzmunun bir hissəsi pulsuz yayılırdı, bəzi hissəsinə görə isə pul alınırdı. Bundan əlavə, resursun yaradıcıları yüksək sürətdə premium-giriş hesabının verilməsi və reklam nəticəsində də gəlir əldə edirdilər.

“Megaupload” xidmətində təxminən 150 milyon qeydiyyatdan keçmiş istifadəçi var idi və o, nə vaxtsa ən çox ziyarət edilən  veb-saytların siyahısında 13-cü yerdə olub.

Artıq xidmətin bir neçə meneceri, həmçinin resursun 37 yaşlı təsisçisi Kim Dotkom (Kim Dotcom) həbs edilib. Onlar qeyri-leqal multimedia məzmununun yayılmasına kömək etməkdə təqsirli sayılırlar.

“Anonymous” haker qrupu “Megaupload” xidmətinin bağlanmasına dərhal cavab verib. Belə ki, ABŞ-ın bir hökumət təşkilatlarının saytlarına, mediaşirkətlərə kütləvi hücum edilib. Saytların bir çoxuna bir neçə saat ərzində daxil olmaq mümkün olmayıb.





21/01/12    Çap et