waplog

BMT rəsmisi: “Azərbaycanda hökumət internet, eləcə də informasiya texnologiyalarının hamıya əlçatan olması üçün əlindən gələni edir”


Artıq bir çox nüfuzlu, beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan bu dəfə də internetdə ümumi davranış qaydaları ilə bağlı maraqlı tərəfləri bir araya toplayacaq. Noyabr ayında Bakıda keçiriləcək "İnternet İdarəçilik Forumu"nun (Internet Governance Forum - IGF) təşkilatı məsələləri ilə bağlı ölkəmizdə olan BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin baş mütəxəssisi Vyaçeslav Çerkasov bununla bağlı "Rabitə dünyası"nın suallarını cavablandırıb.
 
İnformasiya açıqlığı ilə hüquqlar arasında balansı tapmaq üçün yeni yollar axtarılır
 
- İnternetin sərbəst, açıq, qlobal forum kimi qalmasına tərəfdar olan bəzi ölkələr onun idarə edilməsi fikri ilə razılaşmırlar. Sizin fikrinizcə, bu məsələnin hansı formada həlli daha məqsədəuyğundur?
 
- İnformasiya Cəmiyyəti ilə bağlı Tunisdə keçirilən hələ ilk sammitdə internet həmişə informasiyanın mübadiləsinə, əlçatanlığına, onun azad, sərbəst şəkildə  paylanmasına imkan verən, məhdudlaşdırılmayan element kimi nəzərdən keçirilib. Amma bu, bir neçə il əvvəl baş verib. Razılaşmaq lazımdır ki, zamanla bir çox şeylər, o cümlədən də texnologiyalar, informasiyaların ötürülmə sürəti, üsulları dəyişir. Bu dəyişiklik fonunda internet vətəndaşlarla yanaşı, dövlətlərə də xidmət edir.

Hazırkı dövrdə yeni texnologiyalar və onların vasitəsilə informasiyaların yayılması sürəti bir daha göstərir ki, belə bir şəraitdə internet istifadəçilərinin hüquqları yenidən nəzərdən keçirilməli və müəyyənləşdirilməlidir. Həmçinin, hökumət tərəfindən qorunmalı olan informasiyalar da balanslaşdırılmalıdır. İnformasiyanın yayılmasında müasir texnologiyalar və internetin imkanları kifayət qədər yeni sistemlər, mexanizmlər ortaya çıxarır. Hazırda informasiyanın hamıya əlçatanlığının təmin olunması ilə bağlı ciddi müzakirələr aparılır. Hesab edirlər ki, hökumətlər informasiya açıqlığını təmin etməlidirlər.

Eyni zamanda, avtomatik olaraq ortaya başqa sual çıxır:  hökumətlər nə qədər və hansı səviyyədə informasiyaların yayılmasına şərait yaratmalı, informasiya açıqlığını hansı formada təqdim etməlidirlər? Eləcə də vətəndaşlar hansı səviyyədə informasiyalarla təmin olunmalı və onlardan necə istifadə etməlidirlər? Bu məsələ yenə də çox həssas mövzunu qabardır. Şəxsi həyat və onunla bağlı məlumatların müdafiəsi anlayışı da var. Başqa tərəfdən, çoxları düşünür ki, ölkələrin informasiya açıqlığı məsələsi məhdudiyyətsiz olmalıdır. Halbuki ölkələr iqtisadi böhran zamanında ümumi iqtisadi prosesə xeyir gətirə biləcək yeni məhsullar yarada bilərlər.

Burada sual yaranır: kommersiya məqsədləri üçün özəl sektor bu məlumatlardan nə qədər istifadə hüququ əldə edə bilər?  Bu gün hazırlanmaqda olan konsepsiyada məhz bu məsələlər yenidən gözdən keçirilir, məsələyə yeni yanaşma yolları axtarılır. "IGF" kimi forumlar belə məsələlərin müzakirəsinə imkan verən platformadır. Müasir texnologiyaların inkişafı ilə insan hüquqlarının müdafiəsi arasında balansı tapmaq üçün beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin təcrübəsinin öyrənilməsi vacibdir.
 
İstənilən qanunvericiliyi vətəndaşların marağına cavab verən formada dəyişmək olar
 
 İyun ayında "İnternet azadlığı" mövzusunda Dublində keçirilən beynəlxalq konfransda da bir daha vurğulanıb ki, hər bir hökumət vətəndaşlarına internetdən maneəsiz istifadə etmələri üçün şərait yaratmalıdır. Bu sahədə bu gün hansı problemləri görürsünüz? 
 
- Hər bir ölkənin öz qanunvericiliyi var. Əgər hər hansı ölkə internetlə bağlı qərar qəbul edirsə, bunu öz qanunvericiliyinə əsasən həyata keçirir. Buna görə də internetlə təmin olunma vəziyyətinin harada isə çox, harada isə az olmasını demək doğru olmaz. Əgər İrlandiyada bütün əhali informasiya açıqlığı ilə tam təmin olunursa, deməli, buna həmin ölkənin daxili qanunvericiliyi imkan verir. Əgər hansısa ölkələr belə imkanı yarada bilmirlərsə, bu məsələ daxili qanunvericilik çərçivəsində baxılıb müzakirə oluna bilər. Çünki hamımız bilirik ki, ölkələrin qanunvericilikləri bir-birindən fərqlənir. Bir ölkədə qanunla icazə verilən hallar digər ölkələrdə məhdudlaşdırıla bilər. Hətta ABŞ, Fransa, İsrail kimi demokratik hesab edilən ölkələrdə də hər hansı məhdudiyyətlərin olması mümkündür. Amma qanunvericiliyi də insanlar, vətəndaş cəmiyyəti yaradır və qəbul edir. Deməli, onu da yeni formaya salmaq, dəyişmək mümkündür. Ona görə də istənilən qanunvericiliyi vətəndaşların marağına cavab verən formada dəyişmək və hazırlamaq olar.    

BMT-nin İnsan Hüquqları Şurası bu yaxınlarda ilk dəfə olaraq "İnternetdə söz    azadlığı" haqqında qətnamə qəbul edib. Bu qətnamə internetdə azadlığın təmini ilə bağlı vəziyyətin nə qədər xeyrinə olacaq?  

Sənədlə hələ ki tanış ola bilmədiyim üçün bu suala cavab vermək çətindir. Ola bilsin ki, bu məsələ hələ də müzakirə mərhələsindədir.  
 
Forumun öz ərazisində keçirilməsindən imtina edən ölkə olmayıb 
 
 Bakıda keçiriləcək "İnternet İdarəçilik Forumu"nda hansı məsələlərin müzakirəsi gözlənilir? 
 
- "IGF" çərçivəsində təxminən 98 məsələnin gündəmə gətiriləcəyi, "dəyirmi masa"ların keçiriləcəyi gözlənilir. Bunların da hər birinin öz istiqaməti olacaq. Çalışırıq ki, mövzuların heç biri təkrarlanmasın. Digər tərəfdən, bütün proqramlar 6 əsas istiqamət üzrə aparılacaq. Bu istiqamətlər arasında internetin inkişafı, informasiyanın yayılması, kibercinayətkarlıq, rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqlarının qorunması və s. var. Bu mövzular ətrafında seminarların təşkili nəzərdə tutulur.
 
Bu gün qarşılıqlı münasibətlərini, münaqişələrini kiberməkana keçirən ölkələr də var ki, BMT onların "Flame" kimi müxtəlif viruslar yaya biləcəyi ilə bağlı narahatlığını səsləndirib. Bu məsələ forumda gündəmə gətiriləcəkmi? 

BMT-nin Siyasi və Təhlükəsizlik məsələləri üzrə Birinci Komitəsi çərçivəsində mümkün silahın ümumi iqtisadiyyata göstərə biləcəyi neqativ təsirlər, internet məkanında kriminal qruplaşmalar, kibercinayətkarlıqla bağlı bütün məsələlərin həlli istiqamətində müzakirələrə başlayıblar. Bildiyim qədər, bu mövzu kifayət qədər yenidir və ona yanaşma, problemin həlli ilə bağlı müəyyən addımlar hələ ki yoxdur. Bununla bağlı İşçi Qrup tamamilə yeni yaradılıb və bu yaxınlarda bir neçə İşçi sessiyaların keçirilməsi nəzərdə tutulur və sözügedən məsələlər orada müzakirə ediləcək. Foruma gəlincə, bu mövzunun hər hansı İşçi Qrupa müzakirəyə təqdim edildiyinə əmin deyiləm. Amma fikrimcə, forum ənənəvi iştirakçılar üçün tamamilə açıq olduğundan burada da istənilən spiker internetdən istifadə etməklə hərbi münaqişələr yaratmaq, ondan silah kimi istifadə edilməsi məsələsini müzakirəyə çıxara və məsələ barədə çıxış edib fikirlərini deyə bilər. 

Forumun keçirilməsinə ev sahibliyi etmək üçün hansı kriterilər əsas götürülür? 

Ölkələrin seçimi əsasən ölkələrdən gələn rəsmi müraciətə uyğun olaraq aparılır. Forumu öz ərazisində keçirmək istəyən ölkələr məktubla bizə müraciət edə bilərlər. Eyni vaxtda bir neçə ölkənin müraciət etməsi mümkündür. Ölkənin seçimi üçün bizim standart proseduramız var. Həmin ölkəyə nümayəndə heyəti göndərilir və nümayəndələr bu ölkənin texniki imkanları, forumun keçiriləcəyi ərazi, o cümlədən bina, internetin əlçatanlığı və s.-lə tanış olur. Həmçinin ölkə öz ərazisində bu tədbirin keçirilməsinə razılıq verməsi ilə bağlı müvafiq sənədləri imzalayır, hərçənd bizim təcrübəmizdə forumun öz ərazisində keçirilməsindən imtina edən ölkə olmayıb.   
 
"Forum inkişaf edən uşaq kimidir"
 
Sizcə, bu forum internet sahəsində olan problemləri yetərincə gündəmə gətirib həllinə nail ola bilirmi? 

Forum inkişaf edən uşaq kimidir. O, təxminən 6 il əvvəl "dünyaya gəlib". Bu illər ərzində qoyulan məsələlərə daha təkmil yanaşma yolları araşdırılır. Çoxları üçün qəribə görünür ki, alimlər üçün informasiya mübadiləsi məqsədilə yaradılan internet sonradan nəhəng qlobal şəbəkəyə çevrilib.

Getdikcə o, nəinki yalnız informasiya mübadiləsi, eləcə də siyasi elementlərə, kommersiya məqsədlərinə  xidmət edən vasitəyə çevrilir. Ona görə də internet sürətlə inkişaf edən orqanizmi xatırladır. Forumun da əsas komponenti internetin sabit, sosial-iqtisadi inkişafa dəstək verməsini təmin etməkdir. Artıq hamı başa düşür ki, internet inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının dirçəldilməsinə dəstək ola bilər. İnternetdən iqtisadı inkişafın hərəkətverici, inkişafa yardım edən əsas element kimi istifadəsi hazırda diqqət mərkəzindədir.

Bu baxımdan, Keniyada keçirilən forum da özəl sektorla dövlət sektoru arasında əməkdaşlığın təməlini qoymuş oldu.  Məsələn, hazırda Keniyada fəal surətdə mobil bank sistemi üzrə pul köçürmələrində mobil rabitədən istifadə edilməsi ilə bağlı yanaşmanın hazırlanmasına başlayıblar. Halbuki əvvəllər Afrika ölkələrində evindən uzaq məsafədə işləyən işçinin ondan kilometrlərlə uzaqda yaşayan ailəsinə pul göndərməsi kifayət qədər kəskin problemə çevrilmişdi.

Təbii ki, özəl sektorun belə fəaliyyəti üçün Keniya hökuməti maliyyə və hüquq qanunvericiliklərində müvafiq dəyişikliklər etməlidir. Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrdə pulun cibdə gəzdirilməsi kriminalla bağlı ciddi problemlər yaradır. Ona görə də internet, mobil rabitə üzərindən belə proqramların hazırlanması özəl sektorla dövlət arasında əməkdaşlığı zərurətə çevirir. İnternet inkişaf etməkdə olan ölkələrin bax belə problemlərinin həllində əsas vasitəyə çevrilməkdədir.

 
Azərbaycan dünyada İKT sahəsində sürətlə irəliləyən ölkələrdəndir
 
Azərbaycanda internetin azadlığı ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? 

- Azərbaycanla bağlı ölkə və ölkədən xaric mətbuatla tanışlığımdan, həmçinin də İKT-nin inkişaf indeksindən bilirəm ki, ölkənizin öz əhalisini sürətli internetlə təmin edə bilməsi üçün kifayət qədər ciddi maddi-texniki imkanları var. Azərbaycanın istənilən məkanda rahatlıqla internetə çıxış imkanlarının olmasını görürəm. Bildiyim qədər, Azərbaycan iki əsas istiqaməti - enerji sektoru və İKT-ni prioritet elan edib.

Azərbaycan İKT sektorunun inkişafına görə hazırda aparıcı ölkələr sırasındadır. Hesab edirəm ki, bu da ölkə prezidentinin, informasiya-kommunikasiya texnologiyaları nazirinin xidmətləridir. İKT-nin inkişaf indeksinə görə, Azərbaycan dünyada İKT sahəsində sürətlə irəliləyən, inkişaf edən ölkələrdəndir. İKT-nin prioritet elan edilməsi hökumətin internetin, eləcə də informasiya texnologiyalarının hamı üçün əlçatan olmasından ötrü əlindən gələni etdiyini təsdiqləyən kifayət qədər ciddi faktdır.

- Yenə internetdə məsuliyyət məsələsinə qayıtmaq istərdim. Necə hesab edirsiniz, dünyada internet istifadəçiləri paylaşdıqları məlumatlar üçün nə qədər məsuliyyət daşıyırlar? Ümumiyyətlə, bu gün internetdən istifadə edənlər qarşı tərəfin hüququnu pozmamaqla bağlı öz məsuliyyətini dərk edirlərmi?
 
Burada ilk olaraq KİV yada düşür. Əsas informasiya daşıyıcılarının KİV olduğunu nəzərə alsaq, bu məsələdə əsas vəzifə ilk növbədə onların üzərinə düşür. Təəssüf ki, bəzi hallarda onlar tərəfindən də qeyri-peşəkarlığa yol verilir. Əgər mətbuat, KİV nümunə olmazsa, o zaman adi vətəndaşlardan nəyi gözləmək olar? Ona görə də hesab edirəm ki, bu sahədə əsas maarifləndiricilik missiyası və bu sahədə nümunə olmaq öhdəliyi məhz KİV-in üzərinə düşür. 

Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL