waplog

Analoq, rəqəmli və IP-televiziyanı birləşdirən era



 
IPTV istifadəçilərə və operatorlara getdikcə daha çox imkanlar yaradacaq
 
Bugünkü texnoloji inkişafın sayəsində dünya televiziyanın yeni nəslinə doğru irəliləməkdədir. Amma bu gün televiziyanın 3 nəslinin eyni zamanda fəaliyyəti dönəmini də yaşayırıq: analoq televiziya tam ortadan qaldırılmayıb, rəqəmli televiziyaya keçid tamamlanmayıb, IPTV isə artıq astanadadır.   
 
İstifadəçinin imkanlarını məhdudlaşdıran televiziya
 
Yeni nəsil televiziyalar barədə “Rabitə dünyası”na məlumat verən “Smartek” şirkətindən bildirilib ki, dünyada, əsasən də Azərbaycanda insanlar daha çox rəqəmli televiziyaya üstünlük verirlər: “Analoq TV ilə müqayisədə onun müəyyən üstünlükləri var. Bu da təsvirin və səsin daha yüksək keyfiyyətində özünü göstərir. Fərq burasındadır ki, retranslyatorlardan, gücləndirici və kabellərdən keçərkən, analoq siqnalı təhrif olunur, rəqəmli isə yox. Buna görə də rəqəmli televiziyada təsvir son dərəcədə realdır. Elə təəssürat yaranır ki, sanki açıq pəncərədən baxırsınız. Bundan əlavə, HD proqramlar və filmlər genişekranlı 16:9 formatında ötürülür, bu da kəsilmiş yox, tam təsvirdən zövq almağa şərait yaradır. Amma rəqəmli televiziya hələ də istifadəçinin imkanlarını məhdudlaşdırır. Biz əvvəlki kimi, yalnız operatorun bizə təqdim etdiyinə baxa bilərik. Əlçatanlıq idarəetmə kanallarının çevrilməsi ilə məhdudlaşır”.
 
Onlar da narahatdır
 
Şirkət mütəxəssislərinin fikrincə, müəyyən narahatçılıqları operatorlar da keçirir: “Onlar inkişaf və gəlirin artırılması yollarına sahib deyillər, başlıca gəlir mənbəyi isə abunə haqqıdır. Televiziyanın yeni nəsli - IPTV - operatorlara və son istifadəçilərə geniş imkanlar təqdim edir”.
Təbii ki, yeni nəsil televiziya tam genişlənmədiyindən azərbaycanlı tamaşaçıya yad olan bu termin “IPTV nədir” sualını ortaya qoyur. IPTV texnologiyası (Internet Protocol Television) (IPTV, IP-televiziya) - lokal şəbəkə ilə ötürülən, məlumatların ötürülməsinin yüksək sürətini təmin edən interaktiv televiziyadır. Bunun sayəsində, IPTV mükəmməl keyfiyyətli video və səs yayımlamağa şərait yaradır. Bundan əlavə, IPTV abunəçilərə kontent sifariş verməyə və onun yayımını idarə etməyə imkan yaradır.
 
Operator öz filmotekasını necə rentabelli edə bilər?
 
Əgər əvvəlki nəsil televiziya operatorlar üçün narahatlıq yaradırdısa, IP-televiziya əksinə, bir sıra üstünlüklərə yol açır. Şirkətin mütəxəssisləri qeyd edirlər ki, IP-televiziya operatorları böyük qənaət imkanını təmin edən və əlavə gəlir mənbələri təqdim edən bir sıra üstünlüklərə sahibdirlər: “Şəbəkəyə qeyri-leqal qoşulmalardan yaranan itkilərin azalması qənaətə zəmanət verir. Belə ki, peyk və ya kabel televiziyasından fərqli olaraq, IPTV operatoru şəbəkəyə qoşulmaların sayına tamamilə nəzarət edir. Gəlirə qaldıqda isə, operatorun öz abunəçilərinə təklif edə biləcəyi bütün dünyada populyar bir çox ödənişli servislər mövcuddur. Onlardan ən geniş yayılanlarını sadalayan qurumdan qeyd edilib ki, bunlardan biri “Video on Demand” (VoD) xidmətidir. Onun mahiyyətinə gəlincə, abunəçi fərdi qaydada operatorun VoD serverin kitabxanasında saxlanılan istənilən filmə baxmaq üçün sifariş verə bilər: “Özü də filmə baxış zamanı abunəçilərə pauza və filmin fırladılması kimi imkanlar yaradılacaq. Onu da qeyd edək ki, VoD serverin həcmi adətən kifayət qədər böyük olur ki, orada HD keyfiyyətli yüzlərlə film saxlanıla bilsin. Abunəçilərin üstünlük verdiklərini araşdıraraq (məsələn, müəyyən kateqoriyalı filmlərin sifariş tezliyi və ya adi sorğu metodu ilə), operator öz filmotekasını maksimal rentabelli edə bilər”.
 
Abunəçi yayımlanan televiziya verilişinin vaxtını özü təyin edə bilər
 
Digər xidmət “near Video on Demand” (nVoD)  xidmətidir: “Bu xidmət əvvəlkindən onunla fərqlənir ki, eyni vaxtda bir çox abunəçilərə təqdim edilir. Abunəçilərin istəklərini nəzərə alaraq, qabaqcadan kinofilmlərin yayımlanma proqramı tərtib edilir. Sonra seçilmiş filmlər cədvəl üzrə yayımlanır, abunəçi isə proqramla tanış olduqdan sonra müəyyən filmə baxışı öncədən planlaşdırmaq imkanına sahib olur”. “Time Shifted TV” xidməti sayəsində isə abunəçi yayımlanan televiziya verilişini vaxt baxımından “sürüşdürə” bilər. Yəni pauzada saxlaya bilər və ya bəyəndiyi ya da qaçırdığı məqama yenidən baxmaq üçün geriyə fırlada bilər. “TV on Demand” (TVoD) xidmətinə gəlincə, bu, “Video on Demand” (VoD)  xidmətinə analojidir, amma televiziya verilişlərinə qarşı tətbiq edilir.  Abunəçi müəyyən verilişləri sifariş verə bilər. Belə ki, onlar TvoD-serverə yazılacaq və sonradan personal yayımlanma imkanı olacaq.
 
Klaviatura vasitəsilə birbaşa televizor ekranından internetdə işləmək imkanı
 
Operatorların təklif edə biləcəyi daha bir ödənişli xidmət “Personal videomaqnitofon” (NPVR) adlanır. Bu servis sayəsində abunəçi televizorun ekranından kontenti müstəqil şəkildə yaza və ona özünə rahat bir vaxtda baxa bilər. Yazılmış kontent operatorun serverində saxlanılır, ona giriş yalnız kontentin sahibinə məxsusdur. “Videomüşahidə” kanalına gəlincə, IPTV-dən yaşayış komplekslərində və ya mehmanxanalarda istifadə edərkən, abunəçi elə bir xidmət sifariş verə bilər ki, ona əsasən, bəzi telekanalların əvəzinə videomüşahidə kanallarının yazıları yayımlanacaq. Məsələn, qarajda və ya uşaq meydançasında quraşdırılmış kameralara baxışı sifariş vermək olar. “İnternet brauzinq” servisi isə xüsusi klaviatura vasitəsilə birbaşa televizorun ekranından internetdə işləməyə imkan yaradır. “Yüksəksürətli internet”- adından da göründüyü kimi, lokal şəbəkədən istifadə etməklə, operatorlar abunəçilərə internet şəbəkəsinə yüksəksürətli giriş təqdim edə bilərlər.
 
 
5 dəfə daha dəqiq təsvir
 
IP-televiziyanın abunəçilər üçün üstünlüklərinə gəlincə, rəqəmli təsvir keyfiyyətinə (analoq televiziyası ilə müqayisədə təsvir 5 dəfə daha dəqiqdir) və əla stereo səsə (Dolby Digital 5.1 formatı) malik onlarla kanalların gecə-gündüz yayımlanması, peykdən və ya internet-resurslardan yenilənən interaktiv teleproqramlara baxış imkanı bu sıradandır. Eyni zamanda telekanallara həm kompüterdə, həm də televizorda baxmaq olar. Bir çox kanallarda səs cığırını bir anda dəyişmək olar ki, məsələn, filmə orijinal dilində baxmaq mümkün olsun. Bundan əlavə, IP-televiziya bir sıra ödənişli servislərə giriş imkanına da sahibdirlər. “Video on Demand” (VoD) – “Sorğu üzrə video” üzrə abunəçi fərdi baxış üçün operatorun geniş videotekasından istənilən filmi sifariş edə bilər. “near Video on Demand” (nVoD)  üzrə isə abunəçi operator tərəfindən öz istifadəçiləri üçün yaradılmış xüsusi kanala abunə yazıla bilər ki, burada onların sevimli filmləri yayımlanacaq.
“Time Shifted TV” – “Vaxtı sürüşdürülmüş televiziya” xidməti üzrə isə abunəçi onlayn yayımlanan istənilən verilişi pauzada saxlaya bilər və hətta bəyəndiyi məqama yenidən baxmaq üçün geriyə fırlada bilər.
 
Abunəçilər şəbəkəarası oyunlara da imkan tapacaq
 
“TV on Demand”la abunəçi müəyyən verilişləri sifariş verə bilər və onlar TvoD-serverə yazılacaq və sonradan personal yayımlanma imkanı olacaq. “Personal videomaqnitofon” (NPVR) xidməti ilə abunəçiyə televizorun ekranından kontenti müstəqil şəkildə yazmaq və ona özünə rahat bir vaxtda baxmaq imkanı yaradılır. “Personal fayl anbarı” servisi abunəçilərə operatorun serverində müəyyən məbləğ müqabilində yer ayrılmasını özündə kəsb edir. Abunəçilər öz virtual “xanalarında” şəxsi fayllarını saxlaya bilərlər. “Şəbəkə oyunları”- “Ethernet” şəbəkəsi abunəçilər arasında şəbəkəarası oyunlar təşkil etməyə imkan yaradır. “Çatlar, səsvermələr” əvvəlkinə analoji servisdir, yalnız oyunların əvəzinə abunəçilərə lokal şəbəkənin digər iştirakçıları ilə maneəsiz söhbət aparmaq imkanı yaradılır. “İntellektual sistemləri idarəetmə” servisi üzrə isə IP-şəbəkənin resurslarından istifadə etməklə abunəçilər binada quraşdırılmış və idarəetmə üçün əlçatan olan “ağıllı” sistemləri idarə edə bilərlər.
 
IPTV-dən istifadə üçün “Set-Top-Box” qurğuları tələb olunur
 
Bəs IPTV istifadəçisinə necə çevrilmək olar? IP- televiziyanın arxitekturası haqda da məlumat verən “Smartek”dən bildirilib ki, IPTV proyektini işə salmaq üçün bir neçə komponentdən ibarət olan baş stansiya və müştəri avadanlığı tələb olunur. Baş stansiyaya IP-strimerlər (peyk, kabel və ya efir TV-siqnalını qəbul edən və lokal IP-şəbəkəyə retranslyasiya edən qurğular), “Middleware” (abunəçi tərəfindən IPTV servislərinin idarə edilməsi üçün aralıq proqram təminatıdır), abunəçi bazasını aparmağa, giriş kartlarını idarə etməyə, tarif planlarının məlumat kitabçasını yaratmağa və s. imkan verən “Billinq sistemləri” (Subscriber Management System, SMS) daxildir. Bundan başqa, baş stansiya “Video on Demand” və “near Video on Demand” xidmətlərini həyata keçirmək üçün zəruri olan  filmlər bazasını saxlamaq üçün nəzərdə tutulmuş VoD/nVoD serverləri, teleproqramların yazılışı və sonradan “TV on Demand” və “Time Shifted TV” xidmətinin göstərilməsi üçün nəzərdə tutulmuş “TVoD/Time Shifted TV” serverləri, Müəyyən xidmətlərə abunə yazılmış abunəçilərə giriş açarı paylanmasını idarə edən kontent gizlətmə sistemlərindən  (CAS) ibarətdir.
Müştəri avadanlığına gəlincə, abunəçilər tərəfindən televizorda IPTV-nin istifadə edilməsi üçün xüsusi “Set-Top-Box” (STB) qurğuları tələb olunur: “Onlar “Middleware” sistemi, şəbəkədə kontent mənbələri və abunəçinin televizoru arasında əlaqələndirici halqadır.
 
IPTV hələ də inkişaf prosesini keçir
 
Qurğu IP üzrə siqnalı qəbul edir və onu televizorun dəstəklədiyi formata çevirir, bununla da müştərinin tərəfində dekoder qismində çıxış edir. Ayrılıqda hər bir televizor üçün ayrıca qurğu tələb olunur”.
Hələlik isə analoq, rəqəmli və IP-televiziyanı birləşdirən erada şirkətdən də qeyd edildiyi kimi, IP-televiziya inkişaf prosesini keçir: “Bu proses faktiki olaraq sonsuzdur. Dünya miqyasında texnologiyalar təkmilləşdirildikcə və abunəçi bazası genişləndikcə, IPTV son istifadəçilərə və operatorlara getdikcə daha çox imkanlar yaradacaq”.
 
Həqiqət İSABALAYEVA



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL