waplog

Bakıda “IDC”-nin nümayəndəliyi fəaliyyətə başlaya bilər


"IDC" ŞİRKƏTİNİN KONSALTİNQ ÜZRƏ DİREKTORU TİMUR FARUKŞ: "AZƏRBAYCAN BİZİM ÜÇÜN ÇOX CƏLBEDİCİ ÖLKƏDİR"

Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə informasiya təhlükəsizliyi və verilənlərin saxlanılması məqsədilə istifadə olunan müasir texnologiyalarla bağlı problemlərin həllinə həsr olunmuş "IDC IT Security and Datacenters Transformation Roadshow 2013" illik beynəlxalq konfrans keçirilib. Tədbir 2003-cü ildən etibarən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika ölkələrində keçirilən "IDC IT Security and Datacenters Transformation Roadshow" silsilə konfransları sırasına daxil idi.

Qeyd edək ki, konfrans artıq 2-ci dəfədir ki, Bakı şəhərində təşkil olunur. Konfransın əsas məqsədi problemlərin həlli üçün müasir metodların təqdim olunması, müəssisələrin İT infrastrukturlarının effektivliyinin yüksəldilməsi, müasir bazar şəraitində İT təhlükəsizliyinin və iş proseslərinin fasiləsizliyinin təmin olunması idi.

Tədbir çərçivəsində "İDC"-nin ölkəmizdəki fəaliyyəti, Azərbaycanda İT bazarının inkişafı və yaxın illərdə dünya üzrə gözlənilən trendlər və tendensiyalar haqda daha ətraflı "IDC"-nin konsaltinq üzrə direktoru Timur Farukş "Rabitə dünyası" qəzetinə eksklüziv müsahibə verib.

- Budəfəki konfrans "IDC" şirkətinin Azərbaycanda son bir ildə təşkil etdiyi sayca ikinci tədbiridir. Bildiyimiz kimi, sizin şirkət Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə sıx əməkdaşlıq edir. Gələcək əməkdaşlıq perspektivləri barədə nə deyə bilərsiniz?

- "IDC" şirkəti olaraq Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq bizim üçün çox əlverişlidir, biz digər ölkələrdə nazirliklərlə əməkdaşlıq etməyə üstünlük veririk. Bu, yerli bazarın strukturunu müəyyən etməkdə böyük kömək olur.

Eyni zamanda, yerli şirkətlərlə də görüşürük və onların bizə verdiyi dəstək bizim üçün çox vacibdir. Hesab edirəm ki, qarşılıqlı əməkdaşlıq nazirlik üçün əhəmiyyət kəsb edir çünki elə ümumdünya tendensiyalar var ki, istənilən ölkənin İT və telekommunikasiya sahəsində müvafiq strategiyanın hazırlanmasında mütləq nəzərə almaq lazımdır.

Bu mənada "IDC" hökumət təşkilatlarına bütün tələb olunan məlumatları təqdim edə bilər. Bildiyiniz kimi, biz müxtəlif ölkələrlə sıx əməkdaşlıq edirik və həmin ölkələrin müxtəlif sektorlar üzrə böyük həcmdə məlumatları analiz edərək hesabatlar hazırlayırıq. Bu baxımdan məlumat mübadiləsini vacib saymaq olar.

AZƏRBAYCANIN İT BAZARINDA VƏZİYYƏT RUSİYADAN QAT-QAT YAXŞIDIR

- Siz həm də Azərbaycanın İT bazarının təhlili ilə məşğul olursunuz. Region ölkələri ilə müqayisədə yerli bazar sizdə hansı təəssüratlar yaradıb?

- Ötən ildən biz Azərbaycanın İT bazarını təhlil edirik, bunun üçün tələb olunan məlumatları toplayırıq. "IDC"-nin Bakıdakı konfransından öncə bizim analitiklər bura gəliblər və artıq yerli şirkətlərlə görüşlər keçiriblər, aktiv əməkdaşlıq əlaqələri qurulub. Onların ilkin araşdırmaları göstərib ki, Azərbaycan bazarında vəziyyət Rusiya və ya digər ölkələrin bazarlarında mövcud vəziyyətdən qat-qat yaxşıdır. Bu, ilk növbədə İT sahəsində bazar artımı ilə bağlıdır. Bir sıra ölkələrdə biz belə bir vəziyyətlə rastlaşırıq ki, İT sahəsinin inkişafına büdcə ayrılmır və bu da pis fəsadlarla nəticələnir.

Elə bir ölkə yoxdur ki, orada bütün statistik məlumatlar təqdim edilsin və eyni zamanda bizdə deyə bilmərik ki, "IDC"-də bütün ölkələr haqda tam məlumatımız var, lakin sizin ölkədə biz adətən məlumat çatışmazlığı ilə rastlaşmadıq. Bizim əldə etdiyimiz məlumatlar göstərir ki, ötən il Azərbaycan İT bazarı, Rusiyanın İT bazarından bir neçə dəfə daha sürətlə inkişaf edib. Belə ki, Rusiya bazarının illik artımı cəmi 3% təşkil edibsə, Azərbaycan bazarı 2012-ci ildə 15-20% artıb.

Bununla yanaşı, Azərbaycan İT şirkətlərinin İT infrastrukturlarının artımı üçün daha çox imkanları var, bu da hazırkı dəyişən mühit və yanaşma məqamında çox vacibdir, çünki əlavə sərmayələrə böyük tələbat var.

AZƏRBAYCAN İN İT SEKTORU ÜZRƏ DÜNYA TENDENSİYALARINA UYĞUN HƏRƏKƏT EDİR

-Azərbaycan İT bazarının intensiv inkişafına və artımına müsbət təsir edən amillər nədir?

- İstənilən ölkədə, ən azından MDB məkanında, dövlət sektoru, Səhiyyə, Təhsil nazirlikləri İT sahəsində ən böyük sifarişçidir. Onların payına adətən ölkənin İT sahəsinə sərf edilən xərclərin 10-20%-i düşür. Bu mənada Azərbaycan ümumi tendensiyalara uyğun hərəkət edir və bu düzgün siyasətdir, çünki bütün işləri İT şirkətlərin boynuna atmaq olmaz, hökumət istənilən halda fəaliyyət istiqamətlərini müəyyən etməlidir və sahə üzrə fəaliyyət göstərən müəssisələri dəstəkləməlidir.

İnformasiya texnologiyalarının istehlakçıları olan şirkətlərdən bəhs etsək, hazırda elə bir şirkət tapmaq çətindir ki, o informasiya texnologiyalarının tətbiqinin nə qədər vacib olduğunu bilməsin. Bir neçə il bundan öncə şirkətlərin İT rəhbərliyi bir-birini anlamırdılarsa, hazırda bu baxış fərqi aradan qalxın. Şirkət rəhbərliyinin artıq İT haqda kifayət qədər anlayışı var, onlar bilirlər ki, bu texnologiyalar nə üçün lazımdır və onlar olmasa, rəqabətə dayanıqlığı təmin etmək nə qədər çətin olacaq. Buna görə də korporativ sektorda çox böyük potensial var.

Eyni zamanda ev istifadəçiləri arasında da İT sahəsi haqda biliklər artıb və insanlar artıq hüdudlardan çıxıblar. Mən deyərdim ki, bu gün ev təsərrüfatları informasiya texnologiyaları ilə korporativ istifadəçilərdən daha yaxşı təchiz ediliblər. Bu, çox mütərəqqi yanaşmadır. Çünki ev təsərrüfatları sektoru informasiya texnologiyaları sahəsində istənilən İT bazarda önəmli rol oynayır.

Azərbaycanın İT şirkətlərinin digər ölkələrə İT məhsullarının ixracı potensialından danışsaq, deyə bilərik ki, autsorsinq , proqram təminatı, xidmət sahələrində inkişaf daha diqqət çəkəndir. Bir şeyi də qeyd edim ki, "bulud" texnologiyaları böyük həcmli kapital qoyuluşu etmədən beynəlxalq bazarlara çıxmaq bir qədər çətindir və Azərbaycanda bu texnologiyaların inkişaf etdirilməsi üçün çox yaxşı imkanlar mövcuddur.

İT RƏHBƏRLƏRİNİN İŞDƏ MÜASİR TEXNOLOGİYALARDAN İSTİFADƏYƏ QADAĞA QOYMASI ABSURDDUR

- Dünya İT bazarlarında yaxın illər ərzində hansı aktual trend tendensiyaları gözlənilir?

- Bu günə qədər biz müqayisə etdikdə deyirdik ki, ABŞ bazarı ən yaxşı inkişaf edən bazardır, lakin hazırda vəziyyət sürətlə dəyişir və yeni formalaşan trendlər eyni vaxtda ABŞ, Rusiya və digər ölkələrin bazarlarına təsir edirlər. Yaxın illər ərzində dünya İT bazarında əsas trendlər siyahısında ilk növbədə mobillik yer alacaq.

Artıq İT rəhbərləri mobil texnologiyalarla hər gün rastlaşırlar və insanlara işdə mobil texnologiyalardan istifadəyə qadağa qoymağın absurd olduğunu anlayırlar. Bir müddət öncə şirkətlər fləş-kartların iş kompüterində istifadəsini, internetdən ayrı-ayrı mail proqramları yükləməyi və s. qadağan edirdilər, artıq bu geridə qalıb, çünki mobil, virtualizasiya texnologiyalar iş prosesini daha səmərəli edib.

İkinci trend isə daha geniş surətdə "bulud" texnologiyalarının tətbiqidir. Hər bir şirkət özü üçün müəyyən etməlidir ki, infrastrukturunun hansı hissəsini "bulud"a keçirməyə hazırdır. Burada heç də ictimai "bulud"lar nəzərdə tutulmur. Çünki hazırda dünyada ən az ictimai "bulud" xidmətlərindən istifadə edilirlər. ABŞ-da ev təsərrüfatlarında və kiçik biznes sahəsində ictimai "bulud" xidmətləri daha məşhurdurlar.

Daha çox elektron poçt, trafikin filtrasiyası və digər xırda əlavələrin tətbiqi üçün istifadə edilirlər. Əsasən böyük müəssisələr "fərdi və ya "hibrid" "bulud" xidmətlərində məlumatları saxlamağa üstünlük verirlər. Hazırda bir çox şirkətlər bu növ xidmətlər göstərirlər. Bəzi hallarda onlar göstərdiyi xidmətləri "bulud" adlandırmırlar, amma onların hazırlanmasında "bulud" texnologiyalarından istifadə edirlər.

AZƏRBAYCANIN İT BAZARINDA YALNIZ QANUNVERİCİLİK BAZASININ TƏKMİLLƏŞDİRİLMƏSİNƏ EHTİYAC VAR

"IDC" şirkətinin Azərbaycanın İT bazarında apardığı təhlillərin əsasən, sektor üzrə hansı sahələrə daha çox diqqət yetirilməsinə ehtiyac duyulur?

- Mənim fikrimcə, Azərbaycan İT bazarı kifayət qədər inkişaf etmiş bir bazardır. Amma qanunvericilik bazasının təkmilləşməsinə ehtiyac var. Hesab edirəm ki, İT sahəsinin tənzimlənməsi mütləqdir. Hökumətlər İT sahəsinə inkişaf üçün maksimal azadlıq verməlidir, lakin bu sahədə işlərin qeyri-mütəşəkkil şəkildə getməsinə də imkan vermək olmaz.

Hökumət, istifadəçilərin, istər korporativ, istər fərdi , informasiya təhlükəsizliyi hüquqlarının qorunmasını təmin etmək üçün, bazarda oyun qaydalarını müəyyən etməlidir. Amma bu məsələnin həllində çox diqqətli olmaq lazımdır.

Misal üçün, Rusiyada bir neçə il bundan öncə, şəxsi məlumatların təhlükəsizliyi haqda qanun qəbul edildi. Lakin onun qüvvəyə minməsi illər tələb etdi, çünki bu qanunda o qədər çatışmazlıqlar var idi ki, onun nəşri böyük qalmaqala səbəb oldu. Bu qanun, son dərəcədə şirkətlərin , internet ticarətin inkişafını və s. fəaliyyətini məhdudlaşdırırdı və bu, xoş niyyətlərin inkişafa əngəl yaratmasının ən yaxşı nümunəsidir.

Mənim fikrimcə, bu qanun, hər bir ölkənin qanunvericiliyinin, vətəndaşlarının, mədəniyyətin, ənənələrin və digər faktorların xüsusiyyətlərinə uyğun olaraq hazırlanmalıdır.

ABŞ-da silahdan istifadə haqda qanun mövcuddur, lakin orada silahın istifadəsi qanunla yanaşı, 100 illərlə bu ölkənin sakinlərinin formalaşmış davranışı, ənənələrlə və s. tənzimlənir, halbuki bizim regionda, analoji qanunun tətbiqi bir sıra problemlər yarada bilər. Ümumilikdə isə ABŞ-da şəxsi məlumatların qorunması ilə bağlı yaxşı qanunlar mövcuddur, lakin İT şirkətlərinə milyonlarla vəsait xərcləməyə məcbur edən digər qanunlar da var ki, bu qanunun reallıqda tətbiqini tənzimləyir.

ÖLKƏNİZ BAZAR ÖLÇÜSÜNƏ VƏ ARTIM TEMPLƏRİNƏ GÖRƏ ÇOX CƏLBEDİCİDİR

Gələcəkdə "IDC" şirkəti Azərbaycanda fəaliyyətini genişləndirməklə, nümayəndəliyini açmaqla bağlı planları var?

- Mən əminəm ki, Azərbaycanla "IDC" şirkəti arasında əməkdaşlıq genişlənəcək, çünki bazar çox maraqlı və önəmlidir, Rusiya və Qazaxıstandan sonra Azərbaycan bizim şirkət üçün önəminə görə növbəti ölkədir, çünki ölkəniz bazar ölçüsünə və artım templərinə görə çox cəlbedicidir.

İnkişaf edən bazarda işləmək daha maraqlıdır, nəinki, durğunluq mərhələsində olan bazarda. Bununla yanaşı, İT bazarının əsasən Bakıda cəmləşdiyinə görə burada işləmək daha rahatdır, istər təchizatçılar üçün, istərsə də analitiklər üçün. Gələcəkdə ola bilsin, Bakıda "IDC"-nin nümayəndəliyi fəaliyyətə başlayacaq. Mənim doğrudan da Sizin ölkə xoşuma gəlib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL