waplog

Bakıda 1-ci Beynəlxalq “Bakı Gələcək Forumu” öz işinə başlayıb


Bakıda Azərbaycan Futuroloqlar Cəmiyyəti və "Minilliyin layihəsi"nin Azərbaycan bölməsi tərəfindən təşkil olunan 1-ci Beynəlxalq "Bakı Gələcək Forumu" öz işinə başlayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçirilən tədbirə ABŞ, Kanada, Meksika, Venesuela, Uruqvay, Braziliya, Çili, Finlandiya, Çernoqoriya, Sloveniya, Rumıniya, Polşa, Çexiya, Rusiya, Fransa, Almaniya, İspaniya, Belçika, Böyük Britaniya, Hindistan, Cənubi Koreya, Çin, İsrail, Türkiyə, İran, Misir, Keniya, CAR kimi dövlətlər qatılıblar.

"NASA", ABŞ Milli Elm Fondu, "Google", Silikon vadisinin Sinqulyariti Universiteti, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Rokki-Maunteyn İnstitutunun və digər tanınmış beynəlxalq ekspertlərin iştirak etdiyi forumda "Minilliyin layihəsi"nin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin rəhbəri Reyhan Hüseynova forumun maraqlı mübadilələrə yol acacağını, konkret nəticələrə gətirib çıxaracağını qeyd edib.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə öz çıxışında neft-qaz resurslarına malik ölkələr qarşısında dayanan neftdən sonrakı iqtisadi inkişafın necə təmin edilməsi məsələsinə toxunub. Azərbaycanın da neft ölkəsi olduğunu vurğulayan Ə.Abbasov ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, növbəti illər üçün inkişafı müəyyənləşdirən "Azərbaycan-2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında gələcək iqtisadi inkişaf xəttinin elm, təhsil və texnologiyaların vəhdəti üzərində qurulduğunu bildirib.

Nazir həmçinin gələcək prioritet istiqamətlərdən söz açaraq, ölkədə insan kapitalının inkişafı, o cümlədən İT mütəxəssisləri üzrə yüksək ixtisaslı kadr hazırlığının diqqət mərkəzində olacağını, qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadi potensialın 2 dəfə, 2020-ci ilə qədər İKT-nin həcminin real iqtisadi artımda payının 4 dəfə genişləndiriləcəyini, ölkə əhalisinin elektron xidmətlərlə əhatə dairəsinin hazırkı 20 faizdən 80 faizə qədər artırılacağını və s. kimi məqsədlərə nail olunacağını diqqətə çatdırıb.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə ölkədə iqtisadi artımla bərabər, 2022-ci ildə havaya atılan karbon emissiyalarının 2 dəfədən çox azaldığını, nazirliyin ölkədə meşələrin bərpası istiqamətində tədbirləri gücləndirdiyini, bunun nəticəsində hazırda Azərbaycanın 11, 8 faizinin meşələrlə əhatə olunduğunu diqqətə çatdırıb. Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov son 20 ildə müstəqil dövlətə çevrilən Azərbaycanın qlobal forumların məkanına çevrildiyini qeyd edib.

Şöbə müdiri unikal ölkə olan Azərbaycanın mədəniyyət və sivilizasiyanın mərkəzi kimi Qərblə Şərqin qovşağında yerləşdiyini, eyni zamanda ölkəmizdə enerji sektorundan kənarda iqtisadi inkişafa diqqət yetirildiyini də vurğulayıb. "Minillik layihəsi"nin direktoru Jerom Qlenn isə bütün dünyada İKT-nin inqilabi dəyişikliklərə yol açdığını, gələcək dayanıqlı iqtisadi inkişafın bu yeniliklərdən asılı olduğunu bildirib. Monteneqronun elm və bilik naziri Sanya Vlahoviç isə gələcəyin proqnozlaşdırılmasının nəticələrindən söz açıb:

"Gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu onu ixtira etməkdir. Bu da yaradıcılıq, innovasiyalar hesabına baş verməlidir. Uğurlu gələcəyə nail olmaq üçün qlobal şəbəkələşmə vacibdir. Bu gün problemləri görməyə və onları həll etməyə kifayət qədər cəsarətli olmalıyıq. Bütün üzləşdiyimiz çətinliklər qlobal xarakter daşıyır. Ona görə də biz onlara qarşı birləşməliyik. Əminəm ki, birləşməklə biz daha yaxşı işləyə və uğurlu nəticələr qazana bilərik".

UNESCO-nun Proqnozlaşdırma Departamentinin rəhbəri Riel Millerin sözlərinə görə, yalnız biliyin bölüşdürülməsi ilə davamlı, təminatlı inkişaf üçün yeni yollar tapmaq, insanlar arasında bərabərliyə, sülhə nail olmaq mümkündür. Oksford Universitetinin professoru, aparıcı futuroloq, ABŞ-da nanotexnologiyalar üzrə araşdırmaçı Erik Drexler də İKT inqilabının bütün dünyada dəyişikliklərə səbəb olduğunu, nanotexnologiyaların İKT-nin əsasını təşkil etdiyini qeyd edib.

Forumda yeni texnologiyalar, o cümlədən Azərbaycanda ilk dəfə Qoloqrafik Təqdimat nümayiş etdirilib.

Eyni zamanda tədbir çərçivəsində "3D" printer də sərgilənib ki, bu da ölkəmizdə bu gün üçün printer texnologiyası baxımından yenilik hesab edilir. Daha sonra forum "Gələcəyin iqtisadiyyatında enerjinin rolu, enerji səmərəliliyi", "İKT-nin neft sonrası iqtisadiyyatda strateji rolu", "Sintetik Biologiyanın gələcəyi ilə əlaqədar Kreyq Venterin videotəqdimatı, "Nanotexnologiya və gələcək iqtisadiyyatlar" və s. mövzularda təqdimat və panel müzakirələrlə davam edib.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL