waplog

“Xalq kompyuteri”ni daha çox qadınlar alır


Hazırda "Xalq kompyuteri" layihəsi çərçivəsində 17888 ədəd kompyuter satılıb. Satılan kompyuterlərin 2842 ədədi paytaxtın, 15046 ədədi isə regionların payına düşür.  Bakı şəhərindən sonra ən çox kompyuter  1685 ədəd olmaqla Naxçıvan Muxtar Respublikasında, 795 ədəd isə Gəncə şəhərində satılıb.

Kompyuter alıcılarının 70%-i qadınlar, 30%-i isə kişilərdən ibarət olub. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "BestComp Group" şirkətindən məlumat verilib. Şirkətdən bildiriblər ki, satılan kompyuterlərin 80%-ni noutbuklar, 20%-ni isə fərdi kompyuterlər təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə, kompyuterlərin satış həcmində 6000 ədəd artım olub ki, bu da ümumilikdə təqribən 33 faiz təşkil edir. Şirkətdən, həmçinin məlumat veriblər ki, layihə çərçivəsində müasir standartlara cavab verən kompyuter modelləri təqdim olunur və mütəmadi olaraq yeni modellər əlavə olunur.

Qeyd edək ki, «Xalq kompyuteri» layihəsinin məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompyuterlər və lisenziyalı proqram təminatı əldə etmələri üçün şəraitin yaradılması, regionlarda İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) dayanıqlı tətbiqinin genişləndirilməsi vasitəsilə "rəqəmsal bərabərsizliyin" aradan qaldırılması, eləcə də Azərbaycan hökumətinin  informasiya cəmiyyətinin və "elektron hökumət"in inkişafına yönəldilmiş fəaliyyətinə dəstək olmaqdan ibarətdir. 

Hazırda layihə orta məktəb müəllimləri və şagirdlərinin, ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, dövlət qulluqçularının, həmçinin səhiyyə işçilərinin ailələrinə  faizsiz olaraq 12 ay müddətinə kreditlə və bazar qiymətlərindən 25-40% aşağı qiymətlərlə kompyuterə sahib olmaq imkanını təqdim edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təşkil olunan layihə "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir və təchizat isə "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Layihədə, həmçinin "Azercell" və "Azerfon" mobil rabitə operatorları iştirak edir. Kompyuterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu "Azərpoçt" MMC tərəfindən həyata keçirilir.


CAHANGİR
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL