waplog

Azərbaycanın strateji inkişaf xətti innovativ təfəkkürlü intellektual gənclik qarşısında yeni vəzifələr qoyur


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə ilk təqdim olunan "Yerin daxili strukturlarının və dinamikasının təkamülündə deformasiya proseslərinin rolu" adlı məruzənin əhəmiyyətindən danışıb.

AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, akademik qeyd edib ki, Qafqaz regionu geodinamik proseslərin və seysmik risklərin geniş yayıldığı zonadır. Bu baxımdan, Geologiya İnstitutunun alimləri bu istiqamətdə tədqiqatlarını genişləndirir, mühüm elmi nəticələr əldə edir. 
 
 
Həmin nəticələri əhatə edən məruzə ilə bağlı Geologiya İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev çıxış edib: “Son illər institutda aparılmış tədqiqatların nəticələrinə görə, Yerin təkamülündə daxili dinamikanın bir sıra prosesləri ya deformasiyaların ciddi rol oynadığı təbii mexanizmlər üzrə baş verir, ya da onlarla müşayiət olunur. Bu cür deformasiya proseslərinin müasir modellərdə nəzərə alınması Yerin müxtəlif dərinliklərində maye nüvə ilə bağlı olmayan alternativ enerji və ərinmiş kütlə mənbələrinin mövcudluğu və bu mənbələrdən kütlə axınlarının başvermə mexanizmləri haqqında əsaslı elmi mövqeyi müəyyən etməyə imkan verib”.
 
Əldə olunmuş nəzəri nəticələr Rəyasət Heyəti tərəfindən əhəmiyyətli hesab olunub və bəyənilib. Geologiya İnstitutunda Yerin təkamülünün müasir modellərinin yaradılması istiqamətində elmi tədqiqatların genişləndirilməsi və həyata keçirilməsi tövsiyə edilib.
Müzakirəyə təqdim olunan növbəti məsələ AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası barədə olub. Akademik A.Əlizadə bildirib ki, son zamanlar akademiyada həyata keçirilən islahatlar həmçinin gənclərin intellektual potensialının inkişafı, onların daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi siyasətinə xidmət edir.
 
 “Elmi fəaliyyət sahəsindəki islahatların əsas hərəkətverici qüvvəsi gənclik olmalıdır” deyən AMEA rəhbəri vurğulayıb ki, akademiyada gənclərlə bağlı mövcud təşkilati strukturlar və ənənəvi iş prinsipləri qeyd olunan məqsədlərin reallaşdırılmasına imkan vermir. Bu, onların fəallığının artırılması və irəli sürdükləri təşəbbüslərin dəstəklənməsi üçün əsaslı təşkilati islahatların həyata keçirilməsi zərurətini meydana çıxarıb.
 
 AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü, professor Rasim Əliquliyev xatırladıb ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasında vətəndaş cəmiyyətinin inkişafı, xüsusən də biliklər cəmiyyətinin qurulması müasir Azərbaycanın strateji inkişaf xətti olaraq müəyyənləşdirilib:
 
“Qloballaşan dünyanın yeni çağırışları və ölkəmizdə biliklər cəmiyyətinin qurulması zərurəti Azərbaycan gəncliyinin avanqardı olan innovativ təfəkkürlü intellektual gənclik qarşısında tamamilə yeni tələblər irəli sürür. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, onların daha geniş miqyasda intellektual fəaliyyətə cəlb edilməsi, elm, təhsil və yeni texnologiyalara marağının artırılması bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini, gənc alim və mütəxəssislərlə fəaliyyət sahəsində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqini tələb edir. Hazırda akademiya struktur islahatları çərçivəsində gənc alim və mütəxəssislərin intellektual və yaradıcı potensialının inkişafını daha geniş miqyasda təmin etmək niyyətindədir”.
 
 
Bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi zərurətinin yarandığını söyləyən R.Əliquliyev AMEA-nın müəssisə və təşkilatlarında Gənc Alim və Mütəxəssis şuralarının təsis olunmasının vacibliyini vurğulayıb. Məsələ Rəyasət Heyəti tərəfindən bəyənilib və  Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması tövsiyə olunub.  
 
AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərlərinə bu il noyabrın 30-dək Gənc alim və mütəxəssis şuralarının yaradılması tapşırılıb. Dekabr ayının 31-dək isə həmin şuraların səlahiyyətli nümayəndələrinin iştirakı ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağının keçirilməsi nəzərdə tutulur. Digər bir qərarla isə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin fəaliyyətinə xitam verilib.
 
 
Həqiqət İSABALAYEVA
 

 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL