waplog

İKT sahəsində ilk xüsusi rejimli zona kimi “Yüksək Texnologiyalar Parkı” elmtutumlu texnoloji məhsul istehsalının artımına təkan verəcək


Cari ilin 21-24 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində "3-cü Qlobal Azad Ticarət və Xüsusi İqtisadi Zonalar" (The ‘3rd Global Free Trade & Special Economic Zones Summit’) sammiti keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

AZPROMO-dan bildirilib ki, tədbirdə azərbaycanlı sahibkarlar və iş adamları da iştirak edə bilərlər.

Qeyd edək ki, dünyanın aparıcı ölkələrində sahibkarlığın inkişafının müxtəlif təşkilati-iqtisadi modelləri tətbiq edilir ki, onlardan biri də XİZ - xüsusi iqtisadi zonalardır. XİZ-in yaradılmasında məqsəd ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının sürətləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsinə daha əlverişli şəraitin yaradılması, yüksək texnoloji sahələrin inkişafının, rəqabətqabiliyyətli, səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir.

Dünya İqtisadi İstehsal Zonaları Assosiasiyasının məlumatına görə, dünya ticarətinin təqribən 15 faizi məhz XİZ tərəfindən həyata keçirilir. Hazırda dünyanın 100-dən çox ölkəsində 1000-dən artıq XİZ fəaliyyət göstərir. Azərbaycanda da sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır.

Ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir ki, bu sahənin inkişafının intensivləşdirilməsi məqsədilə də sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, onların modernləşdirilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı sənaye istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hazırda ölkədə müxtəlif təyinatlı sənaye parklarının (Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parkları) yaradılması istiqamətində tədbirlər davam etdirilir.

Mütəxəssislərin fikrinə görə, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsinə, innovativ və elmtutumlu iqtisadiyyatın formalaşmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsinə, investisiya mühitinin cəlbediciliyinin artmasına, sahibkarlığın dəstəklənməsinə, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək.

Həmçinin onlardan biri kimi - Sumqayıt şəhərində yaradılacaq "Yüksək Texnologiyalar Parkı" isə ölkəmizdə İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmi araşdırmaların, elmtutumlu texnoloji məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcək.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL