waplog

“Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatdı


“Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi artıq başa çatıb. Müsabiqənin ilk mərhələsi qaydalara uyğun olaraq, mayın 15-də yekunlaşıb  və “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları” istiqamətləri üzrə təşkil olunan müsabiqəyə ümumi olaraq 1092 layihə təqdim edilib.

Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, “Elektron Təhsil” Respublika müsabiqəsinin II mərhələsinə keçən nominantlar 30 may tarixində elan olunacaq. Müsabiqənin I mərhələsinin sona çatmasına baxmayaraq, layihələr üzrə şərhlərin verilməsi, layihələrin ictimai müzakirəsi müsabiqənin finalına kimi mümkün olacaq.

Müzakirələrdə iştirak etmək və ya şərh yazmaq istəyənlərin  sayı 7 min nəfər təşkil edir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə“Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsindən məlumat verilib.

Komitədən qeyd edilib ki, müsabiqənin saytında qeydiyyatdan keçənlər əsasən müəllimlər, şagirdlər, valideynlər, tələbələr və təhsil üzrə mütəxəssislərdir: ”II mərhələyə keçəcək layihələrin ekspertizasını “Elektron Təhsil” Respublika müsabiqəsinin təşkilat komitəsi tərəfindən seçilmiş peşəkarlar və mütəxəssislərdən ibarət olan ekspertlər aparacaqlar. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq”.

Qeyd edək ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təhsil” müsabiqəsi “Microsoft Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “AZEDUNET”, “Ultra”, “Nar Mobile”, “HP” və “Mədəd” təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet  texnologiyalardan  tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL