Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

27 düymlü ekrana malik ilk işçi stansiya


2012-ci ilin aprel ayında “Hewlett-Packard” şirkətinin “İntel” korporasiyasının aparat platformasında hazırlanmış “Z1” stolüstü kompyuteri satışa çıxarılacaq.

İstehsalçı bəyan edib ki, “Z1” dünyada monoblok tipli korpusda hazırlanmış 27 düymlü ekrana malik ilk işçi stansiyadır. “IPS” panellə olan ekran 2560×1440 piksel təsvir ölçüsünə malikdir.

Stolüstü kompyuter minimal konfiqurasiyada 3,33 QHz takt tezlikli ikinüvəli  “Core i3-2120” prosessoru, maksimal konfiqurasiyada isə 3.5 QHz takt tezlikli dördnüvəli “Xeon E3-1280” server çipi ilə təchiz edilib. Məlumatların saxlanılması üçün 2 TB tutuma malik sərt disk təklif edilir.

Yeniliyin arsenalında “HD” video (1080p) formatını dəstəkləyən 2 meqapikselli kamera, “Blu-ray” optik qurğusu, 2 ədəd “USB 3.0” və 4 ədəd “USB 2.0” portu var. Kompyuterin altlıqla birlikdə ölçüləri 660×584×419 mm təşkil edir. Əməliyyat sistemi kimi “Windows 7” və ya “SUSE Linux Ent Desktop 11” quraşdırıla bilər.
İşçi stansiya satışa 1900 dollar qiymətinə çıxarılacaq.





15/02/12    Çap et