Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda mobil cihazların qeydiyyat mərkəzi yaradılır


Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq, ölkə ərazisində mobil cihazların qeydiyyat mərkəzi yaradılır.  “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən yaradılan mərkəzin məqsədi mobil cihazların qeydiyyat sisteminin (MCQS) tətbiqidir.

 Mərkəzdə Azərbaycanın telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, bu qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı nəzərdə tutulub. Mərkəz işə düşdükdən sonra MCQS vasitəsilə qeydiyyatsız, oğurluq və klon cihazların İMEİ kodları vasitəsilə identifikasiya olunaraq mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq. 

Qeyd edək ki, fevral ayından Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların İMEİ kodlarının monitorinqinə başlanılıb.  İMEİ kodların monitorinqi Azərbaycana qeyri-leqal idxal olunan və ölkənin mobil rabitə şəbəkələrində istifadə olunan mobil cihazları üzə çıxarmağa imkan verəcək.

Monitorinq nəticəsində saxta İMEİ kodları olan mobil cihazlar da aşkar olunacaq. Monitorinq nəticəsində aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.  Şəbəkədən məhdudlaşdırma prosesi mobil cihazların qeydiyyat sisteminin (MCQS) istifadəyə verilməsindən sonra planlaşdırılır.


HƏQİQƏT





20/02/12    Çap et