waplog

Rasim Əliquliyev: “İnformasiya Texnologiyaları Universiteti Azərbaycanda İKT-nin tətbiqi istiqamətində kadrlar boşluğunu dolduracaq”


Bu gün gələcəyə qoyulmuş ən böyük sərmayə bacarıq və bilikləri özündə cəmləşdirən insan kapitalıdır.

Bu məqsədlə dövlətlər yatırımları təhsil və ixtisas hazırlığına yönəltməyi daha üstün tuturlar. Xüsusən də texnologiyalar, innovasiyaların sürətli inkişaf dönəmində insan kapitalının formalaşdırılması başlıca məqsədlərdəndir. Beynəlxalq təcrübəyə əsaslanan Azərbaycan da qarşıdakı illərdə informasiya texnologiyaları mütəxəssislərinin hazırlığını prioritet istiqamətlərinə daxil edib. Bu günlərdə isə bu məqsədə aparan yolu qısaldan, həmçinin onun daha yaxın zamanlarda gerçəkləşməsinə təkan verən sərəncam imzalanıb.

İnformasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək üçün verilən bu sərəncamla növbəti tədris ilindən ali məktəblərimizin sırasına daha bir universitet əlavə olunacaq.

İnformasiya Texnologiyaları Universiteti adlanan yeni təhsil müəssisəsinin 2013–2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlamasının təmin edilməsi isə Təhsil Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə olunub.

“Məqsəd heç də İT mütəxəssisləri hazırlayan təhsil ocaqlarının işinə kölgə salmaq deyil”

Bu sərəncamın çoxdan gözlənilən bir addım olduğunu deyən mütəxəssislər onun icrasının İKT sahəsində müsbət dəyişikliklərə yol açacağı qənaətindədirlər. Belə düşünən AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevin sözlərinə görə, ölkəmizdə İKT sahəsində son 10 ildə çox böyük nailiyyətlər əldə olunub: “Azərbaycanda informasiya cəmiyyəti quruculuğu istiqamətində görülən işlərdə həmişə ölkə başçısının dəstəyi olub. İnformasiya cəmiyyətinin müxtəlif pillələri, o cümlədən telekommunikasiya, internetin inkişafı, “Elektron Azərbaycan”ın ayrı-ayrı komponentlərinin qurulması və s. sahələrdə bu diqqət özünü göstərib. Universitetin yaradılması ilə bağlı sərəncam da həm çox arzuolunan, həm də çox əhəmiyyətlidir. Çünki bu universitet Azərbaycanda informasiya texnologiyalarının müxtəlif aspektləri, istiqamətləri üzrə kadrların hazırlanmasına öz töhfəsini verəcək”.

Bu gün Azərbaycanın digər ali təhsil müəssisələrində də İT mütəxəssisləri üzrə kadr hazırlığının aparıldığını deyən R.Əliquliyev qeyd edib ki, məqsəd heç də bu təhsil ocaqlarının işinə kölgə salmaq deyil. Yeni universitetin fəaliyyətə başlamasını zərurətə çevirən əsas amil dünyada texnologiyaların dinamik dəyişən inkişaf tempidir. Məhz bu sürətlə ayaqlaşa bilmək üçün belə bir təhsil müəssisəsinə tələbat vardı: “İstər ictimai, istər dəqiq elmlər, istərsə də təbiət fənləri olsun – hamısına hörmətim var. Amma bununla yanaşı, həmin fənlərin söykəndiyi elmlər və texnologiyalar informasiya texnologiyaları qədər dinamik deyil. Ona görə də dünyada informasiya texnologiyalarının inkişaf tempinə uyğun gələ biləcək, yəni vaxtlı-vaxtında kadr hazırlamaq iqtidarında olan yeni qurumlara ehtiyac vardı”.

Texnologiyaların sürətli inkişafı kadr hazırlığına xüsusi yanaşma tələb edir

İTİ direktorunun fikrinə görə, Azərbaycanda informasiya texnologiyaları sahəsində ölkəmizin ayrı-ayrı ali məktəblərinin çox böyük xidmətləri olub və bu gün də var: “Bizim müəllimlərimiz, professorlarımız bu işi uğurla həyata keçirirlər. Yəni keçən əsrin 60-cı illərindən başlayaraq, ölkədə İKT-nin müxtəlif aspektləri - kibernetika, tətbiqi riyaziyyat, rabitə, telekommunikasiya, elektronika və s. istiqamətlər üzrə həmişə kadr hazırlanıb.

Bu istiqamətlər üzrə hazırlanan kadrlar hazırda Azərbaycanda, hətta onun hüdudlarından kənarda fəaliyyət göstərirlər, ölkəmizdə İKT-nin inkişafına öz töhfələrini verirlər. Amma qeyd etdiyim kimi, texnologiyaların sürətli inkişafı kadr hazırlığına xüsusi yanaşma tələb edir. Bu texnologiyalara, innovasiyalara çox çevik, dinamik, yüksək sürətlə reaksiya verən təhsil qurumunun meydana gəlməsinə zərurət vardı”.

İnformasiya cəmiyyətinin aktuallaşdırdığı amillər əsaslı dəyişiklikləri labüdləşdirir

Ölkənin informasiya cəmiyyətinə qədəm qoyması günümüzdə kadr hazırlığında əsaslı dəyişiklikləri də labüdləşdirir: “Azərbaycanda texnologiyalar həyatımızın bütün sahələrinə, hakimiyyət orqanlarının fəaliyyətinə sirayət edib, “Elektron hökumət”in müxtəlif komponentləri formalaşıb. Artıq ölkəmizdə informasiya təhlükəsizliyi, təhdidlərdən qorunma yolları, hüquqi aspektləri və s. kimi məsələlər çox aktuallaşıb. Ona görə də güman edirəm ki, fəaliyyətə başlayacaq İnformasiya Texnologiyaları Universiteti şəbəkə administratoru, informasiya təhlükəsizliyi, kriptoqrafiya, proqram mühəndisliyi, kompüter mühəndisliyi və s. kimi İKT-nin ən müasir istiqamətləri üzrə kadr hazırlayacaq. Hesab edirəm ki, bu sahədə beynəlxalq, dünyanın aparıcı ölkələrinin təcrübəsi öyrəniləcək, ən başlıcası, texnologiyaların inkişaf tempinə uyğun olaraq, tədris proqramları hazırlanacaq, doktoranturaya qədər təhsilin bütün pillələri üzrə proqram mövzuları çevik, aktual olacaqlar. Yəni kadr hazırlığı ənənəvi təhsil sistemində olduğu kimi yox, beynəlxalq təcrübəyə söykənərək, daha müasir olacaq”.

Əmək bazarının İT sahəsinin bugünkü tələbatı tam ödəniləcək

Əmək bazarının İT sahəsi üzrə bugünkü tələbatı məhz bu universitetin hesabına ödəniləcək:

“Bu təhsil müəssisəsində hazırlanan kadrlar, təhsil alan mütəxəssislər birbaşa Azərbaycanın əmək bazarında özlərini reallaşdıracaqlar. Ona görə də universitetin gələcək fəaliyyətinə çox nikbin, həmçinin İnformasiya Texnologiyaları İnstitutuna həmkar qurum kimi baxıram. Biz universitetin fəaliyyətinə həmişə dəstək verəcəyik, çünki onun inkişafında maraqlıyıq. Bu universitetin yetirmələrini öz sıralarımızda görmək istəyirik. Respublikanın müxtəlif təşkilatlarında müasir İT mütəxəssislərinə böyük tələbat var. Hesab edirəm ki, universitet Azərbaycanda İKT-nin tətbiqi istiqamətində kadrlar boşluğunu qismən dolduracaq. Universitet “İKT ili”ndə ən mühüm töhfələrdən biridir. Ümid edirəm ki, bu təhsil müəssisəsi gələcəkdə yalnız Azərbaycanın deyil, beynəlxalq əmək bazarının da yüksəkixtisaslı kadrlarla təmin olunmasında rol oynayacaq”.

“İnformatika” fənninin ali məktəblərə qəbul imtahanlarına salınmasının vaxtı çatıb

Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov da İnformasiya Texnologiyaları Universitetinin yaradılmasının İKT sahəsində çalışanlar üçün sevindirici xəbər olduğunu deyib:

“Biz bu sərəncamı xeyli müddətdir ki, gözləyirdik. Bizi daha çox narahat edən məsələ ali təhsil müəssisələrinə qəbul imtahanlarında “İnformatika” fənnindən imtahanın olmamasıdır. Normal qəbul edilməyən hal odur ki, tutaq ki, “İnformatika müəllimliyi”, “Kompüter mühəndisliyi”, “Kompüter elmləri”, “İnformasiya sistemləri mühəndisliyi” kimi ixtisasları seçənlər qəbul imtahanlarında “İnformatika”dan deyil, “Kimya”dan imtahan verirlər. Neçə illərdir ki, biz bu məsələni müzakirə edib, onu aradan qaldırmaq yollarını düşünürük”.

Kompüterlə bağlı ixtisaslar üçün qəbul imtahanlarında 5-ci ixtisas qrupu yaradılsın?

Nazirlik rəsmisinin sözlərinə görə, kompüterlə bağlı ixtisaslar üçün qəbul imtahanlarında “İnformatika” fənninin daxil edilib-edilməməsi ilə bağlı müxtəlif versiyalar, təkliflər səsləndirilir. Belə təkliflərdə 5-ci ixtisas qrupunun formalaşdırılması və bu qrupa “İnformatika” fənnindən imtahan salınması da yer alıb. Və ya qəbul imtahanlarında “Riyaziyyat” fənninin tərkibində bəzi sualların “İnformatika” fənnindən salınması da təklif edilir: “Kimya” fənninin qəbul imtahanlarına salınması isə başadüşülən hal deyil. “İnformatika müəllimliyi”nə daxil olan “Kimya”dan imtahan verir. Əgər kimya ona doğrudan da lazımdırsa, bu ixtisası seçənlər ali məktəbdə “Kimya” fənnindən bir semestr də dərs keçmirlər. Düşünürük ki, artıq “İnformatika” fənninin ali məktəblərə qəbul imtahanlarına salınmasının vaxtı çatıb”.

Bu addım məktəblərdə “İnformatika” fənninə münasibəti dəyişəcək

İ.Sadıqovun fikrinə görə, sözügedən fənnin əsas imtahanlar sırasına daxil edilməsini zəruriləşdirən başqa məqamlar da var: “Hazırda orta ümumtəhsil müəssisələrində 1-ci sinifdən 11-ci sinfə qədər “İnformatika” tədris olunur. Ona görə də İKT-nin sürətli inkişaf etdiyi vaxtda bu fənnin buraxılış, qəbul imtahanlarında olmaması normal hal sayılmır. Yeri gəlmişkən, bu ilin “İKT ili” elan edilməsi bizi çox sevindirdi ki, artıq dəyişikliklər başladı. Düzdür, digər sahələrdə, o cümlədən, təhsildə də İKT-nin tətbiqi ilə bağlı çox işlər görülür. Amma təbii ki, biz bu sahənin adamları kimi daha çox işlər gözləyirik. Universitetin yaradılması isə yəqin ki, imtahan məsələsini birdəfəlik həll edəcək. “İnformatika”dan imtahanın olması artıq qaçılmazdır və bu addım məktəblərdə bu fənnə münasibəti dəyişəcək”.

İT sahəsi üzrə kadr çatışmazlığına gəlincə, nazirlik rəsmisi bildirib ki, bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada peşəkar proqramçılara, informasiya təhlükəsizliyi, kriptoqrafiya, və s. sahələr üzrə mütəxəssislərə böyük ehtiyac var.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL