waplog

Müraciətləri elektron formada qəbul olunan vətəndaşların mobil telefonlarına qısa məlumatlar göndəriləcək


Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 saylı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən göstəriləcək elektron xidmətlərin təşkili ilə bağlı məqsədyönlü işlər görülməkdədir. Bu fərmanın icrası olaraq ƏƏSMN-in  rəsmi internet informasiya resursu (http://www.mlspp.gov.az) yenilənib, resursda müvafiq bölmələr, o cümlədən, onlayn müraciət bölməsi (http://www.mlspp.gov.az/service.php) öz əksini tapıb.

“Elektron xidmət” bölməsində adıçəkilən nazirlik tərəfindən göstəriləcək elektron xidmət növlərinin adları, həmin xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahıları təqdim olunur. Bu xidmətlərin göstərilməsi üçün tələb olunan müvafiq sənədlərin elektron formasının yerləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə «İCTnews" elektron xəbər xidmətinə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev deyib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191№ -li qərarı ilə «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları» və «Elektron xidmət növlərinin Siyahısı» təsdiq edilib. Həmin siyahıda digər nazirlik və komitələrlə birgə ƏƏSMN tərəfindən göstəriləcək elektron xidmət sahələri də müəyyən olunub: «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2011-ci il tarixli 26/14-207 nömrəli məktubuna əsasən, nazirlik tərəfindən elektron xidmət növləri Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğunlaşdırılaraq bir daha dəqiqləşdirilmiş və NK-ya təqdim olunmuşdur. Bu elektron xidmətlərə “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”,  “Ünvanlı sosial yardım üçün e-müraciət”, “Dövlət sosial təminat xidmətləri üzrə e-növbə”,  “Sosial müdafiə tədbirləri barədə məlumatların əldə edilməsi”, “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı ilə bağlı e-müraciət və e-cavab”, “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi”, “Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün e-müraciət”, “Vakansiyalar və kvota üzrə iş yerləri barədə məlumatlandırma və axtarış sistemi”, “Peşəyönümü xidməti barədə məlumat əldə edilməsi, habelə peşə seçimi ilə bağlı onlayn testləşdirmə”, “İşəgötürənlərin Məşğulluq Xidməti orqanlarına hesabatlarının elektron formada təqdim olunması”, “İşsiz statusunun verilməsi və işsizlik müavinətinin təyin edilməsi haqqında məlumatın əldə edilməsi, eləcə də işsizlik müavinətinin məbləğinin hesablanması üçün kalkulyator”, “Əmək qanunvericiliyi (əmək məzuniyyəti, əmək müqaviləsinin bağlanması, sosial məzuniyyətlər, növbəli iş rejimi, məzuniyyət vaxtı əməkhaqqının hesablanması qaydası, əməyin mühafizəsi və s.) ilə bağlı e-sorğu” daxildir».
A.Əliyev əlavə edib ki, bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstəriləcək elektron xidmət sahələri üzrə inzibati reqlamentlər hazırlanıb.

Onun sözlərinə görə, «Elektron xidmət» bölməsinə müraciət edən şəxslər tərəfindən müvafiq qaydaya uyğun olaraq hazırlanmış sənədlərin «skan» edilmiş surətlərinin elektron formada qəbulu və bu barədə həmin sənədləri göndərən şəxsə cavab olaraq təsdiqetmə bildirişinin göndərilməsi təmin edilir: «Eyni zamanda, elektron formada göndərilmiş sənədlərə qanunvericilikdə müəyyən olunmuş qaydada və müddət ərzində  baxılır. «Elektron xidmət» bölümündəki digər xidmət bölmələrinin də fəaliyyətinin təmin edilməsi  istiqamətində işlər aparılır».

Göstərilən xidmətlərə görə rüsumların nəzərdə tutulmadığını önə çəkən A.Əliyev deyib ki, elektron xidmət bölümü vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin təminatı üçün zəruri texniki işlər görülür: «Belə ki, elektron xidmətlər üzrə daxil olan bütün məlumatlar əvvəlcədən filtrasiya edilir və bu, hansısa bir ziyanlı kod, yaxud digər mənfi təsirli alətlərin daxil edilməsinin qarşısını alır. Fərdi məlumatların saxlandığı verilənlər bazası xüsusi proqram təminatı ilə qorunur və daimi administratorlar tərəfindən nəzarətdə saxlanılır».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstəriləcək elektron xidmət növlərinin fəaliyyətinin təmin olunması istiqamətində görülən işlər barədə Nazirlər Kabinetinə ayda bir dəfə məlumatların təqdim edildiyini vurğulayan A.Əliyevin sözlərinə görə, nazirliyin fəaliyyət istiqamətlərindən biri olan ünvanlı dövlət sosial yardımı proqramının icrası üzrə alternativ müraciət mexanizmləri hazırlanıb və ilkin olaraq 2011-ci ilin iyul ayında Cəlilabad rayonunda, avqust ayında isə Balakən rayonunda həmin mexanizmlərin sınaqdan keçirilməsi prosesinə start verilib: «Cari ilin əvvəlindən isə ümumilikdə ölkə üzrə 27 rayonda alternativ müraciət mexanizmləri tətbiq olunur. Hazırda sənədləri elektron formada qəbul olunmuş vətəndaşların mobil telefon nömrəsinə onların müraciətinin statusu ilə bağlı qısa məlumatların göndərilməsi üçün müvafiq operator və şirkətlərlə danışıqlar aparılır».

A.Əliyev onu da vurğulayıb ki, dövlət orqanlarında funksional məsələlər üzrə informasiya sistemlərinin təşkili ilə bağlı olaraq, Dünya Bankının maliyyə dəstəyi ilə təmsil etdiyi nazirliyin əsas regional struktur bölmələrini əhatə edən korporativ kompyuter şəbəkəsi yaradılıb və mərkəzi aparatda server otağı yaradılaraq serverlər və müasir telefon stansiyası ilə təmin olunaraq dayanıqlı infrastruktur formalaşdırılıb: «Bu şəbəkə üzərindən ünvanlı sosial yardım sosial müavinət və təqaüdlər, əlillər, məşğulluq mərkəzləri, əmək müfəttişlikləri kimi bölmələr üçün hazırlanmış xüsusi proqram təminatları istismar olunur, məlumatlar isə uyğun serverlərdə toplanır.

Bundan başqa, Elektron Sənəd Dovriyyəsi (EMC Documentium) sistemi artıq tətbiq olunub, nazirliyin elektron portalı (SAP NetWeaver Portal), büdcənin proqnozlaşması (SAP Busines Intelligence), kimi proqram təminatları üzrə sınaq istismarına buraxılıb. Əlavə olaraq nazirliyin bütün struktur bölmələrini əhatə edə biləcək kompyuter və orqtexnika alınıb, regionlarla videokonferensiya sisteminin yaradılması, şəbəkənin sonluqlarının optik naqillərə keçirilməsi prosesinə başlanılıb».
 
Seymur QASIMBƏYLİ


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL