waplog

Şamaxı Astrofizika Rəsədxanasındakı bütün teleskoplar robotlaşdırılacaq


AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 2 metrlik teleskopunda avtomatlaşdırılma işləri artıq yekunlaşıb. Çexiya Respublikası ilə bağlanmış müqaviləyə əsasən, bu istiqamətdə görülən işlər çex mütəxəssisləri tərəfindən həyata keçirilib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev məlumat verib. Onun sözlərinə görə, modernləşdirilmə və avtomatlaşdırılma tədbirləri son il yarım ərzində müəyyən fasilələrlə aparılıb. Bu müddətdə 2 metrlik teleskopun hidravlik və idarəolunma sistemləri, bir sıra köməkçi qurğular (telfer, saat mexanizmi və s.) yenisi ilə əvəz olunub, müşahidə kabinaları təmir edilib, bir sıra əlavə cihaz və avadanlıqlar quraşdırılmaqdadır:

"Avtomatlaşdırma nəticəsində teleskopun idarəolunması kompüter və yaxud xüsusi qurğu vasitəsilə məsafədən həyata keçiriləcək, havada yüksək duman, yağış müşahidə olunduqda teleskoplar avtomatik bağlanacaq. Səmanın ixtiyari nöqtəsinin və ya ulduz, kometa, qalaktikanın koordinatları kompüterə daxil edildikdən sonra teleskop avtomatik olaraq həmin göy cisimləri üzrə müşahidələrin aparılmasına imkan verəcək. Bundan başqa, teleskopun öz hərəkəti ilə üzərindəki kupolun hərəkəti sinxronlaşdırılıb. İndi operatorun əyləşib kupolu fırlatmasına ehtiyac qalmır".

Rəsədxana direktoru qeyd edib ki, ŞAR-da bir sıra müşahidələrin aparılması mexaniki vəziyyətdən avtomatlaşdırılmış vəziyyətə keçirilib və bu proses davam edir:

"Eyni zamanda teleskopun açılması, hərəkətə gətirilməsi ilə yanaşı, digər proseslərin də avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin teleskopun içərisindəki müəyyən qurğuların hərəkəti də kompüterə daxil edilib kompüter vasitəsilə idarə edilir. Bütün bunlardan başqa, teleskopa yeni kameralar da quraşdırılacaq. Teleskopların gücünü artırmaq üçün nəzərdə tutulan kameralar sayəsində rəsədxanadakı teleskopların effektivliyi bir qədər də artacaq. Hesab edirik ki, modernləşdirilmə işləri başa çatdıqdan sonra 2 metrlik teleskopumuz öz sinfinə görə Avropanın ən yaxşı teleskoplarından birinə çevriləcək. Bu da Dünya Astroloqları Cəmiyyətinin bu teleskopa marağını daha da artıraraq, birgə qrant layihələrinin həyata keçirilməsinə imkan verəcək".

Ə.Quliyev qeyd edib ki, kosmik obyektlərin öyrənilməsində istifadə edilən bu teleskopların avtomatlaşdırılması hazırda dünyada çox az rəsədxanada tətbiq edilib. Bu da tələb olunan maliyyə xərcləri və digər səbəblərlə əlaqədardır:

"Teleskopların avtomatlaşdırılması müəyyən maliyyə vəsaiti, eyni zamanda intellektual resurslar tələb edir. Ona görə də hər bir ölkənin buna imkanı çatmır. Hazırda dünyada mövcud olan 2 metr yarımlıq teleskopların çox az hissəsi avtomatlaşdırılıb, robotlaşdırılıb. Yəqin ki, başqa ölkələr də bu istiqamətdə öz fəaliyyətlərini tədricən davam etdirəcəklər. Amma bu gün biz fəxrlə deyə bilərik ki, teleskopumuz bu sahədə lider səviyyəsindədir".

Qeyd edək ki, 2 metrlik teleskop Almaniyanın "Karl Seyss Yena" şirkətinin istehsalıdır və 1966-cı ildə quraşdırılıb, teleskop 3 müxtəlif optik sistemi özündə birləşdirir və əsasən spektral müşahidələr üçün nəzərdə tutulub. Əsas güzgü parabolikdir, açıq səthinin diametri 2000 mm və fokus məsafəsi 9000 mm-dir.

Teleskop həmçinin zəif obyektlərin spektrlərinin alınması üçün istifadə olunan 2 difraksiya qəfəsi və 3 kamera ilə təchiz olunmuş baş fokus spektroqrafı, Kasseqren fokusunda zəif ulduzların spektrlərini almaq üçün prizmalı spektroqraf, ulduzların kəmiyyət baxımından spektral analizi üçün orta dispersiyaya malik 2 kameralı difraksiyalı spektroqraf və s. kimi işıq qəbulediciləri ilə təmin olunub.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL