Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron xidmətlərin tətbiqi qiymətli kağızlar bazarında artım potensialı yaradıb


Azərbaycanın qiymətli kağızlar bazarının infrastrukturunun təkmilləşdirilməsi və xidmətlərin effektivliyinin artırılması üzrə 2011-ci ildə bir sıra təşəbbüs həyata keçirilib.

Belə ki, Azərbaycan Respublikası prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) internet səhifəsində elektron xidmətlər bölməsi istifadəyə verilib.

Bundan başqa, Bakı Fond Birjası (BFB) ilə Milli Depozit Mərkəzi (MDM) arasında fasiləsiz ticarəti təmin edən elektron əlaqə sistemi istismara verilib. Nəticə etibarilə, birja əqdlərinin operativliyi yeni səviyyəyə qaldırılıb, MDM-də saxlanmaya cəlb edilən aktivlər əhəmiyyətli dərəcədə artıb və xidmət sahələri üçün artım potensialı yaranıb.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitədən qeyd edilib ki, mütəşəkkil bazarda ədalətli qiymətlərin və şəffaf bazarın formalaşdırılması məqsədilə BFB-də ticarət-əməliyyat sistemi təkmilləşdirilib.

Qiymətli kağızlarla əqdlərin ədalətli bazar dəyərinin formalaşdırılması üçün zəruri mexanizmlərin tətbiqinə başlanılıb. Hesabat dövründə MDM və BFB-də idarəetmə proseslərinin təkmilləşdirilməsi ilə əlaqədar hər iki qurumun idarəetmə orqanları qabaqcıl korporativ idarəetmə standartlarına uyğun olaraq funksionallıq bölgüsü prinsipi ilə yenidən təşkil edilib.

Ötən müddətdə qiymətli kağızlar bazarına dair normativ-hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması təşəbbüsləri də davam etdirilib.

Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “2010-2012-ci illər ərzində Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı” ilə QKDK-ya həvalə olunmuş tədbirlər icra olunub.

Belə ki, Mülki Məcəlləyə əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

Layihə səhmdar cəmiyyətlərində mühüm iştirak payının əldə edilməsi, yenidən təşkil edilməsi zamanı səhmdarların hüquqlarının müdafiəsi, təsis edilməsi və kapitallarının dəyişilməsi, emissiya prospektinin dərc edilməsi, həmçinin emitentlərin insayder siyahılarının tərtib və təqdim edilməsi ilə əlaqədar tənzimləyicinin səlahiyyətlərinin tətbiqi üzrə Avropa Parlamentinin və Şurasının direktivlərinin müddəalarını özündə əks etdirir.

Bundan başqa, Mülki Məcəllənin 4-cü fəslinin səhmdar cəmiyyətlərinin tənzimlənməsinə dair maddələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında da qanun layihəsi hazırlanıb.

Bu layihə isə maliyyə şəffaflığı prinsipləri və korporativ idarəetmənin tətbiqinin qabaqcıl beynəlxalq korporativ idarəetmə prinsiplərinə uyğunlaşdırılması məqsədi daşıyır.

Həmçinin, korporativ idarəetmənin tətbiqi ilə əlaqədar səhmdar cəmiyyətlərinin məsuliyyətinin artırılması və təsir tədbirlərinin gücləndirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə də əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsi hazırlanıb. Hər iki layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.





24/01/12    Çap et