12px13px15px17px
Tarix:29/03/13

"Azərpoçt" “İndeks və ünvanların axtarışı” məlumat bazasını istifadəyə verib

"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni elektron məlumat bazasını formalaşdıraraq cəmiyyətin istifadəsinə təqdim edib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.

«İndeks və ünvanların axtarışı» adlanan bazanın artıq "Azərpoçt"un rəsmi internet səhifəsində (www.azerpost.az) yerləşdirildiyini vurğulayan N.Məmmədovun sözlərinə görə, burada əsas məqsəd poçt məktubların göndərişində ünvanların və indekslərin düzgün yazılmasını təmin etməkdir. Onun sözlərinə görə, əvvəllər bir çox hallarda vətəndaşlar indeksləri səhv yazırdı və bunun nəticəsində də məktublar təyinatı üzrə deyil, başqa yerlərə gedirdi:

«Bəzən indeks səhv yazılırdı və indeksə görə ünvan dəyişik düşürdü. Beləliklə də məktub 2 gün ərzində ünvanına yetişməli olduğu halda həftələrlə yubanırdı. Bu gün Azərbaycanda dövriyyədə olan məktubların 80-85 faizi hüquqi şəxslər tərəfindən göndərilir. Hüquqi şəxslər də ünvanlar, indekslərlə bağlı dəqiqləşmələr aparmaqda çətinlik çəkirdilər. Doğrudur, müəyyən vaxt itkisi ilə, sorğu-suallarla indeksləri öyrənə bilirdilər. Lakin bəzən bu indekslər də səhv olurdu. Yəni dolayısı ilə yeni yaradılan sistem hər bir insana imkan verir ki, Azərbaycan Respublikası ərazisində hazırda fəaliyyət göstərən poçt filialları üzrə onun yerləşdiyi ünvanlar, onun tabeliyindəki poçt şöbələri, poçt şöbələrinin düzgün indeksləri üzrə zəruri məlumatları əldə edə bilsin və məktubları göndərməmişdən qabaq bu sistemdən dəqiq məlumatlardan istifadə etməklə zərflərin üstünü düzgün doldursun. Zərflər düzgün doldurulduqda da məktublar ünvanı üzrə dəqiq gedir və vaxtında da yetişir».

Sözügedən məlumat axtarış sisteminin çox sadə olduğunu önə çəkən N.Məmmədov deyib ki, sözügedən baza "Azərpoçt"un saytında «elektron xidmətlər» bölməsinin aşağısında yerləşdirilib. Onun sözlərinə görə, bazaya daxil olduqdan sonra Azərbaycanın elektron xəritəsi açılır: «Burada şəhər və küçə üzrə axtarış etmək mümkündür. Yəni əgər göndərdiyiniz ünvanın, küçənin adını bilirsinizsə, bu zaman onu qeyd etməklə indeksi əldə etmək mümkündür. Yeri gəlmişkən, onu da qeyd edək ki, küçənin adını bilmədiyiniz zaman da belə, indeksi tapmaq mümkündür. Yəni bu bazadakı elektron xəritəni yaxınlaşdırmaqda, küçənin üstünə gəlməklə onun adını öyrənmək mümkündür.

Beləliklə şəhərin adını, küçəni qeyd etdikdən sonra, avtomatik olaraq ünvanlar açılır və «siçan»ı bu ünvan nömrələrinin üzərinə vurmaqla indeksi öyrənmək olur.

Eyni zamanda elektron xəritədə avtomatik olaraq axtarılan ünvan göstərilir. Burada əsas məqsəd odur ki, bizim poçt xidmətindən istifadə edən istər hüquqi şəxslər, istərsə də fiziki şəxslər zərfləri göndərişə hazırlayarkən bu məlumatlardan istifadə edərək düzgün ünvan və indeksi göstərə bilsinlər.

Adətən poçt şöbələri məktubları ünvana görə deyil, indeksə görə çeşidləyir. Dünyanın hər bir yerində belədir. İndeksə görə çeşidləmə aparmaq daha rahatdır. Çünki bir poçt şöbəsinin ərazisində 10 küçə ola bilər. Bakı şəhərində 130 poçt şöbəsi var. Onların hərəsinin 10 küçəsinin hamısını da çeşidləyici yadda saxlaya bilməz. Amma indeksi yadda saxlamaq çətin deyil. İndeks həmin poçt şöbəsinin xidmət etdiyi ərazinin göstəricisidir.

Məsələn, AZ 1000. Bu zaman çeşidləyici AZ 1000 indeksinə aid olan məktubları seçir. AZ 1000-in özünün içərisində indeks üzrə küçələr də tapılır, qeyd olunur və həmin məktub rahatlıqla ünvanına çatdırılır».

Sözügedən baza haqqında cəmiyyətin məlumatlandırılmasının vacib olduğunu vurğulayan N.Məmmədov onu da əlavə edib ki, "Azərpoçt" bu məlumatı vətəndaşlara tam ödənişsiz formada təqdim edir:

«Bu xidmət insanlarımızın birbaşa rahatlığına, eyni zamanda poçt işçilərinin rahatlığına xidmət edir. Yəni istifadəçilər vaxt itirmədən, ora-bura getmədən mənzillərində, öz kabinetlərində əyləşərək indeksi öyrənə bilərlər, həm də vətəndaşlar əvvəlki kimi poçt işçilərinin vaxtını almadan, onlara əlavə sual vermədən istədiyi məlumatı əldə edə bilirlər. Əslində poçt işçisinin birbaşa vəzifəsi deyil ki, hər kəsə göndərdiyi məktub üçün indeksi öyrənib söyləsin. Amma ümumi işin xətrinə müraciət daxil olanda onları izah edirdi. Lakin belə olanda da poçt işçisi əlavə vaxt itirirdi. Amma bu cür baza istifadəyə verildikdən sonra daha istifadəçilərin poçta gəlib indeks öyrənməsinə ehtiyac qalmır. İndi poçt işçisinə şübhəli olan indeksləri də bu bazadan dəqiqləşdirə bilir».

SEYMUR



Baxış sayı: 8751

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024