12px13px15px17px
Tarix:02/03/12

Poçt markalarına tələbat gündən-günə artır

Azərbaycanda poçt markalarına tələbat gündən-günə yüksəlir. Buna səbəb respublikadan göndərilən və yazılan məktubların sayının hər gün artmasıdır. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Azərmarka" şirkətinin baş redaktoru Riad Ələkbərov məlumat verib.

R.Ələkbərov qeyd edib ki, “Azərmarka" şirkətinin dövriyyəyə buraxdığı markalar əsasən poçt üçün nəzərdə tutulur: ”Bizdə Filateliya köşkü var. Filatelistlər bunu ayrı alırlar. Amma markaların əsas istiqaməti poçt üçündür.

Bu markalar həmişə məktublarda istifadə olunur və elə bu məqsədlə də buraxılır. Hazırda da respublika daxilində, eləcə də ölkədən kənarda markalara tələbat daim artır”.
Markaların tarixinə gəlincə, Azərbaycan  suveren dövlət kimi ilk dəfə olaraq poçt markalarını 1919-cu ilin oktyabr ayında buraxmağa başlayıb.

Bu dövr 4 bədii rəsmlə işlənmiş 10 bədii marka ilə təmsil olunur. Markaların üzərində insan əməyindən və fəaliyyətindən bəhs edən süjetlər, memarlıq abidələri kimi təsvirlər yer alıb.

1920-ci il aprelin 28-də Sovet imperiyasının Azərbaycan Demokratik Respublikasını (ADR) devirməsindən sonra həmin ilin dekabrından 1921-ci ilin aprel ayına kimi ADR-in poçt markalarının təkrarı müxtəlif qalınlıqda olan boz və ağ kağızlarda buraxılıb. Markaların tarixində növbəti mərhələ Azərbaycan Sovet Sosialist Respublikasının dövrünə düşür.

  Bu dövrün poçt markaları 1921-ci ilin oktyabrından 1922-ci il yanvarına qədər poçt dövriyyəsinə buraxılıb. 15 ədəd müxtəlif nominallı dişsiz markalarla yanaşı, əlavə olaraq, bu illərdə iki xeyriyyə poçt markası da buraxılıb.

“Azermarka.az”ın məlumatına görə, 1921-ci ilin oktyabr ayından 1923-cü ilin sentyabr ayına kimi poçt tarifi dəyişdikcə, qeyd olunan markalar üzərinə yeni nominallar müxtəlif üsullarla çap edilib. 1922-ci ildən 1991-ci ilə kimi Azərbaycan ərazisində SSRİ-nin poçt markaları poçt ödənişi üçün tətbiq olunub və Azərbaycanın görkəmli xadimlərinə, memarlığa, faunaya həsr olunmuş 60-a yaxın poçt markası buraxılıb.

1991-ci il oktyabrın 18-də ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycanda 1992-ci ildən bu günədək "Azərmarka" şirkəti tərəfindən 100 mövzuda 563 orijinal süjetli, müxtəlif çalarlarda təmsil olunmuş siyasi motivlərə, dövlət atributlarına, görkəmli xadimlərə, idmana, floraya, faunaya, memarlığa və tarixə aid poçt markaları, 9 ədəd aviazərf və 1 ədəd poçt kartı buraxılıb.

Ötən ilin markalarına gəlincə, 2011-ci ildə onların əsas mövzuları "Rabitə Bakı" voleybol klubu - FİVB klublararası dünya çempionu, “Azərbaycanda telefon rabitəsinin yaranmasının 130 illiyi”, “Abbas Zamanovun 100 illiyinə həsr olunmuş marka”, “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”,  “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına namizədliyi 2012/2013”  olub. Bundan başqa, keçən il markalar “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü”, “Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 20 illiyi”, “Rabitə sahəsində Regional Əməkdaşlıq təşkilatının yaradılmasının 20 illiyi”, “Nizami Gəncəvinin 870 illiyi” kimi mövzulara həsr olunub. 2011-ci ildə “Gömrük Muzeyinin xəzinəsi”, “Azərbaycan Respublikasının Ordenləri”, “Eurovision  2011”, “Azərbaycan Respublikasının Avropa Şurasına qoşulmasının 10 illiyi” adı ilə markalar da dövriyyəyə buraxılıb. Ötən ilin “Tematik planı”nda “İnsanın kosmosa ilk uçuşunun 50 illiyi”, “Qarabağ atları”, “İtlər”, “İlanyeyən”, “Payızgülü”, “Avropa 2011. Meşələr. Buklet” kimi mövzular da üstünlük təşkil edib.

Qeyd edək ki, suveren dövlətin atributlarından biri kimi qəbul olunan poçt markalarının buraxılışında əsas məqsəd dövlətçiliyin və onun nüfuzunun möhkəmləndirilməsidir.
 
HƏQİQƏT
 




Baxış sayı: 1905

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024