waplog

“Dövriyyədə olan ödəniş kartlarından vətəndaşların maksimum dərəcədə diqqətli istifadəsi tələb olunur”



İstənilən texnologiyanın həyatımıza gətirdiyi müsbət tərəfləri ilə yanaşı, riskli tərəfləri də mövcuddur. Bankların ATM texnologiyası ilə bağlı son xəbərdarlığı ilə təhlükələrin istisna edilmədiyi bir daha təsdiqini tapdı. Belə ki, Bakı şəhərinin küçə, ticarət və ictimai iaşə obyektlərində quraşdırılan ATM-lərdə kart məlumatlarını oxumağa imkan verən cihazların quraşdırılması halları artıb. Bu cihazlar vasitəsilə fırıldaqçılar ATM-lərə daxil edilən kartların məlumatlarını əldə edərək ordakı vəsaitləri mənimsəmək imkanı qazanırlar. İstifadəçiləri, müştəriləri ATM-dən istifadə zamanı sayıq olmağa çağıran banklarla bərabər "Rabitə dünyası" da "Azərpoçt" MMC-də Plastik kartlar şöbəsinin aparıcı mütəxəssisi Elnur Nurəliyevlə birgə vəziyyətə aydınlıq gətirib.
 
"Azərpoçt"un terminallarında bütün "MasterCard" loqolu ödəniş kartlarının ekvayrinqinə başlanılıb
 
Mütəxəssisin sözlərinə görə, 16.04.2010-cu il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank-maliyyə xidmətlərinin göstərilməsi üçün "Azərpoçt" MMC-yə lisenziya verilib. Verilmiş lisenziyaya əsasən, eləcə də, "Azərbaycan Respublikasında İqtisadiyyatın hərtərəfli inkişafına yönəldilmiş sosial-iqtisadi strategiya"ya uyğun olaraq, iqtisadiyyatda nağd hesablaşmaların həcminin azaldılması, nağdsız hesablaşmaların həcminin artırılması siyasətini nəzərə alaraq, "Azərpoçt" MMC ödəniş kartlarının emissiyası vasitəsilə Azərbaycan banklar bazarının mühüm tərkib hissələrindən biri olan plastik kartlar bazarına inteqrasiya edib. Bu məqsədlə 15.06.2010-cu ildə "MilliKart" MMC prosessinq mərkəzi ilə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb: "Hal-hazırda "Azərpoçt" MMC-nin "MasterCard" beynəlxalq ödəniş sisteminə qoşulması prosesi müvəffəqiyyətlə yekunlaşıb və 02.08.2011-ci il tarixli lisenziyaya əsasən, 10.02.2012-ci il tarixindən etibarən "MasterCard" loqolu ödəniş kartlarının emissiyasına və bütün "MasterCard" loqolu ödəniş kartlarının terminallarımızda ekvayrinqinə başlanılıb".
 
4500-dək ödəniş kartı xidmət müddətini başa vurması səbəbindən istehsalatdan kənarlaşdırılıb
 
Mütəxəssis qeyd edir ki, müştərilərin istək və arzularına uygun olaraq, "MasterCard" loqolu ödəniş kartları "Maestro", "MC Standard", "MasterCard Gold", "MasterCard Platinium" olaraq təsnifləndirilib:  "Azərpoçt" MMC müştərilərinin beynəlxalq ödəniş sisteminin imkanlarından yararlanması məqsədi ilə "Visa İnternational" Beynəlxalq ödəniş sistemilə əməkdaşlıq çərçivəsində 12.02.2013 tarixindən etibarən bütün "Visa" loqolu ödəniş kartlarının terminallarımızda ekvayrinqinə şərait yaradılıb. Hal-hazırda 1900-dən çox lokal, 12000-dək "Maestro", 400-dək "MasterCard Standard" tipli əməkhaqqı kartları "Azərpoçt" MMC tərəfindən emissiya edilərək müştərilərə təqdim olunub. Artıq 4500-dək ödəniş kartı xidmət müddətini başa vurması səbəbindən istehsalatdan kənarlaşdırılıb və daha təkmil, beynəlxalq ödəniş kartları ilə əvəzlənib. MMC-nin korporativ müştərilərlə yanaşı, fiziki (70 nəfər) müştəriləri də mövcuddur".
 
94 POS-terminal 14 ATM-lə müştərilərin xidmətində
 
Bununla yanaşı, "Azərpoçt" MMC öz müştərilərinə POS-terminallar (94 ədəd) və ATM-lər (14 ədəd) vasitəsilə xidmət göstərir. E.Nurəliyev deyir ki, 9 ədəd ATM Bakı ərazisində, 1 ədəd Yevlaxda, 1 ədəd Kürdəmir və 3 ədəd ATM isə Gəncə şəhərində quraşdırılaraq müştərilərin ixtiyarına verilib: "POS-terminallar isə respublika üzrə hər bir rayon üçün ən azı bir ədəd olmaqla, Müştəri xidmətləri şöbəsində və kənd poçt şöbələrində quraşdırılıb".
 
Bank işçisi olmayan ixtiyari yerdə maliyyə əməliyyatlarını aparmaq üçün ATM köməyə gəlir
 
ATM-in funksiyalarına gəlincə, o, ödəniş kartlarıyla əməliyyatlar zamanı nağd pulların verilməsi, məhsul, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi və inkassasiya üçün nəzərdə tutulmuş bank avtomatlarıdır. Bundan başqa, ATM kart sahibinə onun hesabının cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız üzərində çıxarış) almağa imkan verir. ATM müştəriyə bank işçisi olmayan ixtiyari yerdə maliyyə əməliyyatlarını aparmağa imkan verən kompüterləşmiş telekommunikasiya mexanizmidir. Müştəri tərəfindən ehtiyat tədbiri kimi xüsusi PİN-kod daxil edilir.
"Azərpoçt"a məxsus ATM-lər tam təhlükəsizlik xidməti ilə təmin olunub
 
Mütəxəssisin sözlərinə görə, MMC-nin "MasterCard" ödəniş sisteminə qoşulması MMC-yə məxsus ATM-lərin banklararası şəbəkəyə qoşulmasına səbəb oldu: "Bu da öz növbəsində müştərilərimizə imkan verir ki, digər bankların ATM-lərindən istifadə edə və hətta ölkədən kənarda olduqda maliyyə əməliyyatı apara bilsinlər. Bu, xüsusilə də səyahət edən müştərilərimiz üçün əhəmiyyətlidir – hətta hesabındakı məbləği xarici ölkənin milli valyutasında nağdlaşdıra bilər. MMC-yə məxsus ATM-lər tam təhlükəsizlik xidməti ilə təmin olunub. Quraşdırılan kameralar vasitəsi ilə müştərilər vəsaitlərini nağdlaşdırarkən təhlükəsizliyini təmin edirik. ATM-lərdən istifadə edərək siz günün 24 saatı ərzində pullarınızı nağdlaşdıra bilərsiniz. MMC-nin mini-ofisi hesab olunan ATM-lərin təhlükəsiz formada işləməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki ATM-lər vasitəsilə bir çox maliyyə işləmələrinin sürətli həyata keçirilməsi, maliyyə əməliyyatlarının operativləşdirilməsi reallaşır və vaxt itkisinin qarşısı alınır. MMC-nin müştərilərinə yüksəksəviyyəli xidmət göstərmək üçün və hesablaşmaları sürətləndirmək üçün prioritet məqsədlərimizdən biri kimi, MMC-yə məxsus ATM-lərin sayının artırılmasına çalışırıq".
 
Plastik kartlarla bağlı çoxlu fırıldaqçılıq üsulları ortaya çıxıb
 
E.Nurəliyev deyir ki, hazırda Azərbaycanda təxminən 5 milyona yaxın insan ödəniş kartı istifadəçisidir: "Qeyd edək ki, kartlara təqaüd, pensiya, əməkhaqqı və onlarca fərqli təyinatlı pullar köçürüldüyündən bu, həm də yeni cinayətkarlıq növlərinin meydana çıxmasına səbəb olur. Yəni plastik kartlarla bağlı çoxlu fırıldaqçılıq üsulları ortaya çıxıb ki, bu hal vətəndaşların külli miqdarda pulunun oğurlanması ilə nəticələnir. Hazırda dövriyyədə olan ödəniş kartlarından vətəndaşların maksimum dərəcədə diqqətli istifadəsi tələb olunur.  Bu, olduqca ciddi məsələdir. Çünki ödəniş kartlarının təhlükəsizliyi təkmilləşdirildikcə kibercinayətkarlar da öz fəaliyyətini "təkmilləşdirirlər". Fırıldaqçılar hesablardan pul çıxararkən müxtəlif "metodlar" tətbiq edirlər".
 
Ən geniş yayılmış üsul – kart oğurluğu
 
Ən geniş yayılmış üsul ödəniş kartlarının oğurlanmasıdır: "Belə ki, oğru uzun müddət ərzində öz qurbanının hərəkətlərini izləyir, o kart sahibini güdür, çalışır ki, onun arxasında gizli şəkildə dayanaraq onun kartla bağlı həyata keçirdiyi bütün əməliyyatları müşahidə etsin. Daha sonra isə oğru konkret addımlara keçir. İkinci üsul isə bankomatlara quraşdırılan xüsusi klaviatura təkrarlayan qurğudur. Bu qurğu bankomatların klaviaturasında yerləşdirilir. Onlar tamamilə klaviaturaların düymələrini təkrarlayır".
 
Saxta klaviatura parolu düymələrin ardıcıllığını yadda saxlayır
 
Yəni vətəndaş kart ilə bağlı əməliyyat keçirdikdə saxta klaviatura parolu düymələri hansı ardıcıllıqla yığdığını yadda saxlayır. Buna görə də vətəndaş kartı daxil etmədən öncə klaviaturanı diqqətlə baxışdan keçirməlidir: "Üçüncü fırıldaqçılıq üsuluna gəlincə, bu, ATM-də yerləşdirilən zərfdir. ATM-in kart oyuğuna fırıldaqçılar xüsusi ölçülü zərf yerləşdirirlər, bu zərf ödəniş kartından azacıq böyük olur. Əgər kartınız bu qurğuya düşərsə, onu geri çıxarmaq mümkün olmayacaq. Bundan başqa, kibercinayətkarlar vətəndaşların kartını videokameralar vasitəsilə də soya bilərlər".
 
Qurbanını izləyən noutbuk
 
Bu tipli "əməliyyat"larda soyğunçu bankomatın yaxınlığında bir yerdə kamera quraşdırır və vətəndaşın apardığı əməliyyatları noutbuk vasitəsilə izləyir. Bütün bunlar olduqca peşəkar formada aparıldığından vətəndaşın xəbəri belə olmur: "Ona görə də müştərilərimiz ödəniş kartlarından istifadə edərkən məsuliyyətli olmalıdırlar".
 
 
Azərbaycanda ödəniş kartı üzərindən oğurluq halları daha çox iki formada müşahidə edilir
 
 
Mütəxəssisin sözlərinə görə, Azərbaycanda ödəniş kartı üzərindən oğurluq halları daha çox iki formada müşahidə edilir. Ya vətəndaşın hansısa tanışına ödəniş kartlarını etibar etməsi, ya da internet üzərindən alış-veriş edərkən əməliyyatların düzgün həyata keçirilməməsi zamanı baş verir. Digər tərəfdən, Azərbaycanda internet üzərindən alış-veriş edilərkən vəsaitlərin oğurlanması hallarına da geniş təsadüf edilir. Bu hal sırf müştərilərin məsuliyyətsizliyi ucbatından baş verir.
Çünki əksər hallarda vətəndaşlar təhlükəsizlik kodu olmayan saytlardan istifadə edirlər ki, bu da kibercinayətkarlar üçün əsl fürsət sayılır: "Ona görə də müştərilərimizə tövsiyəmiz odur ki, xüsusi təhlükəsizlik kodu (http/https) olmayan internet mağazalardan alış-veriş etməsinlər. Eyni zamanda, ödəniş kartıyla alış-veriş edən zaman "SMS xəbərdarlıq" xidmətinə qoşulsunlar ki, hər dəfə xərclədikləri vəsait barədə onlara məlumat gəlsin".
 
"Azərpoçt" müştərilərinin qeyri-qanuni hərəkətlərdən qorunması üçün tövsiyələr
 
E.Nurəliyev hesab edir ki, "Azərpoçt" MMC-nin müştəriləri özlərini və ödəniş kartlarını qeyri-qanuni hərəkətlərdən qorumaq üçün qeyd olunan sadə təhlükəsizlik qaydalarına riayət etmələri kifayətdir. Belə ki, "SMS xəbərdarlıq" xidmətinə qoşulmaqla yanaşı, kartı nəzarətsiz saxlamayın, məsələn, maşında, restoranda masanın üstündə və s. Bank kartlarını nağd vəsaitlər kimi qoruyub saxlamaq vacibdir. PİN-kodu, CVV2/CVC2/CID/CSC kodunu və kartın nömrəsini kənar şəxslərə deməmək; PİN-kodu kartın üzərinə yazmamaq; kartı PİN-zərflə bir yerdə saxlamamaq və daşımamaq; kənar şəxslərə kartı verməmək və onlara əməliyyat həyata keçirməyi həvalə etməmək; ticarət və xidmət məntəqələrində ödəniş apararkən kartı qətiyyən nəzərdən qoymamaq; əməliyyatın kart sahibinin iştirakı ilə aparılmasını tələb etmək; əməliyyatdan sonra kart müştəriyə qaytarıldıqda, əsl kartın qaytarılmasına əmin olmaq da bu qaydaların tərkib hissəsidir.
 
"Əks halda hesabınızdan ikiqat məbləği çıxarda bilərlər"
 
Bundan başqa, POS-terminallardan çıxan çekləri (slipləri) imzalamadan öncə, onların üzərində olan məlumatların dürüst əməliyyatı əks etdirdiyinə əmin olmaq da önəmlidir: "Doldurulmamış sənəd imzalamayın. Qəbzi imzalayaraq bütün boş yerlərdə xətt çəkin. Bununla siz kassiri qəbzə artıq məbləğ yazmaq arzusundan, özünüzü isə hesabınızdan artıq məbləğin çıxarılmasından qurtaracaqsınız. POS-terminallardan başqa kənar cihazlar vasitəsilə kartın oxunmasına icazə verməmək də vacibdir. Qəbz səhv yazıldığı zaman onun ləğv edilməsini tələb edin. Əgər yeni qəbzin yazılmasında səhvə yol verilib və sizə yeni qəbzin yazılmasını təklif edirlərsə, səhv olan qəbzin ləğv edilməsini xahiş etməkdən çəkinməyin. Əks halda, hesabınızdan ikiqat məbləği çıxarda bilərlər".
 
ATM-lərin kart qəbul edən hissələrində şübhəli əlavə cihaz və qurğuların olmamasına diqqət!
 
E.Nurəliyev ATM-lərin kart qəbul edən hissələrində şübhəli əlavə cihaz və qurğuların olmamasına diqqət yetirilməyi də vacib sayır. Əks halda, qətiyyən əməliyyat həyata keçirilməməlidir. Şübhə doğuran ATM-lərdə, kart qəbulu məntəqələrində və internet səhifələrində əməliyyat həyata keçirilməməsi tövsiyə edilir. Kart itirildikdə, yaxud oğurlandıqda dərhal "MilliKart" MMC-nin "Call Center" xidmətinə xəbər verib kartı bağlatdırmaq lazımdır. Müntəzəm olaraq, müştərisi olduğunuz filiallardan hesabdan çıxarış əldə etməklə kart hesabına nəzarət etmək; xərcləriniz barədə aldığınız hesab cıxarışlarını özünüzdə olan hesab surətləri ilə tutuşdurmaq önəmlidir. Fərq olduğu təqdirdə MMC-yə müraciət edin. Kart nömrəsini, "Azərpoçt" MMC-nin müvafiq filialının və "MilliKart" MMC-nin "Call center" xidmətinin telefon nömrələrini qeyd edib həmişə özünüzdə saxlamalısınız. İmkan dairəsində şübhəli hallar haqqında "Azərpoçt" MMC-nin müvafiq filiallarına xəbər verməyiniz məsləhətdir".     
 
 
Əməliyyatlara təhlükə yaradan riskli ölkələr
 
Mütəxəssisin sözlərinə görə, risk dərəcəsinə aid olan ölkələrdə əməliyyatlar apararkən xüsusilə diqqətli olmaq lazımdır. Bura aid bölgələrə Afrika, Cənubi Amerika, Cənub-Şərqi Asiya, Şərqi Avropa aiddir: "Telemarketinq, lotereya, reklam aksiyalarında iştirak üçün kartın nömrəsini heç kimə verməmək; internet şəbəkəsində ödənişlərin edilməsi üçün ayrıca internet kartı əldə etmək və bu kartın hesabına ödənişlərin məbləğləri çərçivəsində vəsait mədaxil etmək tövsiyə edilir. PİN-kodunuzu alarkən onu əzbərləyin. PİN-kodunuzu heç vaxt kartın üzərində yazmayın. Əgər PİN-kodunuzu yadda saxlaya bilmirsinizsə, kartla kodu ayrı-ayrı yerlərdə saxlayın. Bu, onların birlikdə itməsinin və ya oğurlanmasının qarşısını ala bilər və pulunuzun hesabınızda toxunulmaz vəziyyətdə qalmağının zəmanəti olacaq".
 
ATM-lə iş görərkən ləngiməyin
 
ATM-lə iş görərkən ləngiməyin, pulları çıxardıqdan sonra kartı kartriderdə qoymayın: "Çünki bu halda kartınız ATM tərəfindən təhlükəsizlik məqsədləri üçün saxlanılacaq. Çalışın, bankomatdan çıxardığınız pulları gözə göstərməyəsiniz.  Bankomatın qarşısında pulları saymağa ehtiyac yoxdur. Maşın səhv etmir. Lakin ətrafınızda olanlara pul kisəsi unudulmaz təəssürat göstərərək ən acı nəticələrə gətirib çıxara bilər. ATM-də heç kimə etibar etməyin, hətta bu şəxs ATM-ə xidmət göstərən işçi olsa belə. Çalışın, tanımadığınız saytlarda özünüz və kartınız haqqında heç bir məlumat yazmayasınız. Saytın "ucuz" dizaynı, minimal məlumatı, saytın məzmununun fəaliyyətinə uyğun olmaması, işləməyən linklər və xidmətlərin olması, kartın məlumatlarının mağazanın saytına daxil edilməsi sizə ehtiyatlı olmağınızdan xəbər verir".
Bunu etməyə dəyərmi?
 
Baxın ki, ödəniş etmək istədiyiniz təşkilat harada yerləşir: "Əgər onun ünvanı yoxdursa və ya o sizdə etibar doğurmursa, ödəniş etməkdən əvvəl düşünün: "Bunu etməyə dəyərmi?" Böyük məbləği olan kartlardan internet vasitəsilə ödənişlər üçün istifadə etməyin. "Call center" xidməti 24 saat xidmətinizdədir. Əlaqə nömrəsi isə 012 431 22 02-dir. Bu qaydalara riayət olunması sizə "Azərpoçt" MMC-nin ödəniş kartlarının istifadəsində yalnız həzz verəcək. Kartla səhlənkar rəftar edilmə və yuxarıda qeyd olunan müddəaların yerinə yetirilməməsi səbəbindən yaranan xoşagəlməz hallara görə məsuliyyət kart sahibinin üzərinə düşür". 
 
 
"Azərpoçt" məsuliyyəti müştərilərin öhdəsinə buraxmadan adekvat tədbirlər görür
 
Amma "Azərpoçt" MMC bu sahədə bütün məsuliyyəti müştərilərinin öhdəsinə buraxmadan, yuxarıda sadalanan yarana biləcək problemlərin qarşısının alınması üçün dayanmadan adekvat tədbirlər görür. Belə ki, ekvayrinq sahəsində, fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması, müştəri məmnunluğunun təmin edilməsi, risklərin azaldılması, təhlükəsizliyin artırılması məqsədilə "Azərpoçt" MMC-yə məxsus olan ATM-lər tam təhlükəsizliyi təmin edən iki müşahidə kamerası ilə təhciz edilən və 24 saat təhlükəsizliyi təmin olunan "Azərpoçt" MMC-yə məxsus ərazilərdə quraşdırılıb: "Maliyyə itkisinin qarşısının alınması, POS-terminallardan və internet üzərindən keçən nağdsız əməliyyatlarda təhlükəsizliyin artırılması, müştəri məmnunluğunun təmin edilməsi məqsədilə "Azərpoçt" MMC və "MilliKart" MMC arasında bağlanmış müqaviləyə əsasən, 24 saat fəaliyyət göstərən "Call centre" müştərilərə xidmət göstərir. Beynəlxalq təcrübənin tətbiqi, ödəniş kartları ilə aparılan əməliyyatlarda yüksək təhlükəsizliyin təmin edilməsi məqsədilə, "Azərpoçt" MMC-yə məxsus ödəniş terminalları və ödəniş kartlarında EMV (çip) texnologiyalarına keçid prosesi "MasterCard", "MilliKart" MMC və "Azərpoçt" MMC-nin qarşılıqlı fəaliyyəti əsasında hal-hazırda həyata keçirilməkdədir. Hal-hazırda müştərilərə aid ödəniş kartlarından aparılan əməliyyatlarda şəffaflığın, müştəri məmnunluğunun təmin edilməsi, yarana biləcək maliyyə itkisinin qısa müddətdə adekvat tədbirlər nəticəsində daha böyük maliyyə itkilərinə yol verilməməsi məqsədilə "Azərpoçt" MMC-də "SMS xəbərdarlıq" xidməti təşkil edilib və müştərilərin istifadəsinə təqdim edilib".
 
İnternet üzərindən keçən ödənişlərdə "3D Card Security" təhlükəsizlik texnologiyasının "Azərpoçt" MMC-də tətbiqi planlaşdırılır
 
Yaxın gələcəkdə internet üzərindən keçən ödənişlərdə "3D Card Security" təhlükəsizlik texnologiyasının "Azərpoçt" MMC-də tətbiqi planlaşdırılır. ATM-lərdə GPS izləmə - Yaxın gələcəkdə ATM-lərdə "fiziki oğurluq" (ATM-lərin fiziki oğurluğu deyərkən onların yerləşmiş olduqları yerlərindən qeyri-qanuni olaraq müxtəlif alətlərdən istifadə etməklə zorla çıxarılması, qaçırılması, kəsilməsi, deşilməsi və s. başa düşülür) hallarından sığortalanmaq üçün beynəlxalq təcrübədə geniş istifadə edilən, lakin respublikamızda çox az bankda olan bu yeni xidmətdən istifadədə maraqlıdır: "ATM-ə xüsusi bir GPS cihazı quraşdırılır. Bu GPS cihazının göndərdiyi siqnallar vasitəsilə bank dəqiq rəqəmsal xəritə üzərindən ATM-i rahat bir şəkildə izləyə bilir. ATM-lərin pul yerləşdirilən xəzinəsinin seyf qapısına xüsusi sensor yerləşdirilir. Beləliklə, ATM-in xəzinə qapısının hər açılış və qapanışı xüsusi xəbərdarlıqla sistemə düşür. Bank rahatlıqla ATM-in xəzinə qapısının nəzərdə tutulmuş açılışlarından (ATM-ə pul əskinaslarının qoyulması, ATM-in təmirə dayanması və s.) kənar hər hansı bir açılışından anındaca xəbər tutmaq imkanı əldə etmiş olur".
 
ATM qaçırılarsa...
 
Bununla yanaşı, ATM-lərin daxilinə xüsusi zərbə-təsir sensorları yerləşdirilir. Beləliklə, ATM-lərə zərbə vurularsa, güclü sirkələnərsə (qaldırıldıqda, daşınmada), kəsilməyə və deşilməyə cəhd edilərsə, xüsusi sensorla bu haqda banka xəbərdarlıq verilir. ATM-ə xüsusi mikrofon və kamera yerləşdirilir. Bu aksesuarlar ATM-lərə kənardan hər hansı bir təsir anında avtomatik olaraq işə düşür. Onun sayəsində bank rəhbərliyi soyğunçunun görüntüsünü və səsini əldə etmək imkanı qazanır. Bu funksiyalar bank işçilərinə ATM-lərə həqiqətən də təsirin olub-olmadığını aydınlaşdırmağa böyük imkan verir: "Bu, ATM-lərə xüsusi daxili enerji mənbəyinə malik GPS cihazlarının quraşdırılmasıdır. Sabit şərtlər daxilində GPS cihazı ATM-in qidalandığı enerji mənbəyindən qidalanacaq. Hər hansı bir müdaxilə zamanında isə, məsələn, ATM-in yerindən götürülərək qaçırılması, yerinin dəyişdirilməsi və s. hallarda GPS cihazının alternativ enerji mənbəyi işə düşür. Beləliklə, cihaz ATM-in yeri barədə dəqiq məlumatları göndərməyə davam edir. Bank bu halda həm ATM-ə edilmiş müdaxiləni görə bilir, həm də bu müdaxilə nəticəsində ATM-in qaçırıldığı yeri dəqiq rəqəmli xəritə üzərində rahatlıqla izləyə bilir".
 
"Azərpoçt"un ödəniş kartlarını necə əldə etməli?
 
E.Nurəliyevin sözlərinə görə, respublikamızın bazar iqtisadiyyatının sosialyönümlü inkişaf formasının tələblərinə uyğun olaraq, "Azərpoçt" MMC-nin ödəniş kartları bazarında daimi və rəqabətədavamlı olması üçün hər bir layihəsində keyfiyyətə və müştəri məmnunluğunun maksimum dərəcədə təmin edilməsinə çalışır. Bəs "Azərpoçt" MMC-nin ödəniş kartlarını necə əldə edə bilərəm" sualı yaranarsa, mütəxəssis qeyd edir ki, ödəniş kartı almaq üçün MMC-nin istənilən filialına yaxınlaşmaq olar: "Şəxsiyyət vəsiqənizi təqdim edin və müvafiq ərizə formasını doldurun. MMC-nin Plastik Kartlar haqqında tarifinə uyğun olaraq kartın xidmət haqqını, minimal sığorta haqqını ödəyin. Minimal sığorta Xüsusi Kart Hesabına daxil edilir. Kartı alarkən kartın arxa tərəfindəki kağız zolaqda imza edin, PİN-kod olan zərfi alın və onu əzbərləyin. "Azərpoçt" MMC-nin ATM-lərdən, ödəniş kartlarından və POS-terminaldan istifadə qaydaları ilə tanış olun".
 
Üç səhvdən sonra kart bloklanacaq
 
Hər hansı kart rəsmiləşdirilərkən ərizəyə baxılmasına və kartın hazırlanmasına adi qaydada adətən 2 iş günü, təcili qaydada isə bir iş günü sərf edilir. Adi qayda ilə təcili kart əldə etmək arasında tarifdə müəyyən fərqlər var. İlkin minimal sığorta  ödəniş kartı müştəri tərəfindən bağlandıqda müştəriyə qaytarılır: "Müştərilərimiz bunları mütləq bilməlidirlər: kartınız üzərində yazılan ayın son gününədək etibarlıdır. İstifadə müddətinin bitməsi ilə əlaqədar yeni kart almaq arzusundasınızsa, istifadə müddətinin bitməsinə ən azı bir həftə qalmış filiala müraciət etməlisiniz. Nağd pul alarkən müəyyən olunmuş faizlərin tutulacağını unutmayın. Bu əməkhaqqı kart sahiblərinə aid deyildir. PİN-kodunuzu yığarkən diqqətli olun, səhvlərə yol verməyin. Üç dəfə səhv yığdıqdan sonra kartınız bloklanacaq. Belə hallarda dərhal "Call center"ə müraciət edin. Bu, dələduzlar tərəfindən PİN-kodunuzun ələ keçirilməsinə qarşı tərəfimizdən xüsusi təhlükəsizlik tədbiridir. Kompüter sistemi ilə avtomatik rejimdə seçilmiş PİN-kod müştəriyə kartla birlikdə bağlı zərfdə verilir. Bu PİN-kodu hətta müəssisəmizin işçiləri də bilmir. PİN-kod kart hesabınızda olan vəsaitlərinizlə əməliyyat aparmaq imkanı verən dörd rəqəmli gizli koddur. Kartınız itirildikdə və ya oğurlandıqda, yeni kartla təmin olunsanız belə, hesabınızdakı məbləğ olduğu kimi qalır".
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL