waplog

AMEA-nın alimləri Anadoluda təşkil olunan Heydər Əliyev Mərkəzinin dinləyiciləri üçün videodərslər keçəcək


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Cümhuriyyətinin Əskişəhər Anadolu Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılaşma əldə olunub.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Rəyasət Heyətindən məlumat verilib. Akademiyadan qeyd edilib ki, AMEA-nın Rəyasət Heyətində hər iki təşkilat arasında müqavilə bağlanıb. Sənəd AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Anadolu Universitetinin rektoru, fəlsəfə doktoru professor Davud Aydın tərəfindən imzalanıb. İmzalanma mərasimində AMEA ilə Türkiyənin elmi təşkilatları arasındakı mövcud əməkdaşlıq əlaqələrindən söz açan akademik A.Əlizadə qardaş ölkənin məşhur Anadolu Universiteti ilə yeni əməkdaşlığın çox önəmli olduğunu bildirib.

Rəhbəri olduğu universitetin fəaliyyətindən bəhs edən D.Aydının sözlərinə görə, Anadolu Universiteti yalnız təhsil yox, həm də elm ocağıdır:

"Mükəmməl elmi və texniki imkanlarla təmin olunmuş universitet elmin müxtəlif istiqamətlərində aparmış olduğu tədqiqat və layihələrlə, savadlı kadrlar yetişdirməklə məşhurdur".

Türkiyəli professor əlavə edib ki, bu il mayın 7-də Anadolu Universitetində "Heydər Əliyev Mərkəzi" təşkil olunub:

"Bu qurum vasitəsilə Azərbaycan və Türkiyə alimlərinin müştərək tədqiqatlar aparmaları nəzərdə tutulur. Beşillik müqavilədə AMEA Anadolu Universitetindəki "Heydər Əliyev Mərkəzi" ilə birlikdə tarix, ədəbiyyat, dilçilik, incəsənət, iqtisadiyyat, arxeologiya və etnoqrafiya sahələri üzrə elmi-tədqiqat işləri aparmaq vəzifəsini öz üzərinə götürür. Monoqrafiya və məqalələr hazırlayıb nəşr etdirmək, Anadolu Universitetinin əməkdaşlarını AMEA-da keçirilən elmi tədbirlərə və forumlara dəvət etmək, Heydər Əliyev Mərkəzini Azərbaycan xalqının ümummilli lideri haqqında nəşr olunan elmi və bədii əsərlərlə təmin etmək də Azərbaycan tərəfinin vəzifələri sırasındadır. AMEA-da çalışan görkəmli alimlər Anadolu Universitetinin tələbələri və Heydər Əliyev Mərkəzinin dinləyiciləri üçün Bakıdakı İnformasiya Texnologiyaları İnstitutunun vasitəsilə videodərslər də keçəcək".

Türkiyə tərəfi isə AMEA ilə birlikdə ortaq simpozium və seminarlar keçirmək, universitetdə təşkil olunan elmi və mədəni tədbirlərə Azərbaycanın tanınmış alimlərini dəvət etmək, AMEA-nın Tarix, Ədəbiyyat, Dilçilik, İncəsənət və İqtisadiyyat, Arxeologiya və Etnoqrafiya institutları ilə birlikdə kitablar və məqalələr hazırlamaq, araşdırmalar aparmaq, ekspedisiyalar təşkil etmək vəzifələrini öz üzərinə götürür.

Sonda D.Aydın və köməkçisi Aydın Ziya Özgür AMEA rəhbərliyini Anadolu Universiteti ilə yaxından tanış olmaq üçün Türkiyəyə dəvət edib. A.Əlizadə və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvəti məmnuniyyətlə qəbul ediblər.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL