Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?


Kompyuter bazarının bir çox iştirakçıları Taylandda baş vermiş daşqından  müxtəlif dərəcədə zərər çəkiblər. Xüsusən, fərdi kompyuterin (FK) əsas komponentlərindən biri olan sərt disk istehsalında defisit yaranıb. Bununla belə şirkətlər (“Western Digital”, “Seagate” və digərləri) “HDD” istehsalını əvvəlki vəziyyətə qaytarmağa çalışırlar.

Artıq “Western Digital” (WD) rəhbərliyi sərt disk istehsalının tam bərpa müddətinin 2012-ci ilin üçüncü rübündə olacağını bildirib. “PC World” internet-nəşrinin məlumatına görə, şirkət daşqının nəticələrinin aradan qaldırılmasına artıq təxminən 200 milyon dollar xərcləyib.

Bununla belə “Western Digital” şirkəti 2011-ci ilin oktyabr ayından dekabra kimi olan dövr ərzində bazara 28,5 milyon sərt disk tədarük edib. Bu isə keçənilki göstərici (52.2 milyon) ilə müqayisədə 2 dəfə aşağıdır.


İri prosessor istehsalçıları olan “İntel” və “Advanced Micro Devices” (AMD) şirkətləri, həmçinin daşqınla əlaqədar problem yaşadıqlarını qeyd ediblər. Belə ki, “AMD” şirkəti ötən rüb üzrə qrafik çip seqmentində satışların 10% (382 milyona qədər) azalması haqqında bildirib.

”İntel” korporasiyası, həmçinin problem yaşayıb. Lakin bu, şirkətin 2011-ci ilin dördüncü rübünün nəticəsinə əsasən, 12.9 milyard dəyərində mədaxil   əldə etməsinə mane olmayıb. Bütövlükdə 2011-ci il üzrə mədaxil isə 54 milyard dollar təşkil edib.

“İntel”in Britaniya bölməsinin rəhbəri Qrem Palmer (Graham Palmer) “BBC”-yə verdiyi müsahibəsində bildirib: "Biz yeni FK bazarlarında güclü artım görürük. İstifadəçilər hər gün təxminən milyona yaxın kompyuter alırlar. Braziliya, Rusiya, Hindistan və Çin kimi inkişaf etməkdə olan  bazarlarda artım üçün daha böyük potensial var".

“Gartner” analitik firmasının hesablamalarına görə, sərt disk çatışmazlığı 2012-ci ilin birinci yarısı ərzində hiss olunacaq.
 





26/01/12    Çap et