waplog

Ədəbiyyat İnstitutu milli ədəbi irs və ədəbiyyatşünaslıq sahəsində yeni elektron resursların yaradılması üzrə fəaliyyətini genişləndirir


AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Elmi informasiya" şöbəsi ədəbiyyatşünaslıq sahəsində tədqiqatların informasiya təminatının səmərəliliyinin artırırlması, texnoloji proseslərin təkmilləşdirilməsi, milli ədəbi irs və ədəbiyyatşünaslıq sahəsində yeni elektron resursların yaradılması üzrə fəaliyyətini genişləndirir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən institutdan bildirilib ki, bununla bağlı sözügedən şöbənin əməkdaşları Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya ədəbiyyatı İnstitutunda olublar. İnstitutun müxtəlif şöbələrində görüşlər keçirilib, filoloji resursların yaradılması sahəsində texnoloji proseslər, təcrübə, qarşılıqlı professional məlumatların əldə edilməsi və işgüzar elmi-yaradıcılıq əlaqələrinin aparılması və s. istiqamətlərdə gələcək birgə fəaliyyətlərin layihələşdirilməsini nəzərdə tutan danışıqlar aparılıb və razılıqlar əldə edilib:

"Əsasən "İnformasiya-texnoloji" və "Rusiya və MDB xalqları ədəbiyyatı" şöbələrində daha səmərəli və geniş çərçivədə görüşlər keçirilib və filologiya sahəsində akademik çərçivədə informasiyalaşdırma proseslərinin uğurla həyata keçirilməsi, dünya ədəbiyyatı və ədəbiyyatşünaslıq elminə inteqrasiya sahəsində Rusiya EA M.Qorki adına Ədəbiyyat İnstitutu ilə əməkdaşlıq üçün əlaqələrin intensivləşməsinə böyük ehtiyac olması vurğulanıb".

İnstitutdan qeyd edilib ki, hazırda təcrübə nümunələrinin iş proseslərinə tətbiqini nəzərdə tutan təkliflər paketinin hazırlanması, eyni zamanda M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu ilə Nizami adına Ədəbiyyat İnstitutunun müvafiq şöbələri ilə birgə Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslıq və ədəbi əlaqələrə həsr edilmiş konfransların, video-görüşlərin, kollektiv monoqrafiya və biblioqrafik resursların işlənilməsi sahəsində təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya Federasiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 17 sentyabr 1932-ci il tarixli "Maksim Qorkinin ədəbi fəaliyyətinin 40 illiyinin qeyd edilməsinə dair tədbirlər" adlı sərəncamına əsasən yaradılıb.

Hazırda institutun strukturunda "Ədəbiyyat nəzəriyyəsi", "Folklor", "Qədim slavyan ədəbiyyatı", "Klassik rus ədəbiyyatı", "XIX əsrin sonu-XX əsrin əvvələri rus ədəbiyyatı", "Yeni rus ədəbiyyatı və rus mühacir ədəbiyyatı", "A.M.Qorkinin yaradıcılığının öyrənilməsi və nəşri", "A.M.Qorkinin arxivi", "A.M.Qorki Muzeyi", "Rusiya və MDB xalqları ədəbiyyatı", "Qərb klassik ədəbiyyatı və müqayisəli ədəbiyyatşünaslıq", "Yeni dövr Avropa və Amerika ədəbiyyatı", "Asiya və Afrika ölkələri ədəbiyyatı", "Ədəbi irs", "Əlyazmalar", "İnformasiya texnologiyaları", aspirantura şöbələri, eyni zamanda Elmi Şura, Gənc Mütəxəssislər Şurası fəaliyyət göstərir.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL