waplog

Muzey fondlarında qorunan eksponatların elektron kataloqu və informasiya şəbəkəsi yaradılır


Bu gün respublikanın muzey fondlarında qorunub saxlanılan eksponatların elektron kataloqu və informasiya şəbəkəsinin yaradılması sahəsində əhəmiyyətli işlər görülür, muzeylər kompüter və müvafiq elektron proqramlarla təchiz edilirlər.

Mədəniyyət sahəsində informasiya problemləri üzrə ixtisaslaşdırılmış kompleks avtomatlaşdırılmış informasiya sisteminin (KAMİS) Azərbaycanın bütün muzeyləri üçün tətbiqi istiqamətində iş aparılır. Azərbaycanda ilk dəfə olaraq Musiqi Mədəniyyəti Dövlət Muzeyində KAMİS sistemi ilə yaradılmış elektron məlumat bazası əsasında "BritishCouncil"-un ölkəmizdəki nümayəndəliyi ilə birlikdə müasir dövrün tələblərinə uyğun Azərbaycan muzeylərinin virtual versiyası yaradılmış və internet səhifədə yerləşdirilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, respublikanın ən iri muzeyləri sırasına Azərbaycan Milli Tarix Muzeyi, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Naxçıvan MR Dövlət Tarix Muzeyi və C.Məmmədquluzadə adına Dövlət Ədəbiyyat Muzeyi daxildir ki, bu muzeylərin fondlarında Azərbaycanın nadir maddi mədəniyyət nümunələri mühafizə edilir:

"Hazırda Mədəniyyət və Turizm Nazirliyi sistemində 212 muzey fəaliyyət göstərir. Onlardan 13-ü incəsənət profilli, 7-si ədəbiyyat profilli, 13-ü tarix profilli muzeylərdir. 68 tarix-diyarşünaslıq, 6 döyüş şöhrəti muzeyimiz var.  Ev-muzeylərinin sayı 46-ya çatıb. Eyni zamanda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən, ulu öndərin dühasını tərənnüm edən Heydər Əliyev muzeyləri nazirliyin müvafiq əmrinə əsasən 1 fevral 2012-ci il tarixindən Heydər Əliyev mərkəzləri adlandırılıb. Bu məqsədlə mərkəzlərin yeni nümunəvi əsasnaməsi hazırlanmış, yeni ştat cədvəlləri barədə təkliflər hazırlanaraq Maliyyə Nazirliyinə göndərilib. Hazırda ölkəmizdə 59 Heydər Əliyev mərkəzi fəaliyyət göstərir. Mərkəzlərin əksəriyyətində elektron kitabxanalar, kompüter və iclas zalları, dil kursları, tətbiqi sənət mərkəzləri fəaliyyət göstərir".

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL