waplog

İTİDF-nin icraçı direktoru: “Fondun fəaliyyətinin qısa müddət ərzində qurulması məqsədilə təşkilati-hüquqi məsələlər üzərində ciddi iş aparılır”


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmrinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna (İTİDF) icraçı direktor təyin edilib. Bu vəzifəni Elçin Zeynalov icra edəcək. O, Fondun gələcək fəaliyyəti ilə bağlı suallarımızı cavablandırıb.

CV: Elçin Zeynalov - 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini informasiya ölçmə texnikası mühəndis-elektrik , 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakültəsini iqtisadçı ixtisası üzrə bitirib.
1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında aspirant kimi əmək fəaliyyətinə başlamış, 1995 - 2003-cü illər ərzində Akademiyada elmi işçi, 2003 - 2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində sektor müdiri, 2006 - 2007-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun direktor müavini, 2007 - 2008 Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru, 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Xidmətinin rəisi, 2010 - 2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsində məsləhətçi, daha sonra nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsində müvəqqəti məsləhətçi, müvəqqəti müdir və müdir vəzifələrində çalışmışdır.
Dövlət qulluğu müşaviridir, ingilis və rus dillərini bilir.


- İlk öncə yeni təyinatla bağlı Sizi təbrik edir, işlərinizdə uğurlar arzulayırıq. Bilmək istərdik, Fondun fəaliyyətə başlaması üçün hazırda hansı işlər görülür?

- Təşəkkür edirəm.
Hazırda Fondun fəaliyyətinin qısa müddət ərzində qurulması məqsədi ilə təşkilati-hüquqi məsələlər üzərində ciddi işlər aparılır. Burada əsas diqqət fondun kadr tərkibinin formalaşdırılmasına və İTİDF-nin Əsasnaməsində göstərilən hüquqi sənədlərin hazırlanmasına yönəlib. Fondun təşkilati işləri bitdikdən sonra İKT sahəsi üzrə layihələrin maliyyələşdirilməsinə və qrant müsabiqələrinin keçirilməsinə başlanılacaq.

- Fondun fəaliyyəti hansı istiqamətləri əhatə edəcək?

- Fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap ("start-up") şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirəcək. Fondun təqdim etdiyi qrantlar müsabiqə yolu ilə seçilən və İTİDF-nin fəaliyyət istiqamətinə uyğun olan layihələrə veriləcək. Bura mütərəqqi proqram təminatının və innovativ İKT məhsulları nümunələrinin hazırlanması layihələri, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və kommersiyalaşdırma layihələri, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması layihələri, İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı layihələri daxildir.

İKT sahəsində innovasiyaların inkişaf etdirilməsi və onların kommersiya layihələrinə çevrilməsi məqsədilə vençur maliyyələşməsini həyata keçirmək niyyətindədir.

Bundan başqa, bu qurum İKT sahəsində elmi-tədqiqat işlərinin genişlənməsi, innovativ fəaliyyətin stimullaşması və istehsal yönümlü fəaliyyətin dəstəklənməsi kimi vacib məqsədlərə xidmət edəcək.

Fond bu məqsədlərə nail olmaq üçün maliyyə resurslarının cəlb edilməsi və səmərəli istifadə olunmasını həyata keçirməlidir. "Yüksək Texnologiyalar Parkı"nın rezidentləri, biznes-inkubator layihələri, elmi və tədqiqat mərkəzləri üçün maliyyə-donor rolunun bir hissəsinin fond tərəfindən yerinə yetirilməsi gözlənilir və s.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL