waplog

“Yüksək Texnologiyalar Parkı”nın direktoru: “Strategiyamıza uyğun olaraq fəaliyyətimizi iki hissəyə böləcəyik”


Hazırda ölkəmizdə "Yüksək Texnologiyalar Parkı"nın (YTP) formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır. Məlum olduğu kimi, 5 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Yüksək Texnologiyalar Parkının yaradılması" haqqında Fərman imzalayıb.

Fərmanın məqsədi iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər – "Yüksək Texnologiyalar Parkı"nın yaradılmasını təmin etməkdir. Parkın Sumqayıt şəhəri ərazisində yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, "Yüksək Texnologiyalar Parkı" informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Sözügedən Fərmanla müəyyən edilmiş həlli vacib məsələlərin icrası üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) müvafiq tapşırıqlar verilib.

Artıq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə Seymur Ağayev "Yüksək Texnologiyalar Parkı"na direktor təyin edilib.

CV: Seymur Ağayev - 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, Dövlət və bələdiyyə idarəetməsi, inzibati idarəetmə fakültəsini bakalavr, 1999-cu ildə isə eyniadlı fakültəni magistr dərəcəsi üzrə bitirib.
1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) əmək fəaliyyətinə başlayıb.
1999 – 2004-cü illərdə ARDNŞ-də Xarici İqtisadi Əlaqədar İdarəsi, Neft və neft məhsullarının nəqliyyat ekspedisiya şöbəsində mütəxəssis, 2004 – 2005-ci illərdə rəis müavini, 2005 – 2007-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin enerji məsələləri üzrə birinci katibi, 2007 – ci ildən bu günə qədər isə ARDNŞ-in Türkiyə Respublikasındakı Nümayəndəlik ofisinin baş direktoru, eləcə də, "SOCAR Bosphorus Enerji və Ticarət LTD"-nin baş direktoru vəzifəsində çalışıb.
Eyni zamanda, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin sədri kimi fəaliyyət göstərib.


- Seymur müəllim, "Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətə başlaması üçün həyata keçirilən təşkilatı işlər hansı mərhələdədir?

- Şirkətin qurulması ilə bağlı artıq Dövlət Əmlak Məsələləri Komitəsində müvafiq qərar imzalanıb və yaxın günlərdə şirkətin qurulmasına başlanılacaq. Eyni zamanda torpaq sahəsinin ayrılması ilə bağlı həllini gözləyən məsələlər üzərində də işləyirik. Planlarımıza və müəyyən etdiyimiz iş qrafikinə görə, may ayının sonuna qədər torpaqla bağlı bütün məsələlər həllini taparsa, ilin sonuna qədər ayrılmış ərazidə təməlqoyma mərasimi həyata keçirilə bilər. Bu istiqamətdə aparılan işlərlə yanaşı, YTP-nin strategiyası da müəyyənləşdirilir.

- Strategiya özündə nələri ehtiva edir?

- Gələcək strategiyamız YTP-nin inkişafına yönləndirilib. Bu sahədə xarici ölkələrin təcrübəsinə diqqət yetirilir və müvafiq təcrübənin ölkəmizdə tətbiqi nəzərdən keçirilir. Bu baxımdan, strategiyamıza uyğun olaraq, fəaliyyətimizi iki hissəyə böləcəyik.

Birinci istiqamət İT proqramlaşdırmaya həsr olunacaq, yəni "startup"lara dəstək, YTP-də innovasiyalar mərkəzinin qurulması nəzərdə tutulur. İkinci istiqamət isə sırf istehsalla əlaqədar olacaq, yəni YTP-yə istehsalatla bağlı olan investorların cəlbi nəzərdə tutulur.

- Parkın fəaliyyəti İKT sektoruna nə kimi yeniliklər gətirəcək?

- Xatırladım ki, "Yüksək Texnologiyalar Parkı"nın yaradılması respublika prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə qərara alınıb. YTP informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

"Yüksək Texnologiyalar Parkı" iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə yaradılır.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL