12px13px15px17px
Tarix:17/08/15

Azərbaycanda “Şəxsləndirilmiş” poçt markaları – şəkliniz markaların üzərini bəzəyə bilər

Tarixin ilk poçt markasının vətəni İngiltərədir. Bu haqda bəzi mübahisəli mülahizələr yürüdülsə də, çoxluq dünyanın birinci markalarının 1840-cı ildə məhz bu ölkədə meydana gəldiyini təsdiqləyir.
 
 
Adsız buraxılan marka və ya dünyanın ilk markasına verilən müstəsna hüquq
 
Bu gün bütün dünyada çoxsaylı markalar çap edilir, amma birincilik haqqının verdiyi "üstünlük" heç də onlara şamil edilmir. İstənilən poçt markasında onu buraxmış ölkənin adı latın hərfləri ilə qeyd edilir. Əgər markanın üzərində adlar yoxdursa, deməli, bu, Böyük Britaniyanın markasıdır. Bu gün Böyük Britaniya dünyada yeganə ölkədir ki, poçt markalarında öz adını çap etmir. Ümumdünya Poçt İttifaqı müxtəlif ölkələrdə markalara qarşı tələbləri müəyyənləşdirərək, bütün ölkələri poçt markasında ölkə-emitentin adını göstərməyə məcbur edir.

Böyük Britaniya isə qlobal dövriyyəyə ilk markanı buraxmış ölkə kimi bu vəzifədən azad edilir. "Qara penni" adı almış birinci marka 68 milyon tirajla çap edilib.
 
 
 
"Qara penni" ilə başlayan filateliya
 
Bu gün filateliyanın tarixini də "Qara penni" ilə müəyyənləşdirmək mümkündür. Marka və zərflərin kolleksiyasını əks etdirən filateliyanın özü də Beynəlxalq Filatelistlər İttifaqının (BFİ) əsas qoludur. Hazırda nadir poçt markalarının toplanılmasını, onların əsasında poçt və rabitə tarixinin araşdırılmasını, filatelist sərgilərinin təşkilini həyata keçirən BFİ-nin tarixi 1926-cı ildən başlayır. Paris konqresində yaranan ittifaq hazırda bir çox ölkələri, bu ölkələrin filatelistlərini özündə cəmləşdirir.
 
 
Səhvlər də qiyməti qaldırır
 
 
Bəs filatelistlərin diqqətini nə cəlb edir? İlk növbədə qeyd etmək lazımdır ki, kiçik tirajlı markalar yüksək qiymətə malikdir. Eyni zamanda dövriyyədə çox az qalan və ya çap vaxtı hansısa bir səhv buraxılmış markaları da bu kateqoriyaya aid etmək olar.
 
 
 
Markalar - ölkələrin gəlir mənbəyi
 
Əksər dövlətlər markaların satışından əhəmiyyətli qazanc da əldə edirlər. Məsələn, Lixtenşteyn, Trinidad, Tobaqo və başqaları poçt göndərişləri vasitələrinə (markalar, zərflər, açıqcalar) büdcənin gəlirli hissəsinin formalaşması alətlərindən biri kimi baxırlar.
 
 
Şokolad, limon, nanəli "Dadlı markalar"
 
Markalar yalnız gəlir mənbəyi və hobbi demək deyil. Əslində, markaların toplanılması və nadir markaların əldə olunması tam bir tədqiqat mövzusudur. Amma marka toplanışı əyləncə olmasa da, bu prosesi əyləncəyə çevirən ölkələrə də rast gəlinib. "Dadlı markalar"ın meydana gəlməsi də təsadüfi deyil. Məsələn, 1960-cı il Fransada məhz "Dadlı markalar" adlandırılan markalar dövriyyəyə buraxılır. Həmin markaları digərlərindən əsaslı şəkildə fərqləndirən bu idi ki, onların yapışqanına limon şirəsi, nanə və vanilin əlavə edilmişdi. Hətta istiot əlavə edilməklə də marka buraxılıb.
 
Bu markaları əks üzündən yalasan...
 
Nəhayət, 2013-cü ildə Belçikada da dadlı poçt markalarının seriyası satışa daxil oldu. Bu markalar şokolad kremindən tutmuş pralineyə qədər müxtəlif növ şokoladların tamını verə bilirlər. Sözügedən markalardan müxtəlif şirniyyatların qoxusunu duymaq olur, onları tərs üzündən yalamaqla şokolad dadını hiss etmək mümkündür.
 
 
Avstraliyadan dünyaya yayılan təcrübə
 
 
Beləliklə, filatelistlərin diqqətini çəkmək, eləcə də bu sahədə yeni məhsul və xidmətləri təqdim etmək üçün dövriyyəyə hər il yeni və maraqlı markalar daxil olur. "Şəxsləndirilmiş" markalar da məhz bu qəbildəndir. 1999-cu ildə Avstraliya maraqlı sınağa başlayır: markalara əlavə edilən kuponları fərdiləşdirməyi təklif edir. Bu kuponlarda xidmət istifadəçisi öz portretini, sevimli avtomobilinin şəkilini, hətta pişik balasının rəsmini verə bilərdi. Sınaq müştərilərin xoşuna gəlir və bu ənənə indiyə qədər Avstraliyada davam edir. Kuponlarla yanaşı, bu gün dünyada Kanada, Avstriya, Fransa, Almaniya, Yaponiya, Niderland, Lüksemburq, İspaniya, ABŞ kimi ölkələr "Şəxsləndirilmiş" markalardan istifadə etməyə başlayıb.
 
 
 
 
Azərbaycanda filateliya
 
 
Azərbaycana gəlincə, əvvəlcə onu qeyd edək ki, filateliya ölkəmizdə də inkişaf etmiş bir istiqamət sayılır. Bu gün fəaliyyəti xüsusi diqqət çəkən Azərbaycan Filatelistlər İttifaqı respublika müstəqillik qazanandan sonra -1998-ci ildə qeydiyyatdan keçib. İttifaqın sədri respublikanın tanınmış diplomatlarından olan Azərbaycanın Moldovadakı səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyevdir. Hazırda AFİ 135 nəfərdən artıq üzvü birləşdirir.
Filateliyanın ölkəmizdəki tarixinə gəldikdə, onu qısaca belə təqdim etmək olar: post-sovet məkanında filateliya istiqaməti SSRİ Rabitə Nazirliyinin nəzdində mövcud olur. 1957-ci ildə Bakıda ilk Cəmiyyət yaranır və o, Azərbaycan Kolleksiyaçılar İttifaqı adı ilə qeydiyyatdan keçir, həmçinin öz sıralarında tarixin köməkçi fənləri hesab edilən poçt markalarının toplanması - filateliya, sikkələrlə məşğul olan numizmatika, kağız pullarla məşğul olan bonistika, müxtəlif döş nişanları, orden və medallarla məşğul olan faleristika kimi istiqamətləri birləşdirir. Cəmiyyətdə filateliya ilə məşğul olanların sayının getdikcə həddindən artıq olması səbəbindən bu istiqamət 1968-ci ildə Cəmiyyətdən ayrılır və müstəqil Ümumittifaq Filatelistlər Cəmiyyəti yaradılır. Eyni zamanda Azərbaycan CCR Rabitə Nazirliyinin (RN) nəzdində Cəmiyyətin Azərbaycan bölməsi fəaliyyətə başlayır. Hazırda Azərbaycan Filatelistlər İttifaqının fəaliyyəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti ilə yaxın əməkdaşlıq üzərində qurulub.
 
 
Azərbaycanda "Şəxsləndirilmiş" markanı fiziki və hüquqi şəxslər bir suvenir kimi və ya poçt markası kimi sifariş edə bilər
 
 
Bəs Azərbaycanda "Şəxsləndirilmiş" markalardan kimlər hansı məqsədlə istifadə edə bilər? "Azərmarka" şirkətinin Redaksiya və filateliya şöbəsinin rəisi Əjdər Məmmədovun sözlərinə görə, "Şəxsləndirilmiş" markanı fiziki və hüquqi şəxslər bir suvenir kimi və ya poçt markası kimi sifariş edə bilər: "Azərbaycanda bu markaların çapına ilk olaraq 7.11.2014-cü il tarixində keçirilən 9 noyabr Dövlət Bayrağı gününə həsr edilmiş "Bakıfilekspo-2014" IV Milli Filateliya sərgisində çapa başlanıb".
 
 
"Şəxsləndirilmiş" markanı əldə edən hər kəsin belə bir hüququ var
 
Şöbə rəisi deyir ki, "Şəxsləndirilmiş" markanın üzərində sifarişçinin şəxsi şəkili, yaxınlarının şəkilləri və hüquqi şəxslər öz müəssisələrinin loqotiplərini və sairə reklam xarakterli təsvirlərini yerləşdirə bilər. Bu markaları zərflərin üzərində də göndərmək mümkündür və  "Şəxsləndirilmiş" markanı əldə edən hər kəsin belə bir hüququ var. Amma bu markaların zərflərin üzərinə yapışdırılan adi markalardan hər hansı üstünlüyü və ya fərqi yoxdur.
 
 
Ölkəmizdə indiyə qədər 200-dən artıq belə marka çap edilib
 
Bəs bu markalara sahib olmaq üçün nə tələb olunur? Ə.Məmmədovun sözlərinə görə, "Şəxsləndirilmiş" poçt markaları sifariş edilərkən, sifarişçi bütün fotoları və yaxud informasiyanı elektron daşıyıcı vasitəsilə verməlidir: "Verilmiş sifarişin məbləği ödənilir və əldə olunur. Sözügedən markalar ölkəmizdə 1-ci Avropa Oyunlarının məşhur idmançıları üçün sifariş edilib. Ümumiyyətlə isə ölkəmizdə indiyə qədər 200-dən artıq belə marka çap edilib".
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1004

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024