12px13px15px17px
Tarix:10/05/19

Azərbaycanda “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” olacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə mayın 13-17-də “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək.

Sözügedən həftə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, habelə rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi üzrə prioritet hədəflərin icrası çərçivəsində təşkil olunur.

Həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyası arasında maliyyə və rəqəmsal texnologiyaların inkişafı, tətbiqinin genişləndirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulub. Memorandum əsasında ölkə səviyyəsində maliyyə və rəqəmsal texnologiyaların tətbiqi, onlardan istifadənin genişləndirilməsi, innovativ məhsul və xidmətlər, texnoloji nailiyyətlər üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması və təcrübənin bölüşülməsi, “fintex”lərin fəaliyyətinin dəstəklənməsi və onların maliyyə şirkətləri, həmçinin banklarla əməkdaşlığının gücləndirilməsi və digər sahələrdə birgə əməkdaşlıq üzrə vahid platforma formalaşdırılacaq.

Eyni zamanda, Maliyyə Bazarlarına Nəzarət Palatası, digər aidiyyəti dövlət qurumları, Azərbaycan Banklar Assosiasiyası, habelə rəqəmsal transformasiya sahəsində qabaqcıl banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatların iştirakı ilə silsilə tədbirlər keçiriləcək. Belə ki, bir sıra banklarda fintexlər üçün “Açıq qapı” günləri, universitet tələbələrinin rəqəmsal laboratoriyalara səfəri və həyata keçirilən layihələrlə tanışlıq, bank mütəxəssislərinin rəqəmsal ödənişlər və innovativ texnologiyalar, habelə kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə maarifləndirici tədbirlər təşkil ediləcək.

“Visa Inc.” beynəlxalq kart təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) kimi beynəlxalq təşkilatlarının ekspertləri tərəfindən rəqəmsal ödənişlərdə alternativ xidmət kanallarından istifadə, ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə mövzusunda seminarlar keçiriləcək. Həmçinin ödəniş ekosistemində innovasiyaların tətbiqi və rəqəmsal bankçılığın inkişaf etdirilməsi mövzusunda beynəlxalq təşkilatlar ilə qarşılıqlı görüşlər olacaq.

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində 16-17 may tarixlərində “Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti” keçiriləcək. Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı bu sammitdə Avropa Banklar Federasiyası, IFC, “Vısa Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı və MDB ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edəcək.
 





Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024