12px13px15px17px
Tarix:18/06/15

Beynəlxalq poçtdaşımalarında fırıldaqçılığın qarşısı alınıb

Azərbaycanda internet istifadəçilərinin sayının çoxalması və poçt sisteminin inkişaf etdirilməsi həm elektron ticarətin həcminin böyüməsinə, həm də beynəlxalq poçtdaşımalarının artımına təsir edib.
 
Ölkə əhalisi arasında xarici ölkələrdən elektron qaydada alış-veriş edənlərin sayı günü-gündən artdığı bir zamanda hökumətin e-ticarəti dəstəkləməsindən və beynəlxalq poçtdaşımalarının üstünlüklərindən istifadə edənlər də öz ehtiyaclarını internet üzərindən həyata keçirirlər. Lakin bəzi şəxslər yaradılan şəraitdən sui-istifadə edərək fırıldaqçılıq yolu ilə Azərbaycan ərazisinə gömrük baxışından gizlədilməklə informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarını gətirməyə cəhd edirlər.
 
 Bununla bağlı məlumat yayan Dövlət Gömrük Komitəsi bildirir ki, son günlərdə bəzi işbazlar gömrük nəzarətindən yayınaraq əlavə qazanc əldə etmək məqsədilə respublikamıza göndərdikləri bağlamaların içərisində gizli şəkildə mobil telefonlar yerləşdirərək  onları qaçaqmalçılıq yoluyla ölkəmizin gömrük sərhədindən keçirməyə çalışır. Bakı Baş Gömrük İdarəsinin Poçt Göndərişlərinə Nəzarət Bölməsində bu qəbildən 4 faktın üstü açılıb və ümumilikdə  62 mobil telefon aşkar edilib.
 
 
Birləşmiş Ərəb Əmirliklərindən göndərilən, üzərində  alıcısının adı Əhməd Usubov kimi göstərilən və “generator” kimi bəyan edilən beynəlxalq poçt bağlaması rentgen aparatından keçərkən gömrükçülərdə şübhə doğurub. Aparılan yoxlama zamanı  bağlamadakı elektrik tənzimləyicinin içərisində gizlədilən 2 adda 20 ədəd mobil telefon Poçt Göndərişlərinə Nəzarət Bölməsinin əməkdaşları tərəfindən aşkar edilib.
Eyni ölkədən Sevda Kazımova adına göndərilən  və “piano” kimi bəyan olunan beynəlxalq poçt bağlaması  da “Rapiskan” markalı rentgen aparatı vasitəsi ilə baxış keçirilərkən Poçt Göndərişlərinə Nəzarət Bölməsinin əməkdaşlarını şübhələndirib. 
 
Yoxlama zamanı bağlamadakı  iki ədəd sintezatora oxşar musiqi alətinin içərisinə yerləşdirilən və gömrük nəzarətindən gizlədilən mobil telefonlar gömrükçülərin şübhələrini təsdiq edib. Bu fakt üzrə ümumilikdə 26 ədəd mobil telefonun qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb.
 
 
Birləşmiş Ərəb Əmirliklərindən beynəlxalq poçt göndərişləri vasitəsi ilə Bakı Baş Gömrük İdarəsi Poçt Göndərişlərinə Nəzarət Bölməsinə daxil olan,  “işıq” kimi bəyan olunan  və üzərində alıcısının adı Hilal Sadıxlı kimi göstərilən  beynəlxalq poçt bağlamasından isə 7 ədəd mobil telefon aşkar edilib.
 
 
Birləşmiş Ərəb Əmirliklərindən Günay Məhərrəmli adına göndərilən bağlamadan da qaçaqmal - mobil telefon aşkar edilib. Bakı Baş Gömrük İdarəsi Poçt Göndərişlərinə Nəzarət Bölməsində içərisindəki mal “piano” kimi göstərilən beynəlxalq poçt bağlaması gömrükçülər tərəfindən yoxlanılıb. Yoxlama zamanı  bağlamadakı sintezatora oxşar musiqi alətinin içərisindən  9 ədəd müxtəlif markalı mobil telefon aşkar edilib.
 
Faktlarla bağlı araşdırma aparılır.
 
SEYMUR



Baxış sayı: 780

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024