waplog

İsfəndiyar İbrahimli: “Rabitəçi əmək veteranları arasında kişilər, müharibə veteranları arasında isə qadınlar üstünlük təşkil edir”


Bu günlərdə vərəqlədiyim “Fəxri rabitəçilər” kitabının “Ön söz”ündə maraqlı fikrə rast gəldim: “Rabitəçilərin nə qışı var, nə yayı var, sevincdə, qəmdə payı var, üstümüzdə haqq sayı var”. Yayını-qışını rabitə aləmində keçirmiş insanlar bu gün Respublika Rabitə İşçiləri Veteranlar Şurası (RRİVŞ) ətrafında cəmləşiblər. “Bəs görəsən, sevincdə-qəmdə payı olan yaşlı kadrlar, təqaüdə çıxan rabitəçilər özləri hansı qayğılarla yaşayırlar”- deyib Respublika Rabitə İşçiləri Veteranlar Şurasının (RRİVŞ) sədri İsfəndiyar İbrahimlinin qapısını döydük.
 
RRİVŞ - yayını-qışını rabitəyə həsr edənlərin ocağı
 
- Respublika Rabitə İşçiləri Veteranlar Şurasının məlumat bazasında bu gün nə qədər üzv var?

-Hələ 70-ci illərdə Heydər Əliyevin rəhbərliyi zamanı veteranlara böyük qayğı göstərilirdi. Amma sonradan bu qayğı, demək olar ki, yaddan çıxdı. Hakimiyyətə ikinci dəfə qayıdan Heydər Əliyev məsələni yenidən qaldırdı və 1995-ci  ildə Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 50 illiyi ilə əlaqədar fərman imzaladı və Nazirlər Kabinetinin müvafiq qərarları verildi. Bunun nəticəsi olaraq, təkcə Bakı deyil, respublikanın rayonlarında da olan veteranlara, o cümlədən Böyük Vətən müharibəsi iştirakçıları və arxa cəbhədə fəaliyyət göstərmiş veteranlara qayğı başladı. Həmin dövrə qədər veteranlarımızın, xüsusən rabitə işçiləri veteranlarının maddi-sosial vəziyyəti, təminatı, necə dolanması və s. kimi məsələlər haqda məlumatlarımız yox idi.

Ovaxtkı rabitə naziri Bahadur Məmmədoğlu qərara gəldi ki, rabitə işçiləri olan veteranların siyahısını tərtib edib, onlarla bağlı məlumat toplayaq və onun fikri ilə Rabitə İşçiləri Veteranlar Şurası təşkil olundu. Təxminən 1997-ci ildə şuranın yaradılması təsdiqləndi. Sonradan yerlərdə, əsasən böyük birliklərdə, o cümlədən BTRİB-də, “Aztelekom” İB-də və s. kimi müəssisələrdə veteran şuralarının ilkin özəkləri təşkil edildi.

Mən də həmin vaxtlarda “Aztelekom”da Veteranlar Şurasının üzvlüyünə təzə seçilmişdim. Bu ilin may ayından isə şura üzvləri məni sədr seçdilər. Ümumiyyətlə, RRİVŞ yaradılandan sonra ilkin özəklər olmayan müəssisələrdə kadrlar şöbəsinin vasitəsilə məlumatlar toplandı. 1997-ci ildən bu yana bu bazanın formalaşdırılmasına başlamışıq. O vaxtdan bu məlumatlar daim artırılır, təkmilləşdirilir. Bu gün hətta elə rabitə işçiləri var ki, neçə illər bu sahədə çalışsalar da, adları RRİVŞ-in siyahısında yoxdur. Məcbur oluruq, onları rayonlarda olan təşkilatların köməyi ilə axtarıb-tapaq və siyahıya daxil edək. 
“Artıq yaddaşı zəifləyib, aldığı yardımı hara qoyduğunu belə xatırlamayanlar var”
 
- Şuranın nə qədər üzvü var?

- İlin əvvəlinə olan məlumata görə, hazırda Respublika Rabitə İşçiləri Veteranlar Şurasında 1332 veteran var. Onlardan 31-i Böyük Vətən müharibəsi iştirakçısı və arxa cəbhədə çalışanlar, 579-u Qarabağ müharibəsində iştirak edənlər, o cümlədən 6-sı əlildir. 5 nəfər Əfqanıstan müharibəsinin iştirakçısı və 1 nəfər Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş veterandır. 712 nəfər Əmək veteranıdır. Bu siyahını biz daimi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) təqdim edirik. RİTN də Heydər Əliyevin sözügedən fərmanından sonra veteranlara qarşı qayğını bir qədər də artırıb. Veteranlar hər il “9 May”da nazirliyə dəvət olunurlar, onlarla görüş keçirilir, yardım edilir, eləcə də hədiyyələr təqdim olunur.

Rabitə və informasiya texnologiyaları nazirinin göstərişinə uyğun olaraq, Böyük Vətən Müharibəsi iştirakçısı və arxa cəbhədə çalışan 31 nəfərə hər ay 20 manat yardım göstərilir. Bu, çətin vəziyyətdə yaşayan, təqaüdləri az olanlara böyük yardımdır. Bundan əlavə, biz veteranların yubileyini keçiririk. Bu il artıq 4 belə yubiley qeyd etmişik və hərəsinə 100 manat maddi yardım göstərmişik. Qarşıda daha bir veteranın yubileyinin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, RRİVŞ Böyük Vətən müharibəsi iştirakçılarının hər birinə hər ay maddi yardım göstərir. Veteranlarla mütəmadi əlaqə saxlayırıq və onların kimin himayəsi altında yaşadıqlarını da yaxşı bilirik. Maddi yardımı alıb-almadıqları ilə maraqlanır, hər şeylə bağlı zəngləşirik. Ona görə də üzvlərimizin vəfatı haqda da vaxtında xəbər tuta bilir, onlara yardım göstərə bilirik. Dünyasını dəyişmiş veteranların əzizlərinə 100 manat maddi yardım etmişik və daimi olaraq belə yardımları göstəririk. Y

ardımların tam ünvana çatdırılmasına nəzarət edirik. Əvvəllər yardımları maşınla ünvanlara çatdırardıq. Amma indi hətta Bakıda olanlara da poçtla göndəririk. Çünki artıq yaddaşı zəifləyib, aldığı yardımı hara qoyduğunu belə xatırlamayanlar var. Bu da hər bir veteranın yardımı alıb-almadığını müəyyən etməkdə çətinlik yaradırdı. Poçtla göndəriləndə isə təsdiqlənir. Yeri gəlmişkən, hazırda RRİVŞ-in bazasında olan veteranların az hissəsi işləməyənlərdir. Onları bir-bir axtarıb tapmışıq. Bazada işləyənlərin sayı 868-dir, 65 faiz təşkil edirlər. İşləməyən veteranların sayı isə 464 nəfərdir və 35 faizdir. Yardımı da əsasən işləməyən üzvlərimizə edirik.
 
“Əmək veteranları sırasında kişilər, müharibə veteranları arasında qadınlar çoxdur”
 
- Bəs bazada qadın-kişi nisbəti necədir? Şuranın gender tərkibinə baxsaq, orada qadın, yoxsa kişi rabitəçilər daha çoxdur?
 
- Doğrusu, bunu analiz etməmişəm. Ola bilsin ki, əmək veteranları sırasında kişilər daha çoxdur. Ancaq müharibə veteranları arasında qadınlar üstünlük təşkil edir. Çünki cəbhədə iştirak edənlər dünyasını dəyişiblər, arxa cəbhədə çalışanların isə əksəriyyəti qadın olduğuna görə qalanlar onlardır. Qarabağ müharibəsi veteranlarının əksəriyyəti isə kişilərdir. Əlil veteranların da hamısı kişilərdən ibarətdir.

- RRİVŞ üzvləri üçün ayrıca hər hansı güzəştlər var?

- Güzəştlər belədir ki, şurada iki nəfər olmaqla, əməkhaqqı alırıq. Qalan üzvlərə bir ya iki dəfə - əsas bayramlarda “bayrampulu” veririk. Başqa heç bir güzəşt yoxdur. Çünki biz aldığımızı veteranların bayram günlərində yardım edirik. Bundan başqa, bizə fərdi yardımla bağlı müraciət edənlərə yardım edirik. Özümüz isə vəsaitləri rabitə müəssisələrindən alırıq. Belə ki, hər ilin sonunda növbəti il ərzində nəzərdə tutulan xərclərimizlə bağlı mühasibatlıqda sənəd tərtib edirik. Bu sənəd nazirlikdə baxılır və bizim xahişimiz əsasında müvafiq vəsait ayrılır.
 
“Rabitəçi veteran” adı uğrunda qadınlar 30, kişilər 40 il çalışmalıdır
 
- Veteran adı almaq və şuraya daxil olmaq üçün hansı prosedur qaydaları var?

- Rabitə sahəsində veteran adı 30 il daimi işləmiş və təqaüdə çıxmış qadınlara, 40 il rabitədə çalışmış kişilərə verilir. Amma tanıdığım elə adamlar da var ki, veteran adı almalıdır, adı isə siyahıda yoxdur. Veteran adı almaq üçün müraciət etmədiklərinə görə vəsiqələri də yoxdur. Bu ad vəsiqə ilə təsdiqlənməlidir və o, veteran yaşına çatan hər kəsə verilmir. Bunun üçün ərizə ilə müraciət edilir, müraciətə həmin şəxsin işlədiyi müəssisədə baxılır. Müəssisədə onun bu müddətə fasiləsiz rabitə sahəsində çalışıb-çalışmaması, işlədiyi dövrdə xidmətləri və s. kimi məsələlər araşdırılır. Eləsi də var ki, 30 il başqa sahə üzrə işləyib, 5-6 il də burada işləyəndən sonra “Rabitəçi veteran” adı almaq istəyir. Axı rabitənin inkişafında onun heç bir əməyi olmayıb.

Yəni veteran adı verilərkən bütün bu məsələlərə diqqət yetirilir. Bu, birbaşa Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin səlahiyyətinə aid olan məsələdir. Amma bir çoxları da bu adı necə almaq lazımdır, necə müraciət edilməlidirsə, bilmir. Veteran adı almaq üçün müraciət edilməməsinin bir səbəbi məlumatsızlıqla bağlıdırsa, digər səbəb hazırda veteranlara heç bir güzəştlərin olmamasıdır. Bu maraq olmadığına görə də hətta kifayət qədər iş təcrübəsi olanlar da veteran adı almağa cəhd göstərmirlər. Ola bilsin ki, gələcəkdə burada da hər hansı güzəştlər verilsin.
 
“Eləsi var, ona burada baxan yoxdur”
 
-Veteranlar Həmkarlar Komitəsindən yollayış, yardım almaq üçün müraciət edirlər?

- Rayonlarda yaşayanlar yerli həmkarlara işlədikləri müəssisələr tərəfindən müraciət edirlər. Onlar da imkan dairəsində yardım göstərirlər. Bu il biz 3 nəfər üçün Bakıdakı sanatoriyalara yollayışların verilməsindən ötrü müraciət etmişik, hələlik ala bilməmişik. Amma söz verilib ki, onlara da yollayış veriləcək.

- Təqaüdə çıxan rabitəçi veteranlar günlərini necə keçirirlər?

- Təqaüdə çıxan bütün rabitəçilərlə zəngləşir, əlaqə saxlayırıq. Onların da hamısının vəziyyəti eyni deyil. Əksəriyyəti uşaqlarının himayəsindədir. Bizim mentalitetimiz belədir ki, valideyni - ananı, atanı özbaşına buraxmayaq. Şuranın üzvü olan Böyük Vətən müharibəsi iştirakçılarının isə çoxu ruslardır. Onlardan tək yaşayanlar, qonşuların himayəsində olanlar çoxdur. Eləsi var, özü burada, oğlu Moskvada yaşayır deyə, burada ona baxan yoxdur. Ancaq bizim azərbaycanlı üzvlərin yaşadığı evə zəng edəndə veteranın ailə üzvləri, uşaqları ilə əlaqə saxlayırıq. Yaşla bağlı veteranların çoxu artıq danışa bilmədiyi üçün hətta telefona gəlmir, poçta da onları uşaqları, nəvələri gətirirlər. Bu yaşda insanlar çox kövrək olur, diqqət-qayğı gözləyirlər. Telefona gələndə də ondan elə yapışır ki, həmkar, həmsöhbət kimi bizdən ayrılmaq istəmir. Eləsi var, şəxsən tanımıram, amma ruhlandırmaq üçün deyirəm, sizi tanıyıram, vaxtilə belə işləmisiniz və s. O da öz işi ilə bağlı xatirələrini, təəssüratlarını danışmağa başlayır, mən də onun haqqında məlumatlanıram. Əvvəllər rayonlarda şura üzvlərinə baş çəkərdim. İndi bu, bizim imkanımız xaricindədir. Amma istərdim ki, yenə də rayonlara gedim, üzvlərlə görüşüm, işləri ilə yaxından maraqlanım.

- RRİVŞ-in gələcək fəaliyyətini necə görürsünüz?

 - Düzdür, fəaliyyətimiz artıq öz yoluna düşüb. Veteranlarla necə əlaqə yaratmağın formasını təşkil etmişik. RRİVŞ-in rayonlarda yerli təşkilatlarının sayını getdikcə artırırıq. Amma istəyərdim ki, imkanlarımız bir qədər də geniş olsun. Məsələn, 5 nəfər Böyük Vətən müharibəsi iştirakçısını və ya təqaüdə çıxmış adi veteranları sanatoriyalara göndərmək imkanım olsun. Yəni bizə deyilsin ki, 5 nəfəri sizin təqdimatınızla göndərəcəyik. Daha bunun üçün biz məktubla xahiş etməli olmayaq. Gələcək planlarımızda “Fəxri rabitəçilər” kitabının yeni nəşrinin hazırlanması təklifi də var. Veteranların sayında və siyahısında yeniliklər olduğu üçün bu təklifi RİTN rəhbərliyi qarşısında qaldırmağı düşünürük.
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL