waplog

Gənc fiziklərin Beynəlxalq Yay Məktəbi öz işinə başlayıb


Azərbaycanın elmi tədqiqatlar sahəsində Avropa Tədqiqat Məkanı ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan “PRIMA-ERA” layihəsi çərçivəsində Bakıda “ComMat-PV-13” Beynəlxalq Yay Məktəbi təşkil olunub.

Gənc fiziklərin beynəlxalq Yay Məktəbi iyul ayının 6-na qədər davam edəcək. AMEA-dan bildirilib ki, Beynəlxalq Yay Məktəbinin direktorları AMEA Fizika İnstitutundan professor Nazim Məmmədov və Fransanın Milli Elmi Tədqiqatlar Şurasının Bərpa olunan Enerji mənbələri üzrə Elmi-Tədqiqat İnstitutundan Dr. Jean-François Guillemolesdir. Yay Məktəbində fotovoltaika sahəsində çalışan gənc mütəxəssislərimiz region dövlətləri, Avropadan və digər dövlətlərdən olan gənc alimlərlə birgə, dünyanın aparıcı elmi-tədqiqat mərkəzlərinin alimlərinin mühazirələrini dinləyəcəklər.

Fransa, Niderland, İngiltərə, Almaniya, Gürcüstan və Azərbaycandan 10 professor mühazirəçi qismində, İtaliya, Almaniya, Fransa, İngiltərə, Meksika, Gürcüstan, Rusiya, Türkiyə, Özbəkistan və Azərbaycandan 43 gənc elmi tədqiqatçı isə dinləyici qismində iştirak etdiyi Yay Məktəbində gənclərin bərpa olunan enerji mənbələri üzrə əldə etdikləri ən son elmi nəticələri poster çıxışları şəklində təqdim ediləcək və çıxışlar komissiya tərəfindən qiymətləndiriləcək. İki ən yaxşı çıxışçı üçün xüsusi mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, Beynəlxalq Yay Məktəbində yer alacaq mühazirələr fotovoltaika üzrə son illər əldə olunmuş ən mühüm nəticələri əhatə edir.

Bu mühazirələr sırasında İngiltərənin Oksford Universitetindən professor Moritz Riedenin təqdim edəcəyi polimer və üzvi materiallardan hazırlanmış günəş elementləri, Fransanın CNRS-LPN İnstitutunun direktoru, professor Jean-Luc Pelouardın təqdim edəcəyi nanostrukturlu günəş elementləri, Niderland Krallığının Qroningen Universitetinin professoru Kees Hummelenin təqdim edəcəyi infraqırmızı dalğa uzunluğunda yeni nəsil üzvi günəş elementlərinə həsr olunmuş mühazirələri göstərmək olar.

Beynəlxalq Yay Məktəbinin keçirilməsinə Prezident yanında Elmin İnkişafı Fondu da elmi-təşkilati və maliyyə dəstəyi göstərir. Fond gənc alim və mütəxəssislərin elmi fəaliyyətini xüsusi qrant müsabiqələri yolu ilə dəstəkləməklə yanaşı, konfrans, seminar və məktəblərin təşkilində də iştirak edir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL