waplog

Azərbaycanlılar Çinin xüsusi iqtisadi zonaların yaradılması sahəsindəki təcrübəsini öyrəniblər


İqtisadi inkişaf naziri Şahin Mustafayev çinli iş adamlarını Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, eləcə də sənaye parklarının yaradılması layihələrində fəal iştiraka dəvət edib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən qeyd edilib ki, Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri artıq yekunlaşıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Görüşlərdə İqtisadi İnkişaf Nazirliyi və Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum, İqtisadi İnkişaf Nazirliyi və Çinin Sincan-Uyğur Muxtar Rayonu hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılması haqqında Protokol, həmçinin AZPROMO ilə Çin və Avropa arasında Texniki və İqtisadi Əməkdaşlıq üzrə Assosiasiya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Səfər çərçivəsində Çinin iki şəhərində biznes forumlar da təşkil olunub. Biznes forumlarda informasiya-kommunikasiya texnologiyaları, bank, sığorta, sənaye, tikinti, konsaltinq, nəqliyyat, əczaçılıq, tekstil və s. sahələrdə fəaliyyət göstərən ümumilikdə 300-ə yaxın iş adamı iştirak edib.

Pekində və Quançjouda keçirilmiş biznes forumlar işgüzar dairələr tərəfindən maraqla qarşılanıb və iş adamları arasında əməkdaşlığa dair ilkin razılaşmalar əldə olunub. İkitərəfli əməkdaşlığın inkişafında ticarət əlaqələrinin əhəmiyyətini qeyd edən Ş.Mustafayev bu ilin 4 ayı ərzində Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin 60 faiz artdığını qeyd edib. Bildirilib ki, ticarət dövriyyəsinin daha da artırılması üçün hər iki ölkə böyük potensiala malikdir.

Bu gün Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çinli iş adamları uğurla fəaliyyət göstərirlər. 2004-2011-ci illər ərzində Çin kapitalına əsaslanan 40 şirkət qeydiyyatdan keçib. 1995-2011-ci illər ərzində Çin şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 102,5 milyon ABŞ dolları, neft-qaz sektoruna isə 598 milyon ABŞ dolları investisiya yatırılıb.

Çin şirkətlərinin iştirakı ilə dövlət sifarişi əsasında həyata keçirilən layihələrin ümumi dəyəri 417 milyon avro təşkil edir. Çində Azərbaycan kapitallı 16 şirkət qeydiyyatdan keçib ki, onlar tərəfindən bu ölkəyə təqribən 5 milyon ABŞ dolları həcmində investisiya yatırılıb.

Daha bir görüş Çinin Şenjen şəhərində keçirilib. Şəhərin vitse-qubernatoru Zhang Ven ilə görüşdə Şenjen ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Azərbaycan nümayəndə heyətinə məlumat verilib ki, Şenjen şəhəri əsasən informasiya-kommunikasiya texnologiyaları, maliyyə-bank, mədəniyyət və turizm sahəsində inkişaf edib və Çində ilk xüsusi iqtisadi zona məhz burada yaradılıb.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL