12px13px15px17px
Tarix:07/09/11

Ölkədə elektron imzanın tətbiqinə başlanıldı

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron Hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının və digər qurumların nümayəndələrinin, həmçinin KİV-in iştirakı ilə elektron imzanın istifadəyə verilməsinə həsr olunmuş təqdimat mərasimi keçirilmişdir.

Bu münasibətlə mərasim iştirakçılarını təbrik edən Rabitə və informasiya texnologiyaları nazirinin müavini, Əlaqələndirmə Şurasının sədri İltimas Məmmədov ölkədə elektron imza sisteminin tətbiqi ilə bağlı görülmüş işlər, o cümlədən bu sahədə qəbul olunmuş qanunvericilik aktları haqqında geniş məlumat verdi.

O bildirdi ki, elektron imzanın tətbiqi üzrə Milli Sertifikat Xidmətləri Mərkəzi “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli Fərmanının icrası ilə bağlı yaradılaraq istifadəyə verilmişdir.

Qeyd olunmuşdur ki, Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyəti “Elektron imza və elektron sənəd dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativ sənədlərə əsaslanır.

Bu mərkəzin tərkibində ayrı-ayrılıqda dövlət orqanlarına, əhali və biznes qurumlarına elektron imza xidmətləri göstərmək üçün 3 mərkəz fəaliyyət göstərir. Əsas mərkəzin tərkibində “Elektron hökumət mərkəzi” və “Hökumət orqanları mərkəzi təşkil edilmişdir.

Elektron imza infrastrukturu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin elan etdiyi tender əsasında yerli “Ultra”, “Azerin” şirkətləri və “Microsoft” korporasiyasının ölkə nümayəndəliyindən ibarət konsorsium tərəfindən qurulub.

Dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün elektron imzadan istifadə qiymətləri beynəlxalq təcrübə nəzərə alınmaqla iqtisadi əsaslandırma nəticəsində müəyyən olunmuşdur. Əhali üçün güzəştli qiymətlər tətbiq edilmişdir.

Elektron imza xidmətindən istifadə etmək istəyən hüquqi və fiziki şəxslərin sənədlərinin qəbulu və onlara elektron imza sertifikatlarının verilməsi poçt şöbələrində yaradılmış qeydiyyat mərkəzlərində həyata keçiriləcəkdir.

Tədbirdə qeyd olunmuşdur ki, elektron imzanın tətbiqi əhalinin dövlət orqanlarının elektron xidmətlərindən istifadə imkanlarını genişləndirəcək, onlara daha təkmil, rahat və keyfiyyətli xidmətlərin göstərilməsini təmin edəcək, e-ticarətin və bütövlükdə informasiya texnologiyalarının inkişafını yeni mərhələyə çıxararaq ölkədə elektron hökumətin formalaşmasına ciddi təkan verəcəkdir.

Nazir müavini İ. Məmmədov Fərmana əsasən görülən tədbirlərin əhəmiyyətini vurğulayaraq, onların dövlət orqanlarının vətəndaş və təşkilatlarla qarşılıqlı əlaqələrinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət etdiyini bildirmişdir.

Tədbir zamanı iştirakçılar elektron imzanın yaradılma prosesi ilə əyani şəkildə tanış olmuşlar. İştirakçılara sertifikatların parametrləri, onların təhlükəsizliyi, e-imzanın əldə olunması və istifadəsi üçün lazımi prosedurlar, xüsusi olaraq yaradılmış  www.e-imza.az   saytı haqqında geniş məlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.



Baxış sayı: 2606

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024