12px13px15px17px
Tarix:03/07/13

Azərbaycanın poçt bazarı tam liberallaşdırılıb

Son 5 ildə Azərbaycanda  poçt sektoru dinamik inkişaf edib, gəlirlərin həcmi 1.8 dəfə artıb və orta illik artım tempi 16% təşkil edib. Azərbaycanın poçt bazarı tam liberallaşdırılıb.

Hazırda ölkədə 29 özəl  poçt operatoru və milli poçt operatoru olan “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, eyni zamanda Naxçıvan MR ərazisində Naxçıvan MR RİTN poçt  xidməti göstərir. Azərbaycanda milli ödəniş sisteminin inkişafında bütün ölkə ərazisini əhatə edən “Azərpoçt” MMC-nin poçt şəbəkəsindən platforma kimi istifadə olunması hökumət siyasətində təsbit olunub.

Bu məqsədlə Dünya Bankının maliyyə dəstəyi ilə “Maliyyə xidmətlərinin inkişafı” layihəsi həyata keçirilib və 2010-cu ildən “Azərpoçt” MMC bank sektorunun əsas iştirakçılarından birinə çevrilərək əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, müxtəlif bank-maliyyə xidmətləri də göstərməyə başlayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “İllik hesabat”ında dərc olunan məlumata görə, maliyyə xidmətlərinin göstərilməsi üçün  “Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi” yaradılıb və poçt şöbələrinin bu sistemə qoşulması təmin edilib; baş ofis və xidmət məntəqələri avtomatlaşdırılıb; Mərkəzi Bankdan (MB) 16 aprel 2010-cu il tarixdə lisenziya, habelə indiyədək 63 poçt filialı və 975 poçt şöbəsi üçün  icazə alınıb; bank infrastrukturunun beynəlxalq maliyyə və ödəniş  sistemlərinə inteqrasiyası prosesini tamamlamaq üçün “Azərpoçt” MMC-nin MB-nin AZİPS (Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi) və XÖHKS (Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi) daxili sistemlərinə, eləcə də “SWIFT” beynəlxalq sisteminə qoşulması tam başa çatdırılıb.

Bundan başqa, poçt filialı və poçt şöbələri sürətli beynəlxalq pul köçürmələri sistemlərinə (“Western Union”, “Stefi”,“Contact”, “Migom”, “Coinstar” və sair) qoşulub  və bu proses davam etdirilir; lokal debet kartlarının və “Master-Card” beynəlxalq ödəniş sisteminə qoşulmuş debet kartlarının emissiyasına başlanılıb, kadr hazırlığı məqsədilə yeni istiqamətlər üzrə müxtəlif təlimlər keçirilib.

Hazırda “Azərpoçt” MMC tərəfindən 7000-dən çox lokal və “Master Card” tipli əməkhaqqı kartı emissiya edilib. “Azərpoçt” MMC öz müştərilərinə 13 ədəd ATM və 55 ədəd POS-terminal vasitəsilə xidmət göstərir və bank infrastrukturunun genişləndirilməsi üzrə işlər davam etdirilir. Bu sahədə əsas hədəf  perspektivdə maliyyə xidmətləri bazarında 10 faiz gəlirə sahib olmaqdır.

Ölkə daxilində qeydiyyatlı poçt göndərişlərinin izlənməsi prosesinin təşkili başa çatdırılmaq üzrədir. Ümumdünya Poçt İttifaqının “Cricket” sorğu sistemi vasitəsilə 79 ölkə üzrə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə olunur.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 886

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024