waplog

Azərbaycanda virtual məkana, xüsusilə də “Vikipediya”ya böyük maraq var


"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən "VikiHərəkat" çərçivəsində ilk təlim artıq başa çatıb. Bir təlimçi kimi, şəxsən mənim üçün bu təlimin böyük əhəmiyyəti oldu. İştirakçıların "Vikipediya"ya olan maraq və diqqətlərindən çox məmnun oldum. Bu təlim bir daha sübut etdi ki, Azərbaycanda virtual məkana, xüsusilə də "Vikipediya"ya böyük maraq var". Bu fikri təlimçi Tərxan Paşazadə bildirib. T.Paşazadənin sözlərinə görə, cəmiyyətimizin inkişafında viki layihələrin rolu gündən-günə artmaqdadır: "Biz bu istiqamətdə fəaliyyətimizi könüllü olaraq böyük həvəs və zövqlə təkmilləşdirib, inkişaf etdiririk".
 
 
Qeyd edək ki, gənclərin "Vikipediya" bacarıqlarının inkişaf etdirilməsinə yönələn ilk təlimlər sentyabrın 21-22-də Bakı şəhərində keçirilib. Xaçmaz, Lənkəran, Neftçala, Ucar, Sabirabad, Şirvan, Gəncə və digər regionlardan olan iştirakçılar iki günlük təlim çərçivəsində "Vikipediya"nın müxtəlif aspektlərinə dair bacarıqlar əldə edib, öyrəndikləri nəzəri bilikləri praktiki tapşırıqlarla möhkəmləndiriblər.
 
"Vikipediya"nın Azərbaycan dili bölməsinin idarəçiləri tərəfindən keçirilən təlimdə təlim vəsaiti kimi "Vikipediyaçıların masaüstü kitabçası" istifadə edilib. "VikiHərəkat" çərçivəsində regionlarda keçiriləcək təlimlər oktyabr-noyabr aylarında baş tutacaq. İlin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və "Vikipediya" kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə "Vikipediya" könüllülük hərəkatının yayılmasından ibarətdir.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL