waplog

İTİDF-in qrant müsabiqələrində ixtira xarakterli layihələrə üstünlük veriləcək



İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) keçirəcəyi qrant müsabiqələrinin keçirilməsi qaydalarına Müşahidə Şurası tərəfindən baxılır.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, qaydalara görə,  müsabiqədə iştirak üçün yaş həddi qoyulmur. Müsabiqəyə təqdim edilən layihə rəhbəri Azərbaycan vətəndaşı olmalıdır.

Müsabiqədə bir qayda olaraq İKT sahəsi üzrə ixtisaslaşmış kiçik sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək innovativ və elmi-texniki layihələrə üstünlük veriləcək.

Müsabiqədə iştirak edəcək layihələrin məqsəd və vəzifələri aydın olmalı, ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə və layihənin kommersiyalaşdırılma potensialı və əsaslandırılmış ideyası olmalıdır. Orijinallıq, ixtiranın mövcudluğu, patent alma ehtimalı  da layihədə üstünlük verə biləcək amillərdir.
 
Layihələr, eyni zamanda, Azərbaycanın iştirak etdiyi beynəlxalq və regional layihələrin icrasında da  effektiv rola malik olmalıdır. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləği məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılmalıdır.

Müsabiqə haqqında elanlar kütləvi və elektron informasiya vasitələrindən (Fondun internet saytı və digər müvafiq internet resursları, informasiya agentlikləri, televiziya, radio, mətbu nəşrlər və s.) istifadə edilməklə və təqdimat tədbirlərinin keçirilməsi yolları ilə təqdim ediləcək.

Bir qayda olaraq eyni şəxs elan olunmuş müsabiqə çərçivəsində təqdim olunan layihələrin yalnız birində icraçı və ya rəhbər qismində çıxış edə bilər. Xüsusi və ciddi əsaslandırılmış hallarda eyni şəxs hər cari müsabiqə elanı üzrə iki layihədən birində rəhbər qismində, digərində iştirakçı statusunda iştirak edə bilər.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL