waplog

Eldar Abbasov: “Hər hansı layihəni təhlil edən zaman ilk növbədə ideyanın innovativliyini, sonda isə riskini dəyərləndiririk”



 
Elmi-texniki araşdırmalar, kəşflər, ixtiralar, ideyalar. Onların hər birinin nəticələrinin özünü nə qədər doğruldacağı bəzən ciddi risk yaradır. Buna baxmayaraq, bu düşüncə məhsullarının həyata keçirilməsi, novatoruluğun, yeni ideyaların dəstəklənməsi üçün çəkinmədən yardım edənlər də mövcuddur. Xüsusən də innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişləndiyi dönəmdə,  innovativ sahibkarlığın inkişaf etdirilməsinin başlıca məqsəd kimi önə çəkildiyi ölkələrdə istənilən riski üzərinə götürən vençur fondlarının fəaliyyəti qaçılmazdır. Ölkəmiz də innovasiya əsaslı yeni sahibkarlıq mühitinin formalaşdırılması məqsədinə doğru irəliləyir. Artıq sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) təşkili üzərində işlər gedir. Amma bununla yanaşı, innovasiya potensialını inkişaf etdirən, bununla da yüksək əlavə dəyər yaradan sahələri təşviq edən ölkələrin təcrübəsinə uyğun olaraq, Azərbaycanda da innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etmək üçün vençur fondlarının yaradılmasına ehtiyac var. Eyni zamanda mütəxəssislərimiz ölkədə innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün ilk növbədə innovasiya prosesinin və milli innovasiya sisteminin hüquqi bazasının formalaşdırılmasını vacib sayırlar. İnnovativ sahibkarlığın müasir zamanda fəaliyyətini tənzimləyən xüsusi qanuna ehtiyac olduğunu da qeyd edən ekspertlər “Vençur fondları haqqında” qanunun qəbulunu birinci dərəcəli məsələ kimi önə çəkirlər.
 
 
Haşiyə : Açıq ensiklopediyada yer alan məlumatlara görə, vençur maliyyələşdirməsi – elmi-texniki araşdırmaların, ixtiraların, kəşflərin, kiçik və yeni şirkətlər tərəfindən aparılan hər hansı riskli, lakin perspektivli xarakter daşıyan yeniliklərin tətbiq edilməsinin kreditləşdirmə və maliyyələşdirmə forması və müvafiq mexanizmin elementidir. Banklar və kredit qurumları adətən kredit riskinin minimum olduğu sahələrə üstünlük verirlər. Buna görə də yeni şirkətlərin kreditlərdən istifadə etmək imkanı həmişə məhduddur. Şirkətlərin mövcud olması müddətinə dair sərt tələblər (3-5 il), onun aktivləri, minimum emissiyasının həcmi, kiçik şirkətlərin öz qiymətli kağızları ilə fond bazarına çıxmalarına mane olan səhmlər buraxılması proseduru ilə bağlı tələbləri həmin şirkətlərin qiymətli kağızlar bazarına çıxmasını praktiki olaraq qeyri-mümkün edir. Bu vəziyyət kiçik tədqiqatlarla və tətbiq layihələri ilə məşğul olan firmaların fəaliyyətinin maliyyələşdirilməsi üçün vençur maliyyələşdirməsi normasının yaranmasına səbəb olub. Vençur maliyyələşdirməsinin mahiyyəti kreditin borc qəbzləri (veksel) almaqla verilməsindən ibarətdir. Bu halda borc səhmlərə və ya yeni şirkətin səhmlərinin alınmasına konversiya edilir. Vençur maliyyələşdirməsinin mənbələri: risk kapitalının qeyri-rəsmi bazarı və peşəkar vençur kapitalıdır. Peşəkar vençur kapitalı bazarı adətən peşəkar səviyyədə idarə edilən investisiya pulu şəklində çıxış edir. 1958-ci ildə ABŞ-da müvafiq qanun qəbul edildikdən sonra kiçik müəssisələrin yaradılması və inkişafını maliyyələşdirmək üçün xüsusi kapitalı və dövlət vəsaitlərini özündə birləşdirən kiçik investisiya şirkətləri yaradılmağa başlanıb.
 

Daxili bazarda yeni fikir axtarışı
 
Bu gün Azərbaycanda yeni texnoloji xidmətləri meydana gətirmək məqsədilə sahibkarlarla birgə işləyən azsaylı şirkətlərdən biri də vençur kapitalı şirkəti - “İnfipro İnc.”-dir. İnformasiya texnologiyası, internet və proqram təminatı üzrə ixtisaslaşan bizneslərin başlanğıc mərhələsinə investisiya edən şirkətin icraçı direktoru Eldar Abbasovla müsahibəmizə “İnfipro İnc.”-in yaradılması zərurəti ilə körpü saldıq.
 
5 riskli şirkətə cəsarətli yatırım
 
- Hazırda layihələrinin dəstəklənməsi üçün “start-up”lardan fonda müraciətlər daxil olurmu?

- Fondumuz artıq iki ildir ki, fəaliyyət göstərir. Bu müddətdə bir neçə şirkətə fərdi sərmayə yatırmışıq. Ümumiyyətlə, depozitarilərə qoyulan depozitlərdən fərqli olaraq, aktivləri olmayan, yalnız ideya şəklində formalaşan ideyaları maliyyələşdirmək çox riskli bir iş sayılır. Fond tərəfindən indiyə qədər 5 belə riskli şirkətə investisiya yatırılıb. Bunların hamısı demək olar ki, səhmlərin müqabilində yatırılıb. Yalnız bir şirkət bankdan götürülən borc istiqrazları şəklində formalaşıb. Belə riskli, yeni innovativ fikirlərin bazarda olub-olmadığını öyrənmək üçün biz ilk dəfə yanvar ayında “Start-up” müsabiqəsinə təşkilatçılıq elədik. Müsabiqəyə 35 ideya gəldi, onların 15-i biznes-plan şəklində idi. Biz finala 3 şirkət çıxardıq və onlardan biri qalib oldu. Yəni riskli investorlar deyəndə vençur kateqoriyası ən riskli investisiya edən sahə sayılır.
 
Vençur sərmayələrində olan investisiyalar bazarı kökündən dəyişəcək şirkətlər axtarır
 
- Fond riskli layihələrin maliyyələşdirilməsi üçün aparılan seçim zamanı əsas hansı meyarlara üstünlük verir?

- Fikrin dəyərləndirilməsi üçün ekonometrik bir modeldən istifadə edirik. Bura risk faktorları daxildir. Risk faktorlarını azaldan güclü menecment, ideyanın orijinallığı, eyni zamanda ideyanın növbəti illərdə gəlirliliyi nəzərə alınır. İnnovativ ideya olması ilə yanaşı, layihənin gəlir vermə qabiliyyəti də mütləqdir. Məsələn, şirkətə indi sərmayə yatırılır, 5 il sonra artıq şirkətin özünü öz maliyyə xərcləri hesabına saxlaması, eyni zamanda da gəlir gətirməsi əsas götürülür. Ümumiyyətlə, şirkətləri dəyərləndirəndə menecment, yəni “founder”, şirkət yaradıcısının iş qabiliyyəti, onun bazarda əvvəlki təcrübəsi ilə yanaşı, eyni zamanda ideyanın bazarı necə dəyişə biləcəyinə xüsusi diqqət yetirilir. Amerika təcrübəsindən çıxış etsək, yəni distribütiv ideya var, bazara girib, bazarı tamam dəyişir, bu amil önə çəkilir. Məsələn, “Skype”  mobil danışıq bazarını, “Facebook” sosial şəbəkələşməni necə dəyişdisə, bütün vençur sərmayələrində olan investisiyalar da belə şirkətlər axtarır. Yəni şirkət daxil olduğu  bazarı tam dəyişsin, rəqabət mühitində liderlik keyfiyyətlərini nümayiş etdirə bilsin.
 
“MultiBon”un tam innovativliyi ilə seçilməsinin əsas tərəfi odur....
 
- Fond tərəfindən maliyyələşən 5 riskli şirkəti qeyd etdiniz. Onların bazarda fəaliyyəti hazırda hansı mərhələdədir? Risk faktoru baxımından, onların gələcəyini necə dəyərləndirirsiniz?


-“İnfipro İnc.”-in sərmayə yönəltdiyi şirkətlərdən biri “Golden pay”-dir. Fərid İsmayılzadə tərəfindən yaradılan bu şirkət də yeni yaradılanda “start-up” idi. “Golden pay” indi o səviyyəyə gəlib çatıb ki, vençur sərmayələr şirkəti artıq invsetorlar üçün oradan çıxış opsionları üzərində işləyir. Digər şirkət kimi “MultiBon”-un adını çəkmək istəyirəm. Bu, “bonus - cashback” sistemidir. Bu da  çox riskli şirkətdir. Çünki hazırda “bonus - cashback” bazarı çox qızğındır və güclü rəqabətin mövcud olduğu əsas sahələrdəndir. Biz də “MultiBon” şirkətini maliyyələşdirmişik. Amma müəyyən şirkətlər var ki, fəaliyyətə yeni başlayanda ideyası rəqabətə uğramır. Məsələn, “Golden pay” fəaliyyətə başlayanda onun heç bir rəqabəti yox idi. Onlayn ödənişlər qəbul edirdi. O vaxt belə bir ideya olmadığından bu sahədə məhz ilk şirkət “Golden pay” oldu. Amma “MultiBon” böyük rəqabət mühitində fəaliyyətə başlayıb. Bu şirkətin tam innovativliyi ilə seçilməsinin əsas tərəfi odur ki, o, “bonus - cashback” sistemini mobil platforma üzərindən həyata keçirməyə imkan verir.
 
Əllə toxunula bilinməyən şirkətlərə investisiya riski

 
-Vençur fəaliyyəti ilə məşğul olan şirkətlər riskli layihələri maliyyəşdirməklə müəyyən mənada özlərini də risk altına qoyurlar. Bu halda onların özlərinin iflas riskindən qorunması amilinə necə zəmanət verilir?

- Nə üçün “start-up”lar banklara müraciət etmirlər? Banklar şirkətlərə kredit verdikdə aktiv - koleteral görmək istəyirlər. Yeni yaranan, innovativ kadrların yaratdığı şirkətlərdə isə təbii ki, koleteral olmur. Bu, yalnız ideya şəklində formalaşır. Ona görə də banklar belə layihələri maliyyələşdirmək riskini üzərinə götürmürlər. Ancaq “Facebook” sosial şəbəkəsini götürsək, 2008-də “Golden Success” 250 milyon dollar investisiya qaldıranda o şirkətin aqibətinin necə olacağını bilmirdi. Bu investor üçün nə deməkdir? O, çox böyük gəlir gözləyərək riskə gedir, bankların gedə bilməyəcəyi riskə vençur sərmayə şirkəti gedir. Ona görə ki, 1 dollar qoyub, çıxışda 10 dollar götürmək istəyirlər, yəni multiplikator 1-in 10-a, bəzən 1-in 7-yə, bəzən isə hətta 1-in 20-yə nisbətində olur. Ancaq multiplikatorun yuxarı olması onun riskinə birbaşa korrelyasiya verir. Ümumiyyətlə, vençur sərmayə kateqoriyasında hər 10 şirkətə investisiya olunursa, bunun 3-ü super şirkət şəklində investora qayıdır. Yəni bunun 7-si normal fikir olur, 3-ü bəlkə də uğursuzluğa düçar olur. Amma vençur sərmayələri fondunun əsas gəlir mənbəyi olaraq, təqribi 10 şirkətin çıxışda 2-3-nün yüksək gəlirvermə qabiliyyəti olur. Əslində, vençur fondlar risk menecmentliyi ilə məşğul olan strukturlar olurlar. Məsələn, hər hansı ideya tam riskli investisiya sayılır. Amma axtardığımız fikrə baxanda, hər hansı layihəni təhlil etdiyimiz zaman biz ilk növbədə ideyanın innovativliyini, ən sonda isə riskini dəyərləndiririk. Çünki aktivləri əllə toxunula bilinməyən şirkətlərə investisiya etmək deməkdir ki, artıq aktivsiz şirkətə maliyyə yatırımı varsa, bu özü tam riskli iş sayılır. Amma vençur  şirkətlərinin də gəlir yeri odur ki, üzərinə risk götürür, əgər investisiyaya düzgün qərar verilibsə, onlar öz gəlirlərini bir neçə multiplikator müqabilində götürürlər.
 
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL