waplog

Bakıda «The Business Year» jurnalının Azərbaycana aid növbəti xüsusi buraxılışının təqdimatı keçirilib


Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və "The Business Year" jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan-2013" xüsusi buraxılışının ("The Business Year-Azerbaijan 2013") təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Azərbaycanın dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, KİV-lərin və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri jurnalın "The Business Year-Azerbaijan 2013" adlı xüsusi buraxılışı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Jurnalın ölkə meneceri Bətul Çakaloğlu Azərbaycana həsr edilən növbəti buraxılış barədə iştirakçılara məlumat verib. O bildirib ki, Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan edib.

B.Çakaloğlu Prezident İlham Əliyevin "İlin adamı" mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görüldüyünü deyib.

B.Çakaloğlu xüsusi buraxılışın ərsəyə gəlməsində kömək göstərmiş Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürünü bildirib.

Mərasimdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov üçüncü ildir ki, bu jurnalın xüsusi buraxılışının Azərbaycana həsr olunduğunu bildirmiş, bunu əhəmiyyətli hadisə kimi qiymətləndirib. Əli Həsənov ölkəmizin dünyanın diqqət mərkəzində olduğunu vurğulayıb, Azərbaycanın beynəlxalq aləmdə sabit bir dövlət kimi yerini tutduğunu deyib.

Prezident Administrasiyasının rəsmisi Azərbaycanın inkişafının çox maraqlı dövrə təsadüf etdiyini vurğulayıb.

O, Azərbaycanın dünyanın əksər ölkələrinin böhran keçirdiyi bir dövrdə iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini diqqətə çatdıraraq deyib:

"Dünya ölkələri elə bir vəziyyətə gəlib ki, beynəlxalq hüquq normalarından kənara çıxaraq insanların banklara yatırdıqları sərmayələrə göz dikir, təqaüdləri kəsir, sosial layihələrə yönəltdikləri proqramları dayandırırlar. Artıq Avropada elə böhran yaranıb ki, sakinlər Asiyaya, Şərqə axın edirlər. Onlar özlərinin gələcək sosial-iqtisadi proqramlarını Asiya ölkələrində həyata keçirməyi planlaşdırırlar. Belə bir şəraitdə Azərbaycanın inkişaf modeli təkcə azərbaycanlıları deyil, bütün dünyanı maraqlandırır".

Əli Həsənov "The Business Year" jurnalının dünyanın 100 mindən artıq müxtəlif strukturunda yayıldığını və bununla da böyük oxucu auditoriyasının Azərbaycan haqqında məlumat almaq imkanının yarandığını bir daha diqqətə çatdırıb, jurnalın kollektivinə təşəkkürünü bildirib.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu nüfuzlu jurnalın xüsusi buraxılışının üçüncü dəfədir ki, Azərbaycana həsr edilməsinin əlamətdar hal olduğunu deyib.

Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirən nazir ölkədə bu ilin 2 ayının nəticələrinə görə 10,5 faiz iqtisadi artım müşahidə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkəmizdə sahibkarlıq inkişaf etdirilir, sahibkarlara kreditlər ayrılır. Bu il 150 milyondan çox güzəştli kreditlərin ayrılması nəzərdə tutulub.

Nazir vurğulayıb ki, 2020-ci ilə qədər qeyri-neft sektoru hesabına 2 dəfə artacaq ümumi daxili məhsulun yalnız təxminən 20 faizi neft sektorunun payına düşəcək ki, bu da iqtisadiyyatın neftdən asılılığının tamamilə aradan qaldırılması deməkdir. Ş.Mustafayev hazırda ümumi daxili məhsulun 48 faizinin neft, 52 faizinin isə qeyri-neft sektoru hesabına formalaşdığını diqqətə çatdırıb.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da "The Business Year" jurnalı haqqında öz fikirlərini bildirib. Nazir Azərbaycanın iqtisadi siyasətində informasiya-kommunikasiya texnologiyalarının tutduğu yerdən danışıb. Son illərdə İKT sektorunda güclü inkişafın müşahidə olunduğunu deyən nazir Azərbaycanın informasiya qapılarını dünyaya açdığını vurğulayıb. Əli Abbasov həmçinin bildirib ki, gələcək illərdə Azərbaycanın İKT şirkətlərinin dünya bazarında rəqabət qabiliyyəti daha da artacaqdır.

Nazir Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının ölkəmizin İKT sahəsindəki ən son uğurlarından biri olduğunu vurğulayıb. Sənaye və energetika naziri Natiq Əliyev bu jurnalın Azərbaycana həsr edilməsinin əhəmiyyətindən danışmış, yaradıcı heyətə təşəkkürünü bildirib.

O, bu ilin Azərbaycan üçün çox önəmli il olduğunu, ulu öndərin 90 illiyi ərəfəsində jurnalda ümummilli liderə həsr edilmiş məqalənin yer almasını da yüksək dəyərləndirib. Ölkəmizin dünyada enerji təhlükəsizliyində rolunun böyük olduğunu diqqətə çatdıran sənaye və energetika naziri Azərbaycan dövlətinin həyata keçirdiyi layihələrdən də danışıb. N.Əliyev bildirib ki, bu layihələr Azərbaycanı bölgədə lider dövlətə çevirib.

"Azersun Holdinq" Şirkətlər Qrupunun prezidenti Abdulbari Gozal jurnalın növbəti xüsusi buraxılışının Azərbaycana həsr edilməsinin ölkəmizin dünyaya tanıdılmasında böyük nailiyyət olduğunu diqqətə çatdırıb. A.Gozal Azərbaycanda sağlam və bacarıqlı gənc nəslin yetişdiyini deyib. O, bu gəncliyin Azərbaycan dövlətçiliyinin inkişafında böyük rolu olduğunu diqqətə çatdırıb.

Sonra jurnalın baş redaktoru Ceyson Con son illər Azərbaycanın dünyada artan nüfuzundan, iqtisadi və siyasi cəhətdən əldə etdiyi nailiyyətlərdən danışıb. C.Con bütün bunları nəzərə alaraq jurnalın daha bir buraxılışının Azərbaycana həsr olunduğunu deyib. O bildirib ki, bu, Azərbaycan haqqında yazılanların bir hissəsidir.

C.Con qeyd edib ki, Azərbaycan iqtisadiyyatı hər il böyüdüyü kimi, bizim də ölkə ilə bağlı buraxılışlarımız artır. O vurğulayıb ki, ulu öndər Heydər Əliyevin Prezident olduğu dövrdən başlayaraq Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan iqtisadiyyatı transformasiya dövrü keçib. Azərbaycan MDB ölkələri arasında əhalinin həyat səviyyəsinin yüksəlməsində uğurlu dövlət modeli kimi təqdim edilə bilər. Azərbaycan dünyada BƏƏ və Qətər kimi yüksək gəlir əldə edən dövlətlər sırasına daxil olub (C.Conun çıxışının tam mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Sonda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Ə.Həsənova "The Business Year" jurnalının mükafatı təqdim edilib.

Xatırladaq ki, "The Business Year" jurnalının Azərbaycanla bağlı xüsusi buraxılışı artıq üçüncü dəfədir ki, nəşr olunur.

Azərbaycanın xəritəsinin də yer aldığı nəşrdə ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu barədə oxuculara ətraflı məlumat verilir.

Xüsusi buraxılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə bağlı geniş məqalə dərc olunub.

Nəşrin budəfəki qonaq müsahibləri NATO-nun baş katibi Anders Foq Rasmussen, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy, Norveçin vəliəhdi Haakon, Böyük Britaniyanın ticarət və investisiya naziri Stiven Qrin, ABŞ-ın Milli Təhlükəsizlik üzrə Biznes İcraçı Fondunun rəhbəri Stenli Veiss və başqalarıdır. Onlar müsahibələrində Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, inkişaf dinamikasından, beynəlxalq əlaqələrindən söhbət açırlar.

Budəfəki buraxılışda Azərbaycanın siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində son dövrlərdə qazanılmış nailiyyətlərlə bağlı məsul vəzifəli şəxslərin, tanınmış yerli və xarici şirkət rəhbərlərinin müsahibələri də yer alıb. Bundan başqa, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən məqalələr də dərc olunub.

Xüsusi buraxılışda paytaxt Bakıda son illərdə aparılan tikinti-quruculuq işləri və ölkəmizin turizm obyektləri ilə bağlı fotoşəkillər də yer alıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL