waplog

Heydər Əliyev Mərkəzində müasir texnologiyalar əsasında muzey yaradılıb


Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Heydər Əliyev Mərkəzində ulu öndərin adını daşıyan muzeyin istifadəyə verilməsi dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi muzeydəki hər bir eksponat da təsdiqləyir ki, tarix yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur.

Xalqımızın ümummilli liderinin xatirəsinin əbədiləşdirildiyi muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib.

Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, ulu öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr ziyarətçilərə çatdırılır.

Müasir texnologiyalar əsasında qurulan muzeyin ən maraqlı bölmələrindən biri də ulu öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Prezident Heydər Əliyevin digər dövlət başçıları ilə görüşlərinin və ulu öndərə bağışlanan hədiyyələrin fotoları əks olunur.

Eyni məkanda həmin hədiyyələrin orijinalları da muzeyə gələn qonaqların diqqətinə çatdırılır. Bundan əlavə, zalda ümummilli liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir.

Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu orden və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır. Bir sözlə, dizaynı və tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Heydər Əliyev Mərkəzinin modern üslubu ilə həmahənglik təşkil edir. Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və qonaqlar üçün Azərbaycan tarixini, adət-ənənələrini, milli dəyərlər və mədəni irsimizi öyrənmək, təbliğ etmək istiqamətində bir sıra layihələr həyata keçirmişdir.

Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılmışdır. Mərkəzin sərgi zalları bölməsinin birinci mərtəbəsində “Azərbaycan inciləri” sərgisi təqdim edilir. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.

Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir bir vasitə kimi diqqəti cəlb edir. Onun özəlliyini artıran ən mühüm cəhətlərdən biri tariximizin bütün dövrlərinin bir arada təqdim olunması, mədəniyyətimizin müxtəlif sahələrinə dair eksponatların nümayiş etdirilməsidir.

Bundan əlavə, müxtəlif interaktiv məlumat köşkləri qurulmuşdur. Bu məlumat köşklərində qonaqlara mərkəz və burada keçirilən tədbirlər, müxtəlif layihələr barədə informasiyalar çatdırılır.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL